Fövqəladə Hallar Nazirliyi çimərliklərlə bağlı təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə təkrar müraciət edib.
NOCOMMENT.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, müraciətdə deyilir:
“Yay fəslinin gəlişi və havaların isinməsi ilə əhalinin istirahət üçün üz tutduğu məkanlardan biri də su hövzələridir.
Təhlükəsizlik qaydalarına əməl olunmaması
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, bəzi vətəndaşlar tərəfindən bu məkanlarda təhlükəsizlik qaydalarına əməl olunmaması sonda acı nəticələrə səbəb olur.
FHN-in çağırışı
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək su hövzələrində, o cümlədən çimərliklərdə təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır. Belə ki, aşağıdakılar qadağandır:
Təhlükəsizlik qaydaları
– çimərlik kimi nəzərdə tutulmamış ərazilərdə çimmək;
– çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək;
– küləkli havada dənizə girmək;
– çimərlikdə gecələmək;
– sərxoş halda çimərlikdə olmaq;
– suda kobud hərəkətlər etmək;
– çimərlikdə balıq tutmaq;
– xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq!
Yadda saxlayın:
– çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir!
– qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir!
Unutmayın, qaydalara biganəlik – həyatımıza təhlükədir!”
FHN təhlükə zamanı 112-yə zəng etməyi tövsiyə edib.\\Oxu.Az