AZ

Tarixi və mədəni irsimizə verilən beynəlxalq dəyər

Sürətlə müasirləşən dünyada maddi və mənəvi sərvətlərin beynəlxalq miqyasda tanıdılması, mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması xüsusi önəm daşıyır. Elə buna görə də əksər ölkələr, o cümlədən Azərbaycan bu istiqamətdə əməli işlər görürlər. Artıq bu günlərdə ölkəmiz daha bir uğura imza atıb. Bu günlərdə Fransanın paytaxtı Parisdə UNESCO-nun Baş Qərargahında Dünya İrsi Komitəsinin 47-ci sessiyasında Azərbaycan tərəfindən təqdim olunmuş “Qədim Qəbələ şəhəri” və “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilib. Qeyd edək ki, indiyədək Azərbaycanın Ümumdünya İrs Siyahısında beş irs nümunəsi (“İçərişəhər, Şirvanşahlar Sarayı və Qız Qalası”, “Qobustan qayaüstü mədəni landşaftı”, “Xınalıq mədəni landşaftı və Köç Yolu”, “Şəkinin tarixi mərkəzi və Xan Sarayı, “Hirkan meşələri”) yer alıb.

Milli Məclisin depuatı Ülviyyə Həmzəyeva mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, bu, hər şeydən əvvəl Azərbaycanın tarixi və mədəni irsinə verilən beynəlxalq dəyərdir: “Qəbələ şəhəri Miladdan əvvəl IV əsrdən başlayaraq ölkəmizin iqtisadi, siyasi və mədəni həyatında mühüm rol oynayan mərkəzlərindən biri olub. Yazılı mənbələrdə qeyd olunduğu kimi, qədim Qəbələ eramızın l əsrindən etibarən Albaniyanın ilk paytaxt şəhəri kimi tanınıb. Bu şəhər Qala, Səlbir və Çaqqallı adı ilə bəlli olan üç əsas hissədən ibarət olub və özünün möhtəşəm qala divarları ilə, Azərbaycanın digər orta əsr şəhərlərinin müdafiə sistemindən xeyli fərqlənib. Onu da qeyd edək ki, şəhər orta əsrlərdə də çox mühüm sənətkarlıq mərkəzi olaraq qalmaqda idi. Burada aparılan arxeoloji qazıntılar zamanı tapılmış zəngin maddi mədəniyyət nümunələri daşişləmə, metalişləmə, sümükişləmə, ağacişləmə, dulusçuluq, şüşə istehsalı, zərgərlik, boyaqçılıq, toxuculuq və bir sıra digər sənət sahələri onu göstərir ki, vaxtilə burada geniş inkişaf olub. Bu gün də qədim Qəbələ şəhəri Azərbaycanın ən nadir turizm mərkəzlərindən biridir.

“Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi”nin bu siyahıya salınması isə təkcə təbiət gözəlliyinə verilmiş dəyər deyil, eyni zamanda, bölgənin minilliklərə söykənən tarixi, arxeoloji və mədəni irsinin beynəlxalq aləmdə tanınmasının təsdiqidir. Gəmiqaya – yalnız Naxçıvanın deyil, bütün Azərbaycanın qədimliyi, mistik aurası və mədəni zənginliyi ilə seçilən, canlı irs nümunəsi kimi dəyərləndirilir. Bu günə qədər Gəmiqaya abidələrinin tanıdılması və öyrənilməsi istiqamətində əhəmiyyətli işlər görülüb: müxtəlif illərdə əraziyə elmi ekspedisiyalar təşkil olunub, araşdırmalar aparılıb, dəyərli elmi nəşrlər hazırlanıb. Qeyd etmək lazımdır ki, Gəmiqaya abidələrinin ilk sistemli tədqiqinə 1970-ci illərdə, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə başlanılıb. 1971-ci ildə Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarı ilə Gəmiqayada araşdırmalar aparılıb, elmi albomlar nəşr olunub, sənədli film hazırlanıb. 1970–1987-ci illər ərzində tədqiqat işləri geniş vüsət alıb və bir sıra fundamental elmi materiallar ictimaiyyətə təqdim edilib.

Təəssüf ki, 1980-ci illərin sonlarından bu sahədə yaranan boşluqdan istifadə edən erməni millətçi “tədqiqatçıları” Gəmiqaya ərazisində gizli fəaliyyətə başlayaraq, bu qədim abidəni saxtalaşdırılmış şəkildə təqdim etməyə cəhd göstəriblər. Onlar xalqımıza məxsus bu müqəddəs tarixi yadigarı saxtakarlıqla “Navsar” və “Tapanasar” kimi uydurma adlarla təqdim edərək, onu erməni abidəsi kimi qələmə verməyə çalışıblar. Bu isə bir daha sübut edir ki, tarixi və mədəni irsimizi qorumaq yalnız elmi deyil, həm də milli məsələdir.

Gəmiqaya rəsmləri - daşlara həkk olunmuş süjet və kompozisiyalar əcdadlarımızın dünyagörüşünü, əmək fəaliyyətini və inanc sistemini əks etdirən canlı ensiklopediyadır. Bu abidə xalqımızın etnogenez tarixinin, qədim maddi və mənəvi mədəniyyətinin, incəsənətinin öyrənilməsi üçün misilsiz qaynaqdır. Tarixi etnoqrafiyamız və arxeologiyamız üçün əvəzolunmaz əhəmiyyətə malik olan bu məkan, bəşər tarixinin ilkin təkamül çağlarından xəbər verən Gəmiqaya bu gün həm alimlərimizin tədqiqat obyekti, həm vətəndaşlarımızın qürur mənbəyi, həm də qonaqlarımız üçün möhtəşəm turistik istiqamətdir”.

Millət vəkilinin fikrincə, “Qədim Qəbələ şəhəri”, "Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi"nin UNESCO-nun Dünya İrsinin Əsas Siyahısına daxil olunması istiqamətində atılan bu addım Azərbaycanın mədəni irsinə verilən beynəlxalq dəyərin göstəricisi olmaqla yanaşı, xalqımızın mədəni kimliyinin, tarixinin və mənəvi yaddaşının qorunması yolunda əhəmiyyətli bir mərhələdir. Şübhəsiz, onların Dünya İrsinin Əsas Siyahısına daxil edilməsi üçün elmi tədqiqatlar, beynəlxalq əməkdaşlıqlar və mədəni irsin qorunmasına dair zəruri tədbirlər davam etdiriləcək.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Seçilən
17
ikisahil.az

1Mənbələr