İyulun 19-da başlayan və bu gün başa çatacaq III Şuşa Qlobal Media Forumu bütün dünyada böyük maraqla izlənməkdədir. “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyinin prezidenti Səmyar Abdullayevlə söhbətimizdə bu Forumun qlobal əhəmiyyətini və tarixi-siyasi önəmini şərh etməyə çalışdıq.
-Səmyar bəy, III Şuşa Qlobal Media Forumu və bu Forumun əhəmiyyətini necə qiymətləndirirsiniz?
-III Şuşa Qlobal Media Forumu istər miqyas, istərsə də mahiyət baxımından mühüm əhəmiyyət kəsb etməkdədir. Bu Forum hər şeydən öncə 44 günlük Vətən müharibəsində qalib gələn, öz ərazi bütövlüyünü bərpa edən, işğaldan azad edilən ərazilərdə böyük quruculuq işləri həyata keçirən Azərbaycanın dünyaya sülh, ədalət və həmrəylik çağırışıdır.
Azərbaycan III Şuşa Qlobal Media Forumu vastəsilə yalnız öz həqiqətlərini dünyaya çatdırmadı. Ölkəmiz həm də beynəlxalq aləmdəki reallıqları, mövcud problemləri və bu problemlərin həlli yollarını beynəlxalq ictimaiyyətin, dünya dövlətlərinin diqqətinə çatdırdı. Dünya mediasında III Şuşa Qlobal Media Forumuna olan maraq, Forumda dünyanın 52 ölkəsindən nümayəndələrin iştirakı onun tarixi-siyasi əhəmiyyətinin ən böyük isbatıdır. Bu mənada III Şuşa Qlobal Media Forumu və bu Forumda müzakirə edilən məsələlərin hələ uzun müddət beynəlxalq ictimai rəydə, qlobal media platformasında öz aktuallığını qoruyub saxlayacağı birmənalıdır.
-Səmyar bəy, Forumda Azərbaycan Respublikasının Prezidenti, Mzəffər Ali Baş Komandan İlham Əliyev də çıxış edərək ölkə və beynəlxalq gündəmlə bağlı konkret sualları cavablandırdı. Bu suallardan biri də Rusiya tərəfindən vurulan AZAL təyyarəsi və qarşı tərəfin hələ də bu məsələdən irəli gələn məsuliyyəti öz üzərinə götürmək istəməməsi oldu. Sizcə Prezidentin bu məsələdə ortaya qoyduğu prinsipial mövqe hansı mətləblədən xəbər verir?
-Hər şeydən öncə qeyd edim ki, Prezident İlham Əliyevin Rusiya səmasında vurulan AZAL təyyarəsi ilə bağlı sərgilədiyi mövqe Azərbaycanın həm öz vətəndaşlarına, həm də dövlət olaraq öz imicinə olan həssas münasibətindən xəbər verir və alqışlanmalıdır. Necə ki, dövlət başçısının Rusiyanın qeyri-ədalətli mövqeyini ifşa edən çıxışı Azərbaycan xalqı tərəfindən böyük rəğbət və məmnunluqla qarşılandı.
Həqiqət bundan ibarətdir ki, Azərbaycan təyyarəsinin qəza enişi etməsinə səbəb onun hanssıa dron və ya quş sürsü ilə toqquşması olmayıb. Təyyarə vurulub və bu səbəbdən də qəza enişi etməyə məcbur olub. Rusiya tərəfi vurulan təyyarənin öz ərazisində qəza enişi etməsinə də icazə verməyib ki, bu da hadisənin məqsədli şəkildə baş verdiyini göstərir.
Azərbaycan Prezidenti AZAL təyyarəsi ilə bağlı yaşananların təsadüf olmadığını, təyyarənin vurulduğunu III Şuşa Qlobal Media Forumunda da dilə gətirdi və hadisənin guya başqa səbəblərdən qayanqlanması ilə bağlı deyilənləri “nağıl” adlandırdı. Dövlət başçısı Rusiyanın mövcud situasiyada hansı addımlar atmalı olduğunu da bildirdi. Prezident İlham Əliyev qeyd etdi ki, Rusiya beynəlxalq qanunvericiliyə əsasən bu məsələdə günahını etiraf etməli, təyyarəni vuran şəxsləri cəzalandırmalı, həlak olanların ailələrinə, zərərçəkənlərə və AZAL-a – itirilmiş təyyarəyə görə kompensasiya ödəməlidir. Bunlar tamamilə haqlı və beynəlxalq konvensiyalarda öz əksini tapan amillərdir. Rusiya Azərbaycanın haqlı tələblərini nəzərə almalı və gec də olsa üzərinə düşən öhdəlikləri yeriə yetirməlidir. Əks təqdirdə, dövlət başçısının da elan etdiyi kimi, Azərbaycan ədaləti təmin etmək üçün beynəlxalq məhkəmə və instansiyalara müraciət edəcək.
-Prezident İlham Əliyevin Ukrayna müharibəsi ilə bağlı ona ünvanlanan suala verdiyi cavab da bütün dünyada böyük maraq doğurmaqdadır.
Sizcə Azərbaycanın dövlət başçısının “işğalla barışmayın” çağırışının hansı konteksdə dəyərləndirilməsi daha doğru olar?
-Azərbaycanın dövlət başçısının Ukrayna xalqına məlum tövsiyyəsi əsasən iki amildən qaynaqlanır. Bunlardan biri Ukraynanın həqiqətən də işğala məruz qalan tərəf olmasıdır. Hansı ki, Azərbaycan da vaxtiylə erməni işğalına məruz qalmış, 30 ilə yaxın müddətdə işğal prosesi davam etmişdi. Bu müddət ərzində Azərbaycan xalqı beynəlxalq təşkilatlardan, aparıcı dövlətlərdən heç bir real dəstək ala bilməsə də işğalla barışmamış, öz haqq işi uğrunda mübarizəsini davam etdirmişdir.
