AZ

Varlılar dostlarını necə seçir? – Bu, onların uğur sirridir - SƏHƏR OXUSU

Əgər qazancınız ayın sonuna çatmırsa və ya maliyyə baxımından harada olmaq istədiyinizi bilmirsinizsə, gözlərinizi açın və ətrafınıza diqqətlə baxın.

Çox vaxt ətrafınızdakı ən yaxın dostlara baxaraq nəyə sahibsiniz, nəyə yox bunu təxmin etmək mümkündür. 

Əgər daha çox pulunuzun olmasını istəyirsinizsə, bəlkə də daha çox pulu olan insanlarla dostluq etməli və bu həyat tərzini yaxından müşahidə etməlisiniz.

Sizdən daha uğurlu insanlarla vaxt keçirmək təkcə düşüncə tərzinizi dəyişməyə və yeni bacarıqlar qazanmağa şərait yaratmır, həm də gəlirinizi artıracaq yeni fürsətlərlə qarşılaşma ehtimalınızı artırır. Zamanla biz ətrafımızdakı insanlara bənzəyirik. Uğurlu insanlar dost olaraq yenə uğurlu insanları seçirlər. Bu qayda cəmiyyətin digər təbəqələri üçün də keçərlidir.

Lakin varlılar üçün bu daha da nəzərəçarpandır. Onların ətrafında adətən maliyyə baxımından özlərinə bərabər olan insanlar olur.

Valyuta.az xəbər verir ki, əslində, bu vəziyyət səthi bir seçim prosesi ilə əlaqəli deyil. Bunun kökündə müxtəlif təbəqələrin düşüncə sistemlərindəki fərqliliklər durur.

Milyonerlər pula orta təbəqədən fərqli yanaşırlar. Onların baxış bucağından öyrəniləcək çox şey var. Daha da maraqlısı odur ki, bir çox milyonerlər gözlənildiyindən daha təvazökar olurlar. Onlar özlərini hədəfə çatmış insanlar kimi yox, uzun bir yolun üzərində olan səyahətçilər kimi görürlər. Çoxu özünü “milyarder olmağı bacarmayan” biri kimi tanıdır.

Onsuz da əgər biri milyardlar qazana biləcəksə, niyə milyonlarla kifayətlənsin? Bu səbəbdən milyonerlər daim daha elit qruplara daxil olmağa, milyarderlərlə əlaqə yaratmağa çalışırlar – bu yolla baxış bucaqlarını genişləndirmək və işlərində yeni addımlar atmaq istəyirlər.

Orta statistik insanın milyonerlə tanış olmaq istəməsinin səbəbi dostlarına “bir milyonerlə tanışam” demək arzusu ola bilər. Digər tərəfdən milyonerlər milyarderlərlə əlaqə quraraq onların necə düşündüyünü, hadisələrə necə yanaşdıqlarını öyrənmək istəyirlər.

Bu iki qrupu bir-birindən ayırmaq olar: biri oyunu izləyənlər, digəri isə oyunun içində olanlar. Sual sadədir:

Siz hansı qrupdasınız?

Dürüst olun və aynanın qarşısında özünüzə bu sualı verin: Sosial çevrənizdə iş yoldaşlarınız, məsləhətçiləriniz və s. arasında neçə nəfər maliyyə baxımından güclü və müstəqil bir mövqedədir? Gələn il bu insanlarla daha çox vaxt keçirəcəyinizə dair özünüzə söz verin. Bu, varlı gələcəyə atacağınız ilk addım ola bilər. Çünki dostlarınız və var-dövlət səviyyəniz arasındakı əlaqə düşündüyünüzdən daha güclü ola bilər.

Bir çox valideyn övladlarına yeni əlaqələr qurmağın və şəbəkə yaratmağın nə qədər vacib olduğunu öyrətmir.

Onlar sadəcə övladlarının populyar olmasını, çoxlu dost qazanmasını və məktəbdə xoş günlər keçirməsini arzulayırlar. Amma həmin dostların necə qazanılacağını onlara öyrətmirlər.

Varlı valideynlər isə bu məsələyə daha fərqli yanaşır. Onlar da övladlarının uşaqlıqda əylənməsini istəyirlər, lakin eyni zamanda yeni əlaqələrin qurulmasının və güclü sosial çevrənin formalaşdırılmasının vacibliyini də bilirlər.

Bu əhəmiyyətli bacarığı uşaqlarına elə məktəb illərindən aşılayırlar. Bu cür yanaşma orta səviyyəli uğurla fövqəladə imkanlar arasında fərq yarada bilər. Çoxları övladının məktəbin futbol kapitanı və ya ən məşhur rəqqas qız olmasını istəyərkən, varlı ailələr övladlarının gələcəyini elə o gündən qurmağa başlayır və güclü sosial strukturla gələcəyə sərmayə yatırırlar.

