AZ

Aqrar sahəyə dövlət dəstəyi və qayğısı davamlı olaraq artır

Cari ilin ilk 5 ayında fermerlərə 42,8 milyon manat güzəştli kredit verilib

Ölkəmizdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Xüsusilə son bir neçə ildə 300 min hektardan çox ərazidə yaradılan 50- dən çox aqropark ərzaq bolluğunu  təmin edəcək mühüm amildir. Bütün bunlar bir daha aydın şəkildə göstərir ki, bu gün Azərbaycan dövlətinin  aqrar sahəyə diqqət və qayğısı  bu istiqamətdə ciddi nəticələrin olacağına zəmanət verir. Belə ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cari ilin ilk 5 ayında kənd təsərrüfatının inkişafı məqsədilə 2322 müraciət üzrə 42,8 milyon manat güzəştli kredit verib. Nazirliyin məlumatına əsasən, bunun 35 milyon manatı texnika və avadanlıq təyinatlı, 7,8 milyon manatı isə digər təyinatlı kreditlərdir.

Eyni zamanda, sözügedən dövrdə  Agentlik 1376 baş damazlıq iribuynuzlu heyvanın alışına 3,6 milyon manat, habelə kənd təsərrüfatı texnikası və avadanlıqlarının alışına isə 49,9 milyon manat güzəşt vəsaiti ayırıb. Həmçinin beş ay ərzində ölkədə 4340 ədəd kənd təsərrüfatı texnikası lizinqə verilib. Bir sözlə, cari ilin  əvvəlindən 2025-ci ilin mayın sonuna qədər ölkədə 92919 ədəd kənd təsərrüfatı texnikası lizinq yolu ilə əldə olunub ki, bunun da 1412-si taxılyığan kombayn, 222-si pambıqyığan kombayn, 20804-ü traktor, 70481-i isə digər texnikalardır.

Bu uğurlu işlərə rəğmən demək olar ki, ölkəmizin iqtisadi inkişaf strategiyasında kənd təsərrüfatı sektoru mühüm yer tutur. Bu sahə həm ərzaq təhlükəsizliyinin təmin olunması, həm də regionların sosial-iqtisadi inkişafı baxımından həlledici əhəmiyyətə malikdir. Ötən 20 il ərzində  dövlətimizin başçısının uğurlu aqrar siyasəti sayəsində bu sahənin modernləşdirilməsi reallaşıb ki, nəticədə  məhsuldarlıq artmaqla ixrac imkanları genişlənib.

Hazırda dövlətin qarşısındakı əsas hədəflərdən biri kənd təsərrüfatının texnoloji əsasda inkişaf etdirilməsidir. Bu məqsədlə müasir texnikaların və rəqəmsal həllərin tətbiqi genişlənir, elektron kənd təsərrüfatı sistemləri formalaşdırılır. Aqrotexniki xidmətlər, subsidiyalaşdırma və sığorta mexanizmləri təkmilləşdirilərək fermerlərin riskləri minimuma endirilir və daha səmərəli fəaliyyət göstərmələrinə şərait yaradılır. Bu mənada  Azərbaycanın müxtəlif bölgələrində aqroparkların yaradılması da bu sahədə əsas təşəbbüslərdən biri kimi çıxış edir. Aqroparklar nəinki yüksək məhsuldarlığa və innovativ yanaşmalara əsaslanan təsərrüfatlar formalaşdırır, eyni zamanda, regionlarda məşğulluğu artırır və kənd yerlərində sosial rifahı yüksəldir.

Aqrar sahədə yenilənən sahələrdən biri də suvarma sistemlərinin yenidən qurulmasıdır. Yəni, indi ölkəmizdə iqlim dəyişiklikləri və su resurslarının məhdudluğu fonunda suyun səmərəli istifadəsi vacib amil hesab edilir. Ona görə dövlət tərəfindən bu istiqamətdə iri infrastruktur layihələrinə, o cümlədən müasir irriqasiya sistemlərinin qurulmasına böyük investisiyalar yönəldilir. Həmçinin  kənd təsərrüfatı məhsullarının ixrac imkanlarının artırılması da ön plandadır. «Made in Azerbaijan» brendi altında kənd təsərrüfatı məhsullarının dünya bazarına çıxarılması üçün logistika imkanları təkmilləşdirilir, beynəlxalq sərgilərdə iştirak genişləndirilir və ixracatçılara dövlət dəstəyi gücləndirilir.

Bu gün bütün qabbaqcıl ölkələrin təcrübəsindən yaralanaraq kənd təsərrüfatının rəqəmsallaşdırılmasına ciddi diqqət ayrılır. Xüsuilə elektron kənd təsərrüfatı informasiya sistemi dronların istifadəsi, peyk monitorinqi və torpaq resurslarının xəritələndirilməsi bu sahədəki yeniliklərdəndir. Məhz belə yeniliklər fermerlərə daha dəqiq planlama və qərarvermə imkanı verir.

Prezident İlham Əliyevin sosial -iqtisadi  siyasətinin əsas hədəflərindən biri də aqrar sektoru  ölkənin qeyri – neft sektorunda aparıcı sahələrdən birinə çevirməkdir. Bu mənada, Azərbaycan dövlətinin real maddi və hüquqi dəstəyi və təhsil – tədqiqat sisteminin gücləndirilməsi ilə kənd təsərrüfatının daha da inkişaf edəcəyi proqnozlaşdırılır. 

Elçin Zaman, «İki sahil»

Seçilən
12
ikisahil.az

1Mənbələr