AZ

Putin və Əli Laricani nəyi MÜZAKİRƏ ETDİ?

Rusiya Prezidenti Vladimir Putin bu gün Kremlin sarayında İranın ali rəhbəri Ayətullah Əli Xameneinin baş müşaviri Əli Laricani ilə mühüm görüş keçirib.

KONKRET.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib. Onun sözlərinə görə, Laricani Moskvaya İran rəhbərliyinin birbaşa tapşırığı ilə səfər edib və görüşdə Tehranın Yaxın Şərqdəki gərgin vəziyyətlə bağlı qiymətləndirmələrini Rusiya Prezidentinə çatdırıb.

Müzakirələrdə əsas diqqət son zamanlar İran-İsrail xəttində baş verən hadisələrə, regionda hərbi-siyasi balansın pozulmasına və bu fonda artan qarşıdurma risklərinə yönəlib. Tərəflər həmçinin beynəlxalq təhlükəsizliyə təhdid yaradan digər regional məsələlər barədə də fikir mübadiləsi aparıblar.

Bundan başqa, görüşdə İranın nüvə proqramı ətrafında formalaşan vəziyyət və bu məsələ ilə bağlı davam edən diplomatik səylərin mövcud durumu geniş şəkildə nəzərdən keçirilib.

Qeyd edək ki, bu cür yüksək səviyyəli görüşlər Moskva və Tehran arasında strateji əməkdaşlığın dərinləşdiyini göstərir və iki ölkənin regional sabitlik üçün koordinasiyalı addımlar atmaqda maraqlı olduğunu ortaya qoyur.

Natiq Səlim,
KONKRET.az

Seçilən
53
50
konkret.az

10Mənbələr