AZ

“Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi”nə mediatur təşkil olunub  

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən media nümayəndələri və nazirlik əməkdaşlarının iştirakı ilə “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi”nə mediatur təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mediatur zamanı 2025-ci il 6-16 iyul tarixlərində Paris şəhərində keçirilən UNESCO-nun Dünya İrs Komitəsinin 47-ci sessiyasında Azərbaycan tərəfindən təqdim olunan “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi”nin UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilməsinin əhəmiyyətindən söz açılıb.

Bildirilib ki, Gəmiqaya Azərbaycanın ən qədim mədəniyyət nümunələrindən biridir və Ordubad rayonu ərazisində, Zəngəzur silsiləsinin suayırıcı hissəsində, 3725 metr yüksəklikdə yerləşir. Bu ərazi Tunc dövründən Orta əsrlərə qədər müxtəlif tarixi mərhələləri əks etdirən zəngin qayaüstü təsvirlərlə məşhurdur. Gəmiqaya petroqlifləri qədim insanların məişətini, inanclarını və bədii dünyagörüşünü əks etdirən nadir nümunələrdir və həm elmi, həm də turizm baxımdan böyük əhəmiyyət daşıyır.

Ordubad rayonu ərazisindəki digər maraqlı təbiət abidələrindən biri isə Göygöldür. Rayonun Nürgüt kəndi yaxınlığında, Zəngəzur silsiləsinin cənub yamacında, 3065 metr yüksəklikdə yerləşən Göygölün sahəsi 1,5 hektardır, dərinliyi isə 6,5 metrə çatır. Göygöl ilin bütün fəsillərində yağan qar və yağış sularından, eləcə də gölün ortasında qaynayan bulaqlardan qidalanır. Bu təbiət abidəsinin gözəlliyi ondadır ki, gölün bir tərəfində qar və soyuğu, digər tərəfində isə gül-çiçək və günəşli havanı eyni vaxtda müşahidə etmək mümkündür.

Mediatur çərçivəsində media nümayəndələri və nazirlik əməkdaşları komplekslə daha yaxından tanış olublar.

Seçilən
25
11
azerbaijan-news.az

10Mənbələr