Bakı, 21 iyul, AZƏRTAC
İyulun 22-si Azərbaycan xalqı üçün əlamətdar bir tarixdir. 1875-ci ilin məhz bu günü böyük maarifçi və ziyalı Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlayan "Əkinçi" qəzeti ilə milli mətbuatımızın təməli qoyulub. "Əkinçi" qısa müddət ərzində həm ziyalılar, həm də geniş oxucu kütləsi arasında maarifçi ideyaların daşıyıcısına çevrildi. Çar Rusiyasının təzyiqlərinə baxmayaraq, qəzet azadlıq, milli özünüdərk, maarifçilik ideyalarının yayılmasında mühüm rol oynadı. Bununla da Azərbaycan mətbuatı cəmiyyətin inkişafına və milli şüurun formalaşmasına mühüm töhfə verməyə başladı.
Azərbaycan milli mətbuatı 150 ildə mürəkkəb, lakin şərəfli mərhələlərdən keçmişdir. XIX əsrin sonlarından etibarən "Ziya", "Kəşkül", "Füyuzat", "Molla Nəsrəddin" kimi qəzet və jurnallar, eləcə də rusdilli "Kaspi" qəzeti milli ideologiyanın, maarifçiliyin, sosial ədalət düşüncələrinin təbliğində aparıcı rol oynayıb. Anadilli mətbuatın inkişafı milli identikliyin qorunmasında və inkişafında misilsiz rola malikdir.
Müstəqilliyini bərpa etdikdən sonra, xüsusilə Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildən başlayaraq rəhbərliyi ilə ölkədə söz və mətbuat azadlığı sahəsində köklü islahatlar aparıldı. Hərbi və dövlət senzurasının ləğvi, azad mətbuatın təşviqi, jurnalistlərin sosial müdafiəsi sahəsində görülən tədbirlər Azərbaycan mətbuatının yeni mərhələyə qədəm qoymasına səbəb oldu. Bu proses Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Dövlətimizin başçısının təşəbbüsü ilə qəbul edilən “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası”, “Media haqqında” Qanun, MEDİA Agentliyinin yaradılması media sahəsində institusional islahatların əsasını qoydu.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Zaur Şükürov söyləyib.
Deputat qeyd edib ki, bu gün Azərbaycan mətbuatı müasir informasiya cəmiyyətinin ayrılmaz tərkib hissəsinə çevrilib. Rəqəmsallaşma, internet qəzetçiliyin inkişafı, süni intellektin tətbiqi, media savadlılığının artırılması və dezinformasiyaya qarşı mübarizə jurnalistikanın yeni çağırışlarını formalaşdırır. Azərbaycan mediası artıq qlobal informasiya şəbəkəsinin bir parçasına çevrilib və bu prosesdə peşəkarlıq, qərəzsizlik, milli maraqlara sadiqlik kimi prinsiplər ön plandadır.
Azərbaycan mediası xüsusilə də 44 günlük Vətən müharibəsi zamanı göstərdiyi prinsipial və vətənpərvər mövqe ilə ölkənin informasiya təhlükəsizliyinin təmin olunmasında və ictimai rəyin düzgün formalaşdırılmasında mühüm rol oynayıb.
Müharibə dövründə fəaliyyət göstərən jurnalistlər yalnız informasiya daşıyıcısı kimi deyil, həm də informasiya cəbhəsinin əsgərləri kimi çıxış edib, cəmiyyətə ruh yüksəkliyi, birlik və qələbə əzmi aşılayıb.
Azərbaycan mediasının göstərdiyi bu əzmkarlıq təkcə həmin dövr üçün deyil, bütövlükdə informasiya təhlükəsizliyinə yanaşmada yeni bir mərhələnin əsasını qoyub.
Bütün bunlar bir daha sübut edir ki, milli mediamız ölkənin informasiya suverenliyinin əsas dayaqlarından biridir və bu sahədə çalışan hər bir jurnalist ictimai maraqların, dövlətçilik məfkurəsinin və milli birliyin qorunmasında xüsusi məsuliyyət daşıyır.
Mətbuata dövlət dəstəyi bu gün də davam etdirilir. Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla media sahəsində vergi güzəştləri tətbiq olunub, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində konkret tədbirlər görülüb. Media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, informasiya mühitinin sağlamlaşdırılması və milli informasiya resurslarının qlobal miqyasda rəqabətə davamlı olması üçün stimullaşdırıcı mexanizmlər yaradılıb.
Qlobal çağırışlar fonunda medianın üzərinə düşən məsuliyyət daha da artır. Xüsusilə də sosial şəbəkələrdə dezinformasiyaların qarşısının alınması, informasiya müharibəsində milli maraqların qorunması, cəmiyyətin maarifləndirilməsi və milli həmrəyliyin gücləndirilməsi bu gün müasir jurnalistikanın əsas prioritetlərinə çevrilib. Prezident İlham Əliyevin də vurğuladığı kimi, söz və mətbuat azadlığı demokratik cəmiyyətin əsas dayaqlarındandır. Eyni zamanda, bu azadlıqlardan sui-istifadənin qarşısı prinsipial şəkildə alınmalı, media ictimai maraqları müdafiə edən, məsuliyyətli və obyektiv fəaliyyət göstərən institut kimi çıxış etməlidir.
Media sahəsində Azərbaycan–Türkiyə strateji əməkdaşlığı, eləcə də Şuşada keçirilən Qlobal Media Forumu kimi nüfuzlu beynəlxalq platformalarda fəal iştirak ölkəmizin informasiya diplomatiyasının genişlənməsinin və qlobal media məkanında mövqeyinin möhkəmlənməsinin göstəricisidir.
Azərbaycan ilə Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq da milli mediamızın beynəlxalq gücünün artmasına xidmət edir. 2020-ci il dekabrın 10-da Bakı şəhərində imzalanmış və 2021-ci il fevralın 1-də Milli Məclis tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumu çərçivəsində Birgə Media Platforması yaradılıb.
Milli mətbuatımız ötən 150 il ərzində cəmiyyətin maarifləndirilməsi, xalqın milli şüurunun formalaşması, dövlətçilik ideyalarının təbliği və milli-mənəvi dəyərlərin qorunması istiqamətində mühüm və tarixi missiya yerinə yetirib. Bu gün də müasir Azərbaycan mediası ölkəmizin ictimai-siyasi, sosial və mədəni həyatında fəal iştirak etməklə, milli maraqların müdafiəsinə, dövlətin tərəqqisinə, vətəndaş cəmiyyətinin inkişafına və informasiya təhlükəsizliyinin təmin olunmasına mühüm töhfələr verməkdədir.
Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda qeyd etdiyi kimi, bu gün bizim mediamız nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvidə çox böyük nüfuz qazanıb və Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir. Azərbaycana qarşı əsassız ittihamları arqumentlərlə, ciddi təhlillə və faktlar əsasında ifşa etməkdə də böyük uğurlar əldə edib və bu, onu deməyə əsas verir ki, mediamız doğrudan böyük inkişaf yolu keçib.
“Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş milli mətbuatımız bu gün geniş informasiya məkanında öz yerini daha da möhkəmləndirərək, informasiya yayımını daha operativ və keyfiyyətli şəkildə həyata keçirməkdədir. Peşəkar, məsuliyyətli və prinsipial media nümayəndələri Azərbaycanın ictimai rəyinin formalaşmasında, vətəndaşların maarifləndirilməsində və dövlət-sosium münasibətlərinin sağlam şəkildə qurulmasında mühüm rol oynayırlar”, - deyə deputat diqqətə çatdırıb.