Azərbaycan vaxtiylə işğala məruz qalan bir dövlət kimi Ukraynanın üzləşdiyi problemi, bu problemin ağırlığını yetərincə aydın dərk edir və bu baxımdan da mənən işğala məruz qalan Ukrayna xalqı ilə həmrəylik sərgiləyir.
Prezidentin “işğalla barışmayın” açıqlamasının arxasında dayanan digər bir amil Azərbaycanın özünün yaşadığı təcrübə və bu təcrübənin nəticələridir. Yuxarıda da qeyd etdiyimiz kimi, ölkəmiz üzləşdiyi situasiyanın ümidsizliyinə, çətinliyinə və mürəkkəbliyinə rəğmən, işğal faktı ilə barışmadı, mübarizəsini davam etdirdi.
Nəhayət, 2020-ci ildə 44 günlük Vətən müharibəsində erməni faşizmi üzərində qəti qələbə əldə etməklə öz ərazi bütövlüyünü təmin etdi və bununla bütün dünyaya göstərdi ki, gec də olsa, çətin də olsa ədaləti bərpa etmək mümkündür.
-Səmyar bəy, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də III Şuşa Qlobal Media Forumunun əhəmiyyətini yüksək qiymətləndirdi və qeyd etdi ki, Forum bir çox məsələlərlə yanaşı, işğaldan azad edilən ərazilərdə görülən işlərin təbliği baxımından da mühüm önəmə malikdir. Bu barədə nə deyə bilərsiniz?
-Öncə qeyd edim ki, istər Forumun təşkilində, istərsə də Azərbaycan həqiqətlərinin bu Forum vasitəsilə dünyaya çatdırılmasında hörmətli Hikmət Hacıyevin də böyük əməyi mövcuddur. O, hər zaman, eləcə də 44 günlük Vətən müharibəsində Azərbaycan həqiqətlərinin təbliğində böyük əmək sərf edib, Prezident İlham Əliyevin rəhbərliyi altında dövlət maraqlarımızı qətiyyətlə müdafiə edib.
Hikmət Hacıyevin III Şuşa Qlobal Media Forumunun əhəmiyyəti ilə bağlı söylədiklərinə gəlincə, bu sözlərdə də çox böyük həqiqət mövcuddur. Həqiqətən də III Şuşa Qlobal Media Forumu Azərbaycanın ümumi inkişaf istiqamətləri ilə yanaşı, işğaldan azad edilən ərazilərdə görülən nəhəng quruculuq işlərinin beynəlxalq aləmə çatdırılması baxımından da olduqca faydalı oldu. Forum əsnasında qonaqlar işğaldan azad edilən bəzi ərazilərdə oldular, bu ərazilərdə həyata keçirilən abadlıq işlərinə bilavasitə şahidlik etdilər. Onlar bir daha əmin oldular ki, bu torpaqların əsl sahibi Azərbaycandır və buna görə də Azərbaycan xalqı bu torpaqlarda böyük sevgi hissi ilə geniş quruculuq işləri aparır.
Forum iştirakçıları işğaldan azad edilən ərazilərin gözəl təbiəti və zəngin tarixi ilə bağlı da ətraflı məlumat aldılar ki, bunun da həm siyasi, həm iqtisadi, həm də tarixi əhəmiyyəti olduqca böyükdür.
Bir sözlə, əminliklə demək olar ki, III Şuşa Qlobal Media Forumu Azərbaycanın müstəqillik tarixində ən qürurverici beynəlxalq tədbirlərdən biridir və bu Forum illər, əsrlər sonra da Azərbaycan dövlətinin dəmir iradəsinin, ədalətli mövqeyinin təhlili və təbliği baxımından mühüm rol oynayacaq.
-Dövlət başçısı Forumda medianın önəminə də diqqət çəkdi və Azərbaycan mediasının fəaliyyətini yüksək qiymətləndirdi. Sizcə Prezidentin milli mətbuatımızla bağlı bu açıqlaması mediamızın qarşısında hansı vəzifələr qoyur?
-Prezidentimiz III Şuşa Qlobal Media Forumunda Azərbaycan mediasının fəaliyyətini yüksək qiymətləndirdi və qeyd etdi ki, ölkə həqiqətlərinin beynəlxalq aləmdə təbliğində mediamızın mühüm rolu mövcuddur. Dezinformasiyalara, təxribat xarakterli saxta xəbərlərə qarşı mübarizədə Azərbaycan mediasının oynadığı rol dövlət başçısı tərəfindən xüsusi olaraq vurğulandı.
Prezident İlham Əliyev qeyd etdi ki, beynəlxalq ictimai rəyə təsir etmək, bu rəyi doğru şəkildə yönləndirməkdə də medianın önəmi hədsiz böyükdür. Dövlət başçısı mediamızın gücünə diqqət çəkməklə yanaşı, görülməsi gərəkən işlərin olduğunu da xatırlatdı. Xüsusilə qeyd etdi ki, jurnalistlərimizin, media orqanlarımızın əlaqələrinin genişliyi Azərbaycan həqiqətlərinin daha geniş təbliği baxımından əhəmiyyətılidir və bu amil diqqətdə saxlanılmalıdır.
Yeri gəlmişkən, “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyi olaraq jurnalistlərimizi 22 iyul – Milli Mətbuat Günü münasibətilə təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayıram. İnanıam ki, Azərbaycan mediası bugünə qədər olduğu kimi, bundan sonra da dövlət maraqlarımızın keşiyində ayıq-sayıq dayanacaq, bu maraqları qətiyyətlə qoruyacaq.
Seymur ƏLİYEV