AZ

"Trampın 50 günlük ultimatumunun arxasında nə dayanır?" - Hərbi ekspertdən açıqlama

"Ukraynanın əks-hücum potensialı hələ də böyükdür, lakin zaman itirilir..."

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinə qarşı 50 günlük ultimatum irəli sürərək, bu müddət ərzində müharibə dayandırılmazsa, daha sərt sanksiyalar tətbiq olunacağını bəyan edib.

Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.

Qeyd edilir ki, Tramp eyni zamanda Avropanın hesabına Ukraynaya silah veriləcəyini də vəd edib. Bu ziddiyyətli yanaşmanı Avstriya hərbi tarixçisi və Viner-Noyştadt Hərbi Akademiyasının müəllimi polkovnik Markus Raysner Almaniyanın "Deutsche Welle" nəşrinə şərh edib.

Rəqəmlər konkret, məzmun isə qeyri-müəyyəndir

Markus Raysnerin fikrincə, Trampın verdiyi 50 günlük möhlət çox uzun müddətdir. Üstəlik, bu qərar da kifayət qədər konkret deyil. Tramp və Putin iyulun əvvəlində telefonla danışıb, Putin isə bu danışıqda yaxın 60 gün ərzində vəziyyəti daha da gərginləşdirəcəyini bildirib. Raysner hesab edir ki, Tramp bu 50 günü təqdim etməklə əslində Putinə dolayısı ilə "eyniilə davam et" siqnalı verir. Üstəlik, Trampın Ukraynaya vəd etdiyi silahlar da, məsələn, "Patriot" sistemləri əsasən müdafiə xarakterlidir.

Amma burada da suallar qalır: "17 Patriot" dedikdə, 17 batareya nəzərdə tutulur, yoxsa sadəcə 17 buraxılış qurğusu? Hətta bu texnika belə yalnız müdafiə üçündür. Halbuki, Ukraynanın Rusiya tərəfindən işğal olunmuş ərazilərdə də müəyyən təzyiq göstərmək imkanı olmalıdır. Bunun üçünsə yüksək dəqiqli, uzaqmənzilli hücum sistemləri lazımdır.

Rusiyanın yay hücumu artıq tam gücü ilə davam edir

Ekspertin fikrincə, Rusiyanın yay hücumu sıradan bir ərazi ələ keçirmə əməliyyatı deyil, istismar və tükətmə üzərində qurulmuş planlı bir strategiyadır. Cəbhə xətti şərti olaraq üç sektora bölünür: şimal (Sumı-Xarkov), mərkəz (Kupyansk-Pokrovsk) və cənub (Zaporojye-Xerson). Rusiya ordusu xüsusilə şimalda və cənubda Ukrayna qüvvələrini yaymaqla mərkəzdə - Donbasda mövqelərini gücləndirməyə çalışır.

Raysner Pokrovsk və Konstantinovka istiqamətində Rusiya tərəfindən ikitərəfli "qazan" taktikası müşahidə olunduğunu deyir. Burada Rusiya qüvvələri Ukrayna müdafiə xəttini yararaq mühüm təchizat yollarını kəsməyə çalışır. Əgər bu cəhdlər uğurlu olarsa, həmin şəhərlər mühasirəyə düşə və tamamilə iflic ola bilər.

Ukraynanın əks-zərbələri və sınaqdan çıxmış effektivlik

Ukraynanın son illərdə "ümidsiz" vəziyyətlərdən çıxa bilməsi faktı Raysnerə nikbinlik verir. Xüsusən, kəşfiyyat dəstəyi və uzaqmənzilli raketlərlə həyata keçirilən hava əməliyyatları Rusiya qüvvələrinə ciddi zərbə vurur. O, konkret bir hadisəni xatırladır: yaxın günlərdə Ukrayna ordusu Sumı istiqamətində Rusiya Dəniz Piyada Qüvvələrinin 155-ci briqadasının komanda məntəqəsini vuraraq bir neçə yüksək rütbəli zabiti, o cümlədən briqada rəhbərliyini məhv edib.

Bu itkilərdən sonra Ukrayna qüvvələrinin əks-hücumları daha effektiv olub. Raysnerin qənaətincə, Ukrayna həm müdafiə, həm də hücum imkanlarını birləşdirərək, yaxın danışıqlarda, məsələn, İstanbulda baş tuta biləcək danışıqlarda güc mövqeyindən çıxış edə bilər. Əks təqdirdə, ona "süni və məcburi sülh" şərtləri qəbul etdirilə bilər.

Zelenskiyə verilən sual və Trampın mövqeyində dönüş

Amerika mətbuatına görə, Tramp Ukrayna prezidenti Zelenskidən soruşub: "Niyə Moskvaya və ya Sankt-Peterburqa zərbə endirilməyib?" Zelenski isə cavab verib ki, "əgər bizdə bu silahlar olsaydı, endirərdik". Raysner bu sualı Trampın mövqeyində dönüş kimi qiymətləndirməyə tələsmir. Onun fikrincə, Tramp administrasiyası da Baydenin mövcud strategiyasından tam fərqlənmir.

Bayden dövründə iki dəfə kəskin eskalasiya riski yaşanıb - biri 2022-ci ilin payızında Rusiya taktiki nüvə silahından istifadəni gündəmə gətirdikdə, digəri isə bu yaxınlarda Ukraynaya uzaqmənzilli silahların istifadəsinə icazə veriləndə. Bu addımlar hər dəfə Rusiya tərəfindən reaksiya doğurub. Ukraynanın isə artıq öz istehsalı olan pilotsuz aparatlarla Moskvanı hədəfə aldığı faktdır. Hətta bəzən Moskva hava limanlarının bağlanmasına səbəb olan hücumlar da olub.

Raysner bu cür addımların risk balansı çərçivəsində edildiyini vurğulayır və Trampın, yaxud ABŞ-ın daha da irəli
gedib-getməyəcəyinin hələ ki, sual altında olduğunu deyir. Çünki Rusiya tərəfinin cavab reaksiyası çox sərt ola bilər. Trampın 50 günlük möhləti və sanksiya təhdidləri ilk baxışdan sərt görünə bilər, lakin ekspertlər üçün bu bəyanatlar daha çox zaman qazanmaq və məsuliyyəti paylaşmaq cəhdi kimi qiymətləndirilir.

Əgər bu müddətdə Ukraynaya real şəkildə effektiv silahlar çatdırılmazsa, Rusiya yay hücumlarını genişləndirə və yeni əraziləri ələ keçirə bilər. Amma Ukraynanın da əlinin tam boş olmadığını, xüsusilə də düzgün kəşfiyyat və hədəfli zərbələrlə irəliləməyə davam etdiyini göstərən nümunələr az deyil. Gələcək həftələrdə Trampın sınağı təkcə Putinə deyil, həm də öz siyasətinə olacaq.

Seçilən
51
47
moderator.az

10Mənbələr