İrlandiyada 75 yaşlı milyonçu fermer Co Qroqan (Joe Grogan) özündən 25 yaş kiçik baxıcısı Lisa Flaherty ilə 2023-cü ilin 14 aprel tarixində gizli şəkildə nikaha daxil olub.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, cütlük bu mərasimi yaxınlarına xəbər vermədən rəsmi qeydiyyat şöbəsində keçirdib. Lakin nikahdan cəmi bir gün sonra milyonçu fermer qəfil şəkildə vəfat edib.
Hadisədən sonra təxminən 5,5 milyon avro (təqribən 260 milyon manat) dəyərində olan 220 hektarlıq torpaq sahəsi və digər əmlaklar Lisaya miras qalıb. Gözlənilməz ölüm və var-dövlətin yeni evlənmiş dul qadına keçməsi ailə üzvləri arasında mübahisələrə səbəb olub.
Qroqan ailəsinin vəkilləri ölüm səbəbinin aydınlaşdırılması üçün məsələni məhkəməyə daşıyaraq İrlandiya polisindən ətraflı araşdırma tələb ediblər. Offali bölgəsində keçirilən məhkəmə iclasında bildirilib ki, Qroqan vəfat etdikdən sonra cəsədi mumiyalanıb. Bu da ölüm səbəbini müəyyənləşdirmək üçün zəruri tibbi analizlərin aparılmasına imkan verməyib.
Qroqanın həyat yoldaşı Lisa Flaherty məhkəmədə bildirib ki, ərinə yanvar ayında 4-cü mərhələdə Non-Hodgkin limfoması diaqnozu qoyulmuşdu və o, bu xəstəlikdən ölüb.
Lakin ailənin hüquqşünası Damien Tansey ölümün lazımi səviyyədə araşdırılmadığını qeyd edərək, işin müvafiq orqanlara ötürülməsi üçün müraciət edib.
Məhkəmə yekununda baş məhkəmə eksperti Raymond Mahon təqdim edilən sübutlara əsasən, Qroqanın ölüm səbəbinin yüksək ehtimalla infeksiya olduğunu açıqlayıb və ailənin ətraflı tibbi araşdırma tələbi rədd edilib.