AZ

Görkəmli bəstəkar Üzeyir Hacıbəyli Mikayıl Abdullayev tablolarında

Təsviri sənət tariximizə nəzər saldığımız zaman görə bilərik ki, rəssam, heykəltaraş və s. kimi yaradıcı ziyalılarımız Üzeyir Hacıbəyli kimi təqdirəlayiq milli xarakterlərin təsvirlərini yaratmağı hər zaman özləri üçün başlıca meyar seçmişlər. Mikayıl Abdullayev, Tahir Salahov, Nəcəfqulu İsmayılov, Tokay Məmmədov, Ömər Eldarov kimi bir çox rəssam və heykəltaraş dahi bəstəkara ithafən, janr və növ müxtəlifliyi ilə seçilən sənət əsərləri ortaya çıxarmaqla sonsuz məharət göstərmişlər. Beləliklə, bəstəkarın bizə tanış olan xarakterik cizgilərini qüsursuz şəkildə rəsm etməyi bacaran sənətkarlar, onun bədii-psixoloji tutuma malik, bir-birindən dəyərli təsvirlərini milli mədəniyyət xəzinəmizə ərmağan etmişlər.

Adları sadalanan rəssamların arasında xüsusilə Mikayıl Abdullayevin portret yaradıcılığı Ü.Hacıbəyli mövzusunda olduqca müvəffəqiyyətli olmuşdur. O, dahi bəstəkara bir-neçə portret həsr etmiş, Üzeyir bəy dühasının böyüklüyü haqqında ən dəqiq konturları da məhz o verə bilmişdir. M.Abdullayevin qəhrəmanları çox olub. Xatirələrində də bu barədə söz açır, amma onun yaddaşında dərin iz salan, “Unudulmaz obraz” adlandırdığı qəhrəmanı böyük bəstəkar Ü.Hacıbəyli olmuşdur.

1943-cü ildə yaradılmış, sadəliyi, səmimiliyi, mənəvi zənginliyi ilə tamaşaçının qəlbinə yol tapan bəstəkarımız Ü.Hacıbəylinin portreti rəssam M.Abdullayevin nailiyyəti idi.

Gələcəkdə Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi kimi tanınacaq olan 22 yaşlı gənc rəssam portretin yaranma tarixçəsi ilə bağlı öz xatirələrində qeyd edir: “Yadımdadır, 1943-cü ildə C.Cabbarlı adına Azərbaycan Teatr Muzeyinin açılışına hazırlıq görülürdü. Muzeyin ekspozisiyasında böyük bəstəkarımız Üzeyir Hacıbəylinin portreti olmalı idi. Bu şərəfli iş bu sətirlərin müəllifinə tapşırıldı.

Mən portreti naturadan çəkmək niyyətində idim. Lakin məlum oldu ki, Üzeyir bəy bu barədə heç eşitmək belə istəmir. Sən demə, rəssamlardan kimsə onun Moskvada bir xeyli vaxtını alıb, amma nəticəsi olmayıb. Nəhayət, Üzeyir bəyin bu işə razılıq verməsi xəbəri mənə çatanda sevinc qarışıq həyəcan keçirməyə başladım.

Konservatoriyanın direktoru Üzeyir bəyin kabinetində, pəncərə qabağında iş yerimi rahatlayaraq molbertin ayaqlarını açıb qurdum və rəngləri sahmanladım. Lövhə üçün hazırladığım çərçivəli kətanı üçayaqlı molbertə bənd etdim. Divardan asılan qədim saat zəngi on dəfə çaldı. Üzeyir bəy kabinetə daxil olanda mən cəld ayağa qalxdım və biz ehtiramla salamlaşdıq. Sonra o, kresloya əyləşdi və əllərini kreslonun qolları üstünə qoyub soruşdu: “necə oturmalıyam?” Mən tez cavab verdim: “elə bu cür, oturduğunuz kimi sərbəst”. Kompozisiyanın mərkəzində görkəmli bəstəkarın məğrur surəti yüksəlir. Məşğuliyyətindən  bir anlığa ayrılan bəstəkarın müdrik siması, insan qəlbinə nüfuz edən nəzərləri canlıdır, təsirlidir. Onun kəskin üz cizgilərində, oturuşunda, libasında dinamika və həyəcan duyulur.

M.Abdullayev həcm etibarilə çox da böyük olmayan bu tablonu üç-dörd günə bitirmiş və muzeyin tələsməsinə baxmayaraq, portreti çox bəyənən bəstəkara bağışlamışdı. Rəssamın qeydlərində oxuyuruq: “Səhər gəlib kabineti açdırdım ki, portreti və molberti aparım. Komendant qapını aça-aça mənə dedi: “Portreti dünən axşam biz apardıq Üzeyir bəyin evinə. Məleykə xanım portretə baxmaq istəyir ama xəstə olduğuna görə bura gələ bilmir”. Amma beş gün portretdən xəbər çıxmadı.

