AZ

Sevinc Hüseynova: Qlobal Forum Azərbaycanın beynəlxalq media ilə əməkdaşlığa açıq olduğunu göstərir

BAKI, 21 iyul. TELEQRAF

Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin iştirakı olduqca əhəmiyyətli idi. Dövlətimizin başçısı bu Forumun Azərbaycanın mədəni mərkəzinin bir hissəsi olan Xankəndi şəhərində keçirilməsinin tarixi əhəmiyyətinə toxunub. Forumda 52 ölkədən 140 qonağın, 30-a yaxın informasiya agentliyinin və 80 media qurumunun nümayəndələrinin iştirakı onun əhatə dairəsinin hər il daha da genişləndiyini göstərir.

Bu sözləri Teleqraf-a Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Deputat Forumun dialoq, şəffaflıq və daimi inkişaf edən media mühitində əməkdaşlığa yönəldiyini söyləyib: “Builki Forum rəqəmsal keçidlər, süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi mövzusuna həsr olunub. Forumda aparılan müzakirələr məhz medianın çağırışlar və imkanlar qarşısında müqavimətinin gücləndirilməsinə, o cümlədən rəqəmsal transformasiyanın təsirinə və müstəqil jurnalistikanın, sülhün, inkişafın, qarşılıqlı anlaşmanın daha da artırılmasına istiqamətlənib. Artıq üçüncü dəfədir belə bir mühüm tədbirin işğaldan azad edilmiş torpaqlarda keçirilməsi olduqca önəmlidir. Bu mənada Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb. Bu ənənə davam edir və və vaxt keçdikcə qonaqların sayı artır, coğrafi əhatə daha da genişlənir. Ölkəmizin başçısı da Forumda mühüm məsələlərə toxunub, regional və qlobal miqyasda baş verən hadisələrə dair Ona ünvanlanan suallara əhatəli və tam dolğun cavablar verilib. Prezident İlham Əliyev Xankəndidə yeni tikilmiş Konqres Mərkəzində, Xankəndinin Zəfər meydanında belə bir vacib Forumun keçirilməsinin əhəmiyyətini də önə çəkib”.

Komissiya sədri Şuşada, Xankəndidə və digər işğaldan azad edilmiş ərazilərdə keçirilən beynəlxalq tədbirlərin mahiyyətinə toxunub: “Artıq üçüncü dəfədir keçirilən Forum da işğaldan azad edilmiş ərazilərin o dövrdə yaşadığı durumu, indiki vəziyyətini bir daha göz önündə canlandırmağa imkan verir. Azərbaycan dövlətinin öz ərazisində qısa zaman kəsiyində gördüyü misilsiz işlərin nəticəsi göz oxşayır. Məhz bunun nəticəsidir ki, Qarabağ və Şərqi Zəngəzur bu gün öz tarixi simasını bərpa etməklə yanaşı burada müasir infrastruktur, yaşayış evləri, sosial obyektlər, yollar, tunellər və zəruri işlər böyük şövqlə icra edilir. Sözsüz ki, Azərbaycanın tarixi torpaqlarında belə bir mötəbər Forumun keçirilməsinin əsas məqsədləri sırasında informasiya cəmiyyətinin çağırışlarını müzakirə etmək, qlobal media əməkdaşlığını gücləndirmək və dezinformasiyanın qarşısını almaq üçün ortaq yanaşmalar formalaşdırmaq daxil idi. Süni intellektin mediaya təsiri, jurnalistikanın etik standartları, regional və beynəlxalq media əməkdaşlığı kimi aktual mövzular tədbirin əsas gündəmini təşkil edib”.

Sevinc Hüseynova hesab edir ki, Prezident İlham Əliyevin Forumda çıxışı Azərbaycan mətbuatının hazırkı durumuna verilən yüksək qiymət və bir çox məsələlərə dair səslənən fikirlər olduqca önəmlidir: “Bu mənada III Şuşa Qlobal Media Forumu qlobal informasiya məkanında yeni əməkdaşlıq yollarının müəyyənləşdirilməsi və media peşəkarlığının təşviqi baxımından mühüm platforma kimi önə çıxır. Həmçinin Azərbaycan bu Forum vasitəsilə beynəlxalq media dialoqunun inkişafına töhfə vermiş olur. Çünki bu Forum qlobal informasiya siyasətində yeni güc mərkəzlərinin formalaşmaqda olduğunun göstərir. Sözsüz ki, geosiyasi kontekstdə Forumun Şuşada keçirilməsi ilk növbədə simvolik və strateji mesaj kimi də dəyərləndirilir. Bütün bunların fonunda isə Qlobal Media Forumu Azərbaycanın söz və informasiya azadlığı sahəsində regional liderliyini və beynəlxalq media ilə əməkdaşlığa açıq olduğunu təsdiq edir”.

Seçilən
2
50
teleqraf.com

10Mənbələr