AZ

Paşinyan Zəngəzur dəhlizi barədə ABŞ-ın son planını dəstəklədi...


Mehman İsmayılov: "O, bu sadə məntiqi isbatlayaraq cəmiyyətin özünə qarşı təzyiqini neytrallaşdırmaq istəyir"

Paşinyan Zəngəzur dəhlizinin ABŞ-ın nəzarətinə verilməsinin müzakirə edildiyini, Amerikanın və Ermənistanın bu məsələdə maraqlı olduğunu bildirdi.

Ermənistan dəmir yollarının idarə edilməsi Rusiya şirkətinə verilib. Bu o deməkdir ki, Ermənistanın rezident şirkəti olan və Ermənistan Respublikasının qanunvericiliyi çərçivəsində fəaliyyət göstərən Cənubi Qafqaz Dəmir Yolu adlı şirkət yaradılıb.

Bunu iyulun 16-da keçirdiyi mətbuat konfransında Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzurdan (Sünik) keçən yol da Rusiya şirkətinə icarəyə verilə bilərmi sualına cavab verərkən deyib.

"Cənubi Qafqaz Dəmiryolunun nəzarətində olan bir kvadrat millimetr ərazi belə yoxdur ki, orada Ermənistan Polisinin və hər hansı dövlət orqanının səlahiyyətləri məhdudlaşdırılsın. Bu ərazi bütünlüklə Ermənistanın yurisdiksiyası və suverenliyi altındadır. Eyni modeldən danışırıq. Sual yaranıb ki, ABŞ maraqlıdırmı? Biz ABŞ-ın marağındayıqmı? Bəli, biz ABŞ-ın marağındayıq. Biz də bunda maraqlıyıq, məsələn, Ermənistan-Amerika müəssisəsi hansı variantı müzakirə edirsə, biz bunu Ermənistan Respublikasının suverenliyi və yurisdiksiyası çərçivəsində nəzərdən keçiririk. Bu barədə razılıq əldə olunacaq, hazırda təklif vermək sırası Amerikadadır və biz bunu müzakirə edirik, razılıq əldə olunan kimi siz bundan xəbər tutacaqsınız”, - deyə Paşinyan bildirib.

Bəs İran və Rusiya bu dəhlizə nəzarətin üçüncü dövlətə, ABŞ-a verilməsinə razılaşacaqmı?

Politoloq Mehman İsmayılov baki-xeber.com saytının sualını cavablandırarkən dedi ki, Paşinyan Zəngəzur dəhlizinin ABŞ-ın nəzarətinə və ya birgə yaradılmış şirkətin operatorluğuna verilməsini deməklə, ardınca isə burada təhlükəli heç nəyin olmadığını söyləməklə erməni cəmiyyətinə bu cür əqdlərin heç də eksterritorial dəyişikliklərə gətirib çıxarmayacağı mesajını verir. Çünki Rusiya, İran və Ermənistanın revanşist qüvvələri bütün gücü ilə Zəngəzur dəhlizinin açılmasını Ermənistanın ərazi bütövlüyünün və suverenliyinin pozulması kimi təqdim edir. Paşinyan isə bunun qarşısını almaq üçün bu cür bəyanatlar verir. Paşinyan öz cəmiyyətni inandırmağa çalışır ki, bu gün Ermənistanın ərazisində dəmir yolları və Zvartnos hava limanı üçüncü qüvvələr tərəfindən idarə edilir və bu onların Ermənistanın yurisdiksyasından çıxması anlamına gəlmir. O, bu sadə məntiqi isbatlayaraq cəmiyyətin hakimiyyətə qarşı təzyiqini neytrallaşdırmaq istəyir. Çünki hazırda Ermənistanın dəmir yolları Rusiyanın dəmir yolları şəbəkəsinin tərkibindədir. Paşinyan bunu misal gətirir ki, bu bizim dəmir yollarının Ermənistanın yurisdiksiyasindan çıxdığı anlamına gəlmir.

Digər məsələ ondan ibarətdir ki, nəyə görə ABŞ Azərbaycanla Ermənistanın münasibətləri yaxınlaşdığı bir məqamda - Əbu-Dabidə keçirilən görüşdən sonra Zəngəzur dəhlizinə nəzarətin onun özəl bir şirkətinin operatorluğuna verilməzi təklifini ortaya atır? Doğrudanmı ABŞ inanır ki, İranın burnunun ucunda Amerika şirkəti Tehranın müqavimət göstərdiyi, "Turan dəhlizi", "NATO dəhlizi" adlandırdığı Zəngəzur dəhlizində operatorluq edə bilər? Doğrudanmı ABŞ inanır ki, Rusiya buna müqavimət göstərməz?

Fikrimizcə, ABŞ verdiyi bu bəyanatla demək istəyir ki, Zəngəzur dəhlizində nə Rusiya, nə də İran moderatorluq edə bilər, bu bir xəbərdarlıqdır. Bəlkə də moderatorluğu hansısa bir Avropa şirkəti üzərinə götürə bilər.

Paşinyan onu da qeyd etdi ki, operatorluğu üzərinə götürən şirkət gəlib dəhlizin tikintisinə investisiya qoymalıdır. Bu da cəmiyyətdən gələn təzyiqi azaltmağa yonəlmiş ifadədir. Əsas məsələ bir tərəfdən Rusiyanin qızışdırdığı cəmiyyətin müqavimətini azaltmaqdir, digər tərəfdən ABŞ-ın verdiyi bəyanatlar Rusiyaya və İrana edilən xəbərdarlıqdir ki, sən burada heç bir səlahiyyətə malik ola bilməzsən".

Akif NƏSİRLİ

Seçilən
98
50
baki-xeber.com

10Mənbələr