Doğrusu, Üzeyir bəyin evinə özüm zəng vurmağa utanırdım, odur ki, gəlib Ramazanı (Ü.Hacıbəyovun şəxsi katibi Ramazan Xəlilov) tapdım. O dedi: “Açığını deyim, bilirsən nə var? Portret onların o qədər xoşuna gəlib ki, vermək istəmirlər. Hətta məni müvəkkil ediblər sənə deyim və öyrənim, o portretin qiyməti nə qədərdirsə, Üzeyir bəy dəyər-qiymətini sənə vermək istəyir”. Düzü, mən bərk pərt oldum və bunu Ramazan da hiss etdi. Dedim: “Ramazan, nə danışırsan? Dünyasında heç mən belə şeyə razı olmaram. Üzeyir bəy Moskvada oxuyan bizim yaradıcı gəncliyə daim atalıq etmişdir. Elə mən də onların içərisində. Bunu məndən də yaxşı bilirsən. İndi mən durub ondan portret haqqı alım? Əksinə, bu mənim üçün şərəfdir!”.              M.Abdullayev tezliklə muzey üçün ikinci, daha böyük portret üzərində işləməyə başlamışdı. Üzeyir bəy rəssama növbəti dəfə də böyük məmnuniyyətlə poza vermişdi.

İkinci portretdə dahi bəstəkar bu dəfə kabinetindəki iş masasının arxasında, əllərinin barmaqlarını bir-birinə keçirib əyləşmişdir. Sənətkar bəlkə də, yeni bəstələdiyi əsərindən indicə ayrılmışdır. Tünd koloritli bu portretdə bəstəkarın üzü və əlləri işıqlandırılmış, onun təmkinli siması, düşüncəli nəzərləri canlandırılmışdır

Qeyd edək ki, Teatr Muzeyinin açılışı bir qədər də gecikdiyi üçün rəssamın ikinci portreti İncəsənət Muzeyinə verilmişdi

M.Abdullayev 1944-cü ildə, Teatr Muzeyi üçün növbəti, üçüncü portreti işləməyə başlamışdı. Bu portretdə isə Üzeyir bəy özünün ən çox xoşuna gələn fotoşəkillərindən birini rəssama bağışlamışdı. Rəssam bu fotoşəkilin vasitəsi ilə portreti uğurla tamamlamışdı.

Bildirək ki, bəstəkara bağışlanılan birinci portret onun vəfatından sonra bir müddət Moskvadakı M.İ.Qlinika adına Musiqi Mədəniyyəti Muzeyində nümayiş etdirilmişdir. Əsər M.Abdullayevin muzeyə yeni bir portret təqdim etməsindən sonra yenidən Bakıya-ev muzeyinə qaytarılmışdır. Buradan belə nəticəyə gəlinir ki, sənətkar rəsm etdiyi macəralı üç portretdən əlavə bir və ya bir-neçə portret üzərində də işləmişdir. Bu barədə rəssamın öz qeydlərində də oxuyuruq: “Böyük bəstəkarımızın iri həcmli obrazını yaratmaq niyyətindəyəm. Bu lövhəni hələ 1943-cü ildə çəkdiyim akvarel eskizə əsasən işləyəcəyəm. Həmin eskizi bəstəkarın özü ilə birlikdə müzakirə etmişdim və hətta onun bu işdə bəzi arzu və qeydlərini indiyədək unutmamışam.

Bu gün bəstəkarın ev muzeyinin ekspozisiyasını bəzəyən tablolar içərisində rəssamın Üzeyir bəyə həsr etdiyi “Xeyir-dua”(1990) adlı süjetli tablosu istər mövzu, istərsə də bədii-estetik cəhətdən olduqca yaddaqalandır. Çoxfiqurlu kompozisiyaya malik bu tabloda xan qızı Natəvanın balaca Üzeyiri Qori Müəllimlər Seminariyasına ilk dəfə imtahan verməyə yola salması əks olunmuşdur. Yeri gəlmişkən qeyd edək ki, bu tarixi görüş haqqında Natəvanın arxivində saxlanılan sənəd də xəbər verir. Bu sənədi bəstəkarın qardaşı Zülfüqar Hacıbəyli yazmış, Üzeyir Hacıbəyli isə təsdiq etmişdir. Sənəddə yazılır: “Keçmişdə verdiyim qeydə əlavə olaraq təsdiq edirəm ki, 1896-cı ildə qardaşım Ü.Hacıbəyli ilə bərabər Qori şəhərinin müəllimlər məktəbinə imtahan vermək üçün Tbilisi şəhərinə yola düşərkən əmim Hacıbəy Hacıbəylinin vasitəsi və müşayiəti ilə o vaxt xan qızı Xurşudbanı bəyimin (Natəvanın) yanına gəldik ki, bizə xeyir-dua versin”.

