AZ

AB-nin 3 ölkəsi Rusiyanın "tərəfinə keçdi"...


Zərdüşt Əlizadə: "Bu ölkələr hesab edir ki, Ukraynadan sonra Rusiyanın Avropaya hücum etmək planı yoxdur"

Müxtəlif Qərb nəşrləri iyulun 15-də mənbələrə istinadən xəbər verir ki, NATO-nun üç Avropa ölkəsi - Fransa, İtaliya və Çexiya Amerikanın Ukrayna üçün silahlarının dəyərinin ödənilməsi təşəbbüsündə iştirakdan imtina edib.

“Politico” yazır ki, Fransanın mənfi mövqeyi ölkə prezidenti Emmanuel Makronun uzun müddətdir avropalıların daxili satınalmalar hesabına öz müdafiə sənayesini inkişaf etdirmələrində israr etməsi ilə izah olunur. Eyni zamanda, Fransa hökuməti büdcə kəsirinin öhdəsindən gəlmək cəhdləri fonunda özünün müdafiə xərclərini artırmaqda çətinliklər çəkır.

Eyni səbəblərə görə - büdcə kəsiri - İtaliya satınalmaların ödənilməsi təşəbbüsünə qoşulmaq istəmir.

"İtaliyanın praktiki olaraq heç bir büdcə imkanları yoxdur. Burada Amerika silahlarının alınması barədə heç vaxt söhbət olmayıb", - İtaliya Müdafiə Nazirliyindəki mənbələr "La Stampa"ya bildiriblər.

Çexiyanın baş naziri Petr Fiala da ölkəsinin Ukrayna üçün Amerika silahlarının alınmasında iştirak etmək niyyətində olmadığını bildirib.

"Çexiya digər layihələrə və Ukraynaya dəstək yollarına, məsələn, Çex Sursat Təşəbbüsünə diqqət yetirir. Buna görə də, hazırkı mərhələdə biz bu proqramda iştirak etməyi düşünmürük", - o, Publico nəşri üçün şərhində bildirib.

Bu üç NATO ölkəsinin sözügedən təşəbbüsdən imtina etməsi o deməkdirmi ki, onlar Rusiyaya dəstək verir və bu, Ukraynanın cəbhədəki durumuna ciddi təsir göstərə bilərmi?

Baki-xeber.com-un sualını cavablandıran politoloq Zərdüşt Əlizadə bildirdi ki, əvvəla, bu üç ölkənin iqtisadi durumu barədə məlumatlar açıqdır, diqqət etsək görərik ki, bu ölkələrin iqtisadi vəziyyəti doğrudan da ağırdır: "Ona görə də bəri başdan deyim ki, bu heç də Rusiyaya dəstək aksiyası kimi qiymətləndirilə bilməz. Həqiqətən də bu üç ölkə ciddi borc böhranı yaşayır. İkincisi, Avropa ölkələrində ciddi sosial təminat standartları mövcuddur. Bu standartlara görə dövlət büdcəsinin üzərinə ağır yük düşür. Əhalinin minimum həyat səviyyəsini hökumət təmin etməlidir. Buna görə doğrudan da bu üç ölkənin artıq vəsaiti yoxdur ki, Ukrayna üçün ABŞ-dan silah alsın.

Digər tərəfdən, bu ölkələr hesab edir ki, Ukraynadan sonra Rusiyanın Avropaya hücum etmək planı yoxdur. Yəni bu ölkələr hesab edir ki, onların milli təhlükəsizliyinə Rusiyadan heç bir təhdid yoxdur. Bu səbəbdən onlar deyir ki, Amerika istəyir silahları Ukraynaya pulsuz versin, istəyirsə də borca yazsın, gələcəkdə imkanı olsa Ukrayna həmin borcları qaytarar. Bu yalnız və yalnız maliyyə məsələsidir.

Burada siyasi amil də var. Düşünmürəm ki, onlar Rusiyadan asılıdırlar, sadəcə öz daxili ehtiyaclarına daha çox diqqət göstərirlər, nəinki xarici siyasətdə hansısa bir Ukraynaya dəstək verməyi.

O ki qaldı Ukraynaya, o, Amerikanın yardımına böyük ümid bəsləyirdi. Lakin bu ümidlər Trampın dövründə puça çıxdı. Tramp xarici siyasəti də, dostluğu da, təhlükəsizliyi də kommersiya yolu ilə realllaşdırır. Amerikada indi hər şeyin meyarı puldur.

Amma Rusiyanın özünün də vəziyyəti ağırdır. Gələn ildən bu ölkənin iqtisadi artımı olmayacaq. Artıq Kremlin maliyyə qaynaqları tükənib. Əvvəlki kimi müharibəni maliyyələşdirmək üçun Rusiyanın iqtisadi gücü yoxdur.

Əslində Rusiya və Ukrayna hansısa bir ortaq məxrəcə gəlməlidirlər. Amma hər bir ölkənin daxilində hakim siyasi sinfin öz siyasi maraqları var. Putin üçün Ukraynaya hücumun səhv olduğunu etiraf etmək intihara bərabərdir. Putin heç vaxt buna getməz. Zelenski də Ukrayna xalqına milyonlarla insanı məhv edəndən sonra etiraf edə bilməz ki, Ukrayna torpaqlarının itrilməsi, ərazisinin kiçilməsi ilə barışmalıdır.

Fikrimizcə, bütövlukdə bunlar dünya siyasətinin, dünya nizamının ciddi böhran icərisində olduğunu göstərən əlamətlərdir. Bu böhran illərdir ABŞ, Rusiya və Avropanın yürütdüyü siyasətin nəticəsidir.

Avropa istəyir ki, müstəqil siyasət yürüdüb, güc mərkəzinə çevrilsin, lakin buna onun iradəsi çatmır. Ona görə də həmişə gözünu Amerikaya dikir. Özlərinin isə əlini cibinə salıb miqyaslı pul xərcləməyə nə imkanları var, nə də qətiyyətləri çatır".

Akif NƏSİRLİ

Seçilən
57
50
baki-xeber.com

10Mənbələr