Bu arada bir məsələni də qeyd etmək lazımdır ki, “varlı dostlar tap” tövsiyəsi bir çox insan üçün elitar və ya orta sinifə qarşı ayrı-seçkilik kimi səslənə bilər. Amma məqsədimiz heç vaxt ayrı-seçkilik deyil. Maddi imkanlardan asılı olmayaraq hər kəs xoşbəxtlik gətirən şeylərə sahib ola bilməlidir. Bu, hər nə qədər ideal bir istək olsa da, reallıqda bu düşüncə bir qədər sadəlövhlükdür. Doğru və ya səhv , varlı olmaq sizə müəyyən imtiyazlar qazandırır. Varlılığa gedən yolda atacağınız ilk addım da varlı insanlarla daha çox vaxt keçirmək, onların necə düşündüyünü və vaxtlarını necə dəyərləndirdiklərini müşahidə etməkdir. Bu təcrübəyə dünyagörüşünüzü genişləndirən bir addım kimi baxa bilərsiniz.

Yüksək təhsil almış insanlar akademik elitalarla vaxt keçirməyi sevirlər. Bədən quruluşuna fikir verənlər sağlam həyat tərzinə önəm verən başqalarıyla yaxınlıq qururlar. Dindar insanlar özü qədər dindar dostlar axtarır.

Zəngin insanlar da eyni şəkildə zəngin çevrədə olmağa üstünlük verirlər. Will Rogers’ın da dediyi kimi: “İki cür öyrənmə yolu var: ya oxuyaraq, ya da sizdən daha ağıllı insanlarla birlikdə olaraq". 

Dost seçimində nələrə diqqət etməlisiniz?

Bəs varlı insanlar dost seçərkən nələrə diqqət edirlər?

 Əvvəldən qeyd etdiyimiz kimi, ünsiyyətdə olduğunuz insanlar həyatınızı necə yaşadığınızdan tutmuş, nə qədər xoşbəxt olduğunuza qədər bir çox şeyi müəyyən edir.

Uğurlu və varlı insanlar münasibətlərini gücləndirmək və möhkəmləndirmək üçün daima şüurlu şəkildə çalışırlar.

177 milyonerlə aparılmış başqa bir tədqiqat göstərib ki, bu insanlar hələ varlı olmamışdan öncə də özlərinə ilham verən, olmaq istədikləri yerlərdə olan insanlarla vaxt keçirirdilər. Qısacası, uğurlu və varlı dostlar qazanmadan əvvəl onlarla ünsiyyətdə olurdular.

Orta statistik insan dostlarını şüursuz şəkildə seçir. Müdirimiz, sevgilimiz, şərikimiz, hamısı həyatın bir mərhələsində təsadüfən qarşılaşdığımız insanlardır. Cəmiyyətin əksəriyyəti ətrafını özünə bənzər insanlarla doldurur. Ünsiyyətdə olduqları insanların çoxu özləri ilə bənzər vərdişlərə, baxış bucaqlarına və iş prinsipinə sahib olur.

Bəli, oxşar insanlar bir-birini tapır. Və biz bunu çox vaxt şüursuz şəkildə edirik.

Amma münasibətlərinizi analiz etsəniz, sizi aşağıya çəkən insanlara ehtiyacınız olmadığını anlayacaqsınız. Həyatınızı sizi yuxarıya aparacaq insanlarla doldura bilərsiniz.

Varlı insanlarla vaxt keçirməklə varlı olmağı öyrənmək mümkündür. Amma nə axtardığınızı bilməlisiniz.

Varlı insanlar kimlərlə vaxt keçirdiklərinə xüsusi diqqət yetirirlər. Onlar müəyyən şəxsi keyfiyyətlərə malik insanları seçirlər. Sizin də aşağıdakı xüsusiyyətlərə malik insanlarla dostluq qurmağa çalışmanız tövsiyə olunur:

• Müsbət dünyagörüşü

• Etibarlılıq

• Ruhlandıran münasibət

• Sədaqət

• Maliyyə sabitliyi

• Əzm və işgüzarlıq

• Öz ayaqları üzərində durmaq bacarığı

• Güclü iradə və intizam

• Həvəs və ehtiras

• Minnətdarlıq

Bəs uzaq durmalı olduğunuz xüsusiyyətlər hansılardır​​​​​​​​​​? 

Toksik münasibətlərə meyilli insanlar adətən yuxarıdakıların tam əksinə malik şəxslərlə ünsiyyət qururlar.

Bu iki qrupu fərqləndirən xüsusiyyətləri real həyatda tanımağa başladığınızda gözləriniz açılacaq və ətrafınızdakı insanlara daha diqqətlə baxmağa başlayacaqsınız. Hər kəslə olan münasibətinizi dəyərləndirə biləcək, kimlərlə münasibət qurmağa davam edib, kimlərdən uzaq durmalı olduğunuza qərar verə biləcəksiniz.

Varlı münasibətlər sizə sağlam vərdişlər və pozitiv baxış qazandıracaq, bu da həyatınızda bir addım önə çıxmağınıza kömək edəcək. Yeni qapılar açacaq, yeni fürsətlərlə qarşılaşacaqsınız. Həyatınıza sizə yaxşı təsir edən insanlar daxil etdikcə həyat keyfiyyətinizin artdığını hiss edəcəksiniz.

Günay

Seçilən
98
19
valyuta.az

10Mənbələr