BAKI, 18 iyul, TELEQRAF
2025-ci ilin birinci yarımili ərzində əməliyyat qurumları tərəfindən 59 cinayət işi başladılıb.
Teleqraf xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində əməliyyat müşavirəsində məlumat verilib.
Qeyd olunub ki, keçirilmiş 12 əməliyyat-axtarış tədbiri nəticəsində korrupsiya cinayəti törədən 10 şəxs cinayət başında yaxalanmış, habelə axtarışda olan 7 nəfər saxlanılıb.
Vurğulanıb ki, hesabat dövrü ərzində Baş İdarə tərəfindən 113 şəxs barəsində 72 cinayət işinin ibtidai istintaqı tamamlanmış, onlardan 85 şəxs barəsində 54 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib. Məhkəmələrə göndərilmiş cinayət işlərinin mütləq əksəriyyəti üzrə ittiham hökmləri çıxarılmış, qalanları isə hazırda məhkəmə baxışındadır.
Hesabat dövrü ərzində istintaqı başa çatdırılmış cinayət işləri üzrə ümumilikdə özgə əmlakına vurulmuş 23 milyon 512 min 325 manat məbləğində maddi ziyandan 5 milyon 634 min 673 manatının ödənilməsi təmin olunub.
Zərərin ödənilməsi məqsədilə istintaqı başa çatdırılmış cinayət işləri üzrə 12 milyon 2 min 365 manat məbləğində əmlak üzərinə həbs qoyulması təmin edilib.