Qeyd edək ki, bəstəkar seminariyaya həmin il yox, şairənin ölümündən sonra 1899-cu ildə daxil olmuşdur. Vurğulayaq ki, o zamanlar maarifin, elmin himayədarı olan şairə uzaq yerlərə təhsil almaq üçün gedənlərə xeyir-dua verərmiş. Beləliklə, bu faktı və tarixi görüşü nəzərə alan M.Abdullayev Şuşa fonlu bu tablonu fırçaya almışdır. Rənglərin təzadından və təsiretmə gücündən ustalıqla istifadə edən rəssam personajların hər birinin kompozisiyanın bütövlüyünə xidmət etməsinə müvəffəq olmuşdur. Rəssamın zəngin təxəyyülünün məhsulu olan, parlaq, olduqca nəfis, rəng baxımından peşəkarcasına rəsm edilən bu kompozisiyada görüntüyə gətirilən fiqurları hərəkətdə əks etdirən rəssam talblonun ritmik oynaqlığına nail olmuşdur. Göründüyü kimi, rəssam Ü.Hacıbəyli obrazına müxtəlif  vaxtlarda, bir-neçə dəfə müraciət etmiş, beləliklə, zaman keçdikcə Üzeyir bəy obrazı rəssamın fırçasında yeni çalarlar, daha orijinal xarakterik təsvir qazanmışdır.

Budur, sənətkarın yüksək peşəkarlıqla yaratmış olduğu əsərlərindən biri. Rəssam 1995-ci ildə Üzeyir bəy mövzusuna yenidən qayıtmış, “Üzeyir Hacıbəyli və Səməd Vurğun” adlı tarixi tablonu fırçaya almışdır. Cəlbedici rəng və poza zənginliyini şərtləndirən bu tablo həm də tarixilik baxımından yadda qalır. Belə ki, tabloda iki əqidə dostunun Azərbaycan SSR Dövlət Himnini  yazdıqları an təsvir edilmişdir.

Fiqurların duruşundakı pafos və ustalıqla işlənmiş gerçəkçi xarakter  tablonun mükəmməlliyini təmin edən başlıca keyfiyyətlərdəndir. Mahir portret ustası olan rəssam bu əsərində də qəhrəmanlarının daxili aləminə nüfuz etmiş, onların psixologiyasını, mənəvi keyfiyyətlərini məharətlə rəsm edə bilmişdir. Bütün bu detalların birgə vəhdəti əsəri, müəllifin son dövr yaradıcılığının ən böyük uğurlarından biri kimi qiymətləndirməyə əsas verir.

Vurğuladığımız kimi M.Abdullayevin portretləri arasında Üzeyir bəyin obrazını əbədiləşdirən lövhələri xüsusilə müvəffəqiyyətlidir. Rəssam bu işlərində də hər şeydən əvvəl öz qəhrəmanının daxili səmimiliyini duyan və düzgün formada, təravətli rənglərlə canlandırmağı özü üçün başlıca məqsəd seçən bir sənətkar kimi çıxış etmişdir. Portretlərin heç birində təkrarçılığa yol verməmiş, kompozisiyalarını olduqca orijinal qurmuş, sənətin yeni zirvələrini fəth etmişdir.

Beləliklə, insan surətində psixoloji əhvali-ruhiyyəni açıb göstərmək, naturanı hər tərəfli dərk edib, onun formasını, həcmini, rənglərin təbii münasibətini, bədii-emosional təsir gücünü üzə çıxarmaq sahəsində axtarışlar edən M.Abdullayev bəstəkarın portretlər silsiləsini yaratmaq kimi şərəfli bir vəzifəni qarşısına məqsəd qoymuş və buna nail olmuşdur. Bu əsərlərin üstünlüyü onların yalnız bədii cəhətdən maraqlı, orijinal həllində deyil, həmçinin dahi bəstəkarın yüksək mənəvi dəyərlərə malik olmasından irəli gəlirdi. Rəssamın  bu tabloları sonrakı dövr rəssamları üçün portret yaradıcılığı məktəbi əhəmiyyəti kəsb edir desək, yanılmarıq.

Şəmsiyyə Zalova,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı

Seçilən
7
ikisahil.az

1Mənbələr