AZ

"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutub

Azərbaycan Mətbuat Şurasında Milli Mətbuatın 150 illik yubileyi ilə bağlı 19-20 iyulda Şamaxıda təşkil olunacaq minifutbol turnirinin təqdimatı və püşkatma mərasimi keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə təşkilatçılarla yanaşı, yarışda mübarizə aparacaq komandaların nümayəndələri də iştirak ediblər.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Umud Rəhimoğlu Milli Mətbuatın 150 illiyinin ölkə ərazisində geniş şəkildə qeyd olunduğunu diqqətə çatdıraraq jurnalistlərin iştirakı ilə belə bir turnirin keçirilməsinin vacibliyini vurğulayıb. Umud Rəhimoğlu bu yarışın Milli Mətbuat Gününə rəng qatacağını bildirib, gələcəkdə belə yarışların Qarabağ bölgəsində də təşkil oluna biləcəyini söyləyib.

Təşkilatçılarından olan İdman Araşdırmalar Mərkəzinin rəhbəri Elşən Məmmədov turnirin formatı barədə məlumat verib. O qeyd edib ki, yarışda iştirak edəcək komandalar Azərbaycanda XIX əsrdə nəşr olunan olunan ilk nəşrlər - "Əkinçi", "Ziya", "Kəşkül" və "Kaspi" kimi adlandırılıb.

Digər təşkilatçı olan "Yurd.Media"nın baş redaktoru Murad Əliyev çıxışında qeyd edib ki, turnirdə Bakıda fəaliyyət göstərən jurnalistlərlə yanaşı, bölgələrdə çalışan media nümayəndələri də iştirak edəcək. Jurnalistlər arasında müxtəlif yarışların bölgələrdə təşkil olunmasının əhəmiyyətini vurğulayan baş redaktor belə turnirlərin ənənəvi olacağına ümidvar olduğunu bildirib.

Yarışın informasiya dəstəkçisi olan “Teleqraf” İnformasiya Agentliyinin direktoru İmdad Əlizadə çoxsaylı yubiley tədbirləri sırasında xüsusilə seçilən bu futbol turnirində həm yazılı, həm onlayn media, həmçinin televiziya jurnalistlərinin iştirak etdiyini vurğulayıb. Onun sözlərinə görə, belə turnirlərin mahiyyəti kubok qazanmaqdan daha çox jurnalistlər arasında kommunikiasiyanın qurulması, bayram tədbirlərini aktiv istirahətlə qeyd etməsidir.

Turnirin baş sponsoru olan “Avrora Qrup”un nümayəndəsi Vasif Musayev bu il minifutbol üzrə Azərbaycan millisinin dünya çempionu olduğunu xatırladaraq ölkədə son illər idmanın bu növünə artan marağın təsadüfi olmadığını vurğulayıb. Onun sözlərinə görə, məhz bu səbəbdən 150 illiyini qeyd edən mətbuat nümayəndələri arasında minifutbol turnirinin keçirilməsi simvolik əhəmiyyət daşıyır.

Seçilən
66
50
publika.az

10Mənbələr