Ağdamda açılışı olan 1 nömrəli körpələr evi-uşaq bağçasında təlim-tərbiyənin yüksək səviyyədə aparılması üçün zəruri şərait yaradılıb.
“İki sahil” xəbər verir ki, bunu “Report”un Ağdama ezam olunan əməkdaşına Qarabağ Regional Təhsil İdarəsinin rəhbəri Sənan Mənsimli təhsil müəssisə ilə bağlı danışarkən deyib.
O xatırladıb ki, 160 yerlik bağçanın inşası “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində həyata keçirilib. Körpələr evi-uşaq bağçası binasının inşasına ötən ilin fevralında başlanılıb.
Məlumat verilib ki, məktəbəqədər təhsil müəssisəsinin binasında balacaların rahatlığının təmin olunması, həmçinin təlim-tərbiyə prosesinin yüksək səviyyədə aparılması üçün zəruri şərait yaradılıb. Binada oyun və yataq otaqları, musiqi, rəqs və idman zalları var.
İşğaldan azad olunmuş torpaqlarımızda əhalinin məskunlaşması ilə yanaşı, məktəbəqədər tərbiyə müəssisələrinin inşası istiqamətində ardıcıl işlər görülür. Belə layihələr, eyni zamanda, bu ərazilərdə icra edilən bərpa-quruculuq işlərinin tərkib hissəsi olmaqla da mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 18-də bağçanın açılışında iştirak edib.