Avropa İttifaqı ölkələri Vaşinqton administrasiyasının avqustun 1-nə planlaşdırılan oxşar addımlarına cavab olaraq Amerika mallarına idxal rüsumları tətbiq etməyəcək.
"Report" xəbər verir ki, bu barədə ABŞ-nin ticarət naziri Hovard Latnik CBS telekanalının efirində bildirib.
O, Aİ nümayəndələrinin Amerika məhsullarına, o cümlədən "Boeing" təyyarələrinə və Kentukki əyalətindən gələn viskilərə cavab rüsumları tətbiq etməyə hazır olduqları barədə bəyanatlarını şərh edərkən deyib: "Onlar bunu etməyəcəklər".
"Tərəflərin razılığa gəlməsi üçün kifayət qədər imkanlar var", - Latnik əlavə edib.
Nazirin sözlərinə görə, bundan sonra ABŞ və Aİ hərtərəfli sazişlərin bağlanması üzrə məsləhətləşmələri davam etdirə bilər. "Bizə avqustun 1-dən sonra danışıqları davam etdirməyə heç nə mane olmur. Amma onlar, yəni Aİ ölkələri avqustun 1-dən rüsumları ödəməyə başlamalıdırlar", - Latnik qeyd edib.