AZ

Apple Vision Pro-nu yeniləmək üçün İsrail startapını alır

Apple, 2024-cü ildə təqdim etdiyi Vision Pro ağıllı eynəklərində istifadə etmək məqsədilə İsraildə fəaliyyət göstərən TrueMeeting startapını alıb. Bu alqı-satqı əməliyyatı yanvar ayında baş tutsa da, şirkət bunu yalnız yaxınlarda açıqlayıb. Apple hazırda TrueMeeting-in texnologiyasını Vision Pro eynəklərinin “Personas” funksiyasına inteqrasiya etmək üzərində çalışır.

Valyuta.az TrueMeeting, video zənglər və artırılmış reallıq mühitində real görünüşlü 3D avatarların yaradılması üzrə ixtisaslaşmış bir startapdır. Şirkət veteran sahibkarlar Amir Bassan-Eskanazi və Ran Oz tərəfindən təsis olunub. Onların əvvəllər Optibase, Vcon və BigBand kimi video texnologiyaları şirkətləri ilə əməkdaşlıqları olub.

TrueMeeting-in texnologiyası istifadəçilərə telefon vasitəsilə üzlərinin skan edilməsinə və real vaxtda mimikalar, jestlər və bədən hərəkətlərini əks etdirən rəqəmsal avatar yaratmağa imkan verir. Bu, üz-üzə görüş ilə onlayn Zoom zəngləri arasındakı fərqi minimuma endirməyə xidmət edir. Apple bu texnologiyanı Vision Pro ağıllı eynəklərində istifadəçinin öz şəxsiyyətini virtual mühitdə əks etdirən “Personas” funksiyasına əlavə etməyi planlaşdırır. Hal-hazırda istifadəçilər Apple-ın bu sistemini reallıq hissi az olduğu və avatarların onları kifayət qədər dəqiq əks etdirmədiyi üçün tənqid edirlər.

TrueMeeting alqı-satqıdan əvvəl 45 milyon dollar investisiya cəlb edib. İnvestorlar arasında Grove Ventures, StageOne Ventures və Matrix Partners kimi fondlar, həmçinin Check Point şirkətinin təsisçisi Gil Shwed kimi şəxsi sərmayəçilər var. Təxminən 20 TrueMeeting əməkdaşı Apple-ın İsraildəki inkişaf mərkəzinə qoşulub. Əməliyyatın maliyyə detalları açıqlanmır.

Bu satınalma Apple-ın artırılmış reallıq və virtual avatar texnologiyalarına olan marağının və bu sahədə qabaqcıl mövqeyini möhkəmlətmək istəyinin göstəricisidir.

Seçilən
42
valyuta.az

1Mənbələr