Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2024-cü ili 7 milyard 858,25 milyon manat xalis mənfəətlə başa vurub.
Bakues.az Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 3 % azdır.
Ötən il ARDNF-in istiqraz investisiyaları üzrə gəlirləri 680,169 milyon manat (əvvəlki ilə nisbətən 4,5 dəfə az), səhm investisiyaları üzrə gəlirləri 3 milyard 213,013 milyon manat (11 % az), törəmə maliyyə alətləri üzrə zərəri 6,347 milyon manat (əvvəlki il gəlir olub), qızıl külçə investisiyaları üzrə gəlirləri 3 milyard 385,708 milyon manat (2,5 dəfə çox), özəl səhm fondları üzrə gəlirləri 377,839 milyon manat (27,7 % çox), daşınmaz əmlak fondları üzrə gəlirləri 32,29 milyon manat (əvvəlki il zərər olub), investisiya mülkiyyəti üzrə gəlirləri 84,95 milyon manat (5,7 dəfə çox), amortizasiya olunmuş dəyərlə ölçülən maliyyə alətləri üzrə məzənnə fərqindən yaranan zərəri 108,047 milyon manat (əvvəlki il gəlir olub), effektiv faiz dərəcəsi metodu ilə hesablanmış faiz gəlirləri 218,351 milyon manat (23,9 % çox), sair gəlirləri 38,735 milyon manat (21,9 % çox), əməliyyat xərcləri 79,102 milyon manat (2,6 % çox), birgə müəssisələrin vergidən sonrakı maliyyə nəticələrindəki pay üzrə gəlirləri 25,471 milyon manat (əvvəlki il zərər olub), mənfəət vergisi ödəmələri isə 4,78 milyon manat (25 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə ARDNF-in aktivləri 102 milyard 629,039 milyon manat olub ki, bu da illik müqayisədə 7,2 % çoxdur. Hesabat dövründə Fondun öhdəlikləri 7,4 % azalaraq 423,65 milyon manata düşüb, balans kapitalı isə 7,2 % artaraq 102 milyard 205,389 milyon manata çatıb.
Xatırladaq ki, ARDNF ölkə Prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb. Fondun əsas vəzifəsi Azərbaycan vətəndaşlarının bugünkü və gələcək nəsillərinin mənafeyi naminə ölkənin payına düşən neft-qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsindən, habelə qurumun öz fəaliyyətindən əldə olunan gəlir və digər vəsaitin yığılmasını, səmərəli idarə olunmasını təmin etməkdir.