AZ

“TRT World”un müxbiri: Azərbaycan və Ermənistan arasındakı reallıqlar beynəlxalq mediada obyektiv şəkildə əks olunmayıb  

Azərbaycan uzun illər öz suveren torpaqları uğrunda mübarizə aparıb. Bu mübarizənin kökündə beynəlxalq hüququn tanıdığı ərazi bütövlüyünün təmin olunması dayanıb. Təəssüf ki, Ermənistan tərəfindən Azərbaycan torpaqlarına edilən hücumlar uzun illər boyu davam edib və bu zaman mülki əhali də hədəfə alınıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri 3-cü Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən "Media savadlılığı informasiya təhlükəsizliyinin təminatı kimi" adlı paneldə “TRT World” telekanalının müxbiri Jaffar Hasnain deyib.

O qeyd edib ki, Azərbaycan öz torpaqlarını azad etmək üçün mübarizə apardığı zaman Ermənistan təkcə cəbhə xəttində deyil, həm də Azərbaycanın iri şəhərlərindən biri olan Gəncəni raket atəşinə tutub. Bu, beynəlxalq hüququn və humanitar normaların açıq şəkildə pozulmasıdır.

“Lakin çox təəssüf ki, bu reallıqlar beynəlxalq mediada birmənalı və obyektiv şəkildə əks olunmayıb. Bir sıra Qərb media qurumları aqressiv tərəfin Ermənistan olduğunu görməzlikdən gəlib və əksinə, hadisələri elə təqdim ediblər ki, sanki münaqişənin əsas məsuliyyəti Azərbaycanın üzərinə düşür.

Bu, medianın cəmiyyətləri yönləndirməkdə necə böyük gücə malik olduğunu bir daha sübut edir. Media ictimai rəyə təsir edən əsas vasitədir və bu təsir həm müsbət, həm də mənfi yöndə ola bilər. Əgər informasiya qərəzli və qeyri-dəqiq təqdim olunursa, bu, cəmiyyətlərdə yanlış təsəvvürlərin formalaşmasına səbəb olur və haqlı ilə haqsızı ayırmaq çətinləşir”, - deyə Jaffar Hasnain vurğulayıb.

O əlavə edib ki, media sahəsindəki obyektivliyin, etik jurnalistikanın və dəqiq informasiyanın təmin olunması olduqca vacibdir. Yalnız bu şəkildə informasiya müharibəsində ədalətli və dürüst mövqe təmin oluna bilər.

Seçilən
4
50
azerbaijan-news.az

10Mənbələr