2025-26 mövsümündən etibarən Azərbaycan Premyer Liqasında mübarizə aparacaq "İmişli" klubunun oyunlarını hansı stadionda keçirəcəyi hələ də müəmmalıdır.
Offsideplus.az xəbər verir ki, bölgə təmsilçisi matçlarını Quba Olimpiya İdman Kompleksində keçirmək istəyir. Klub bu stadionun standartlara cavab verib-verməməsinin yoxlanılması üçün PFL-yə müraciət edib.
Bunu Azərbaycan Premyer Liqasının yeni mövsümünün püşkatma mərasimindən sonra PFL-nin texniki idman direktoru Elgiz Abbasov söyləyib. O, qurumun əməkdaşlarının yaxın günlərdə stadiona baxış keçirəcəyini qeyd edib.
Digər yeni klubumuz "Karvan" təmir işləri bitənə qədər oyunlarını Şamaxı şəhər stadionunda keçirəcək.
Bundan əlavə, "Turan Tovuz" 20 iyuldan etibarən Tovuz şəhər stadionunda təmirə başlayacaq. Təmir işləri yekunlaşana qədər Tovuz təmsilçisi "Azərsun Arena"dan istifadə edəcək.
Gəncə şəhər stadionunun təmir işləri yekunlaşmadığı üçün "Kəpəz" ötən mövsüm olduğu kimi "Qəbələ" stadionunda oyunlarına çıxacaq.