Ağdam, 19 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC
İşğaldan azad olunmuş torpaqlarımızda əhalinin məskunlaşması ilə yanaşı, məktəbəqədər tərbiyə müəssisələrinin inşası istiqamətində ardıcıl işlər görülür. Belə müəssisələrdən biri də Prezident İlham Əliyevin iştirakı ilə ötən gün Ağdam şəhərin açılışı olan 1 nömrəli körpələr evi-uşaq bağçasıdır.
Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında bildirib ki, körpələr evi-uşaq bağçası binasının inşasına ötən ilin fevralında başlanılıb.
Binanın inşası “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində həyata keçirilib. Bu ilin fevralında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva binanın tikintisində işlərin gedişi ilə tanış olublar.
“Məktəbəqədər təhsil müəssisəsinin binasında balacaların rahatlığının təmin olunması, həmçinin təlim-tərbiyə prosesinin yüksək səviyyədə aparılması üçün zəruri şərait yaradılıb. Binada oyun və yataq otaqları, musiqi, rəqs və idman zalları var”, - deyə təhsil idarəsinin müdiri qeyd edib.
Xatırladaq ki, Prezident İlham Əliyev iyulun 18-də Ağdam şəhərində 160 yerlik 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.