AZ

Müttəfiqlik MİFİ: Rusiya və İranın Cənubi Qafqazdakı ikiüzlü strategiyası

“Tarix göstərir ki, Rusiya heç vaxt etibarlı müttəfiq olmayıb. İranla da bu ölkə arasında əsl müttəfiqlik deyil, yalnız strateji tərəfdaşlıq mövcuddur. Bu iki dövləti birləşdirən əsas amil isə ABŞ-ın təzyiq və sanksiyalarıdır. Hər iki tərəf bu məhdudiyyətlərdən daha az itki ilə çıxmaq və iqtisadi-siyasi təcriddən yayınmaq üçün əməkdaşlığa məcbur qalıb”.

Bu fikirləri Editor.az-a açıqlamasında Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan deyib.

Onun sözlərinə görə, son hadisələr göstərir ki, bu əməkdaşlıq da zəruri zəmindədir, davamlı və güvənli deyil:

“Rusiya İrana vəd etdiyi Su-35 qırıcı təyyarələrini və S-400 zenit-hava hücumundan müdafiə sistemini hələ də təhvil verməyib. Bu səbəbdən Tehran hərbi-texniki sahədə Çinlə əməkdaşlığını intensivləşdirərək alternativ axtarışına başlayıb.

Digər tərəfdən, Rusiya və İranın Azərbaycana qarşı sərgilədiyi mövqe onların ikili siyasətini tam şəkildə ortaya qoyur. Rusiya tərəfi:

• Azərbaycan təyyarəsinin hava məkanında vurulması,
• Yekaterinburqda azərbaycanlılara qarşı zorakılıq halları,
• Azərbaycan diasporuna qarşı təzyiqlər,

kimi hadisələrlə uzun illər bəslədiyi kin və nəzarət niyyətini bir daha nümayiş etdirdi.

Tehran da geri qalmır. 44 günlük müharibədən sonra Azərbaycan-İsrail münasibətlərinə qısqanclıqla yanaşan İran, bu yaxınlarda öz mövqeyini açıq şəkildə bildirdi. Ayətullah Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Pakistan XİN rəhbəri ilə görüşdə Azərbaycan-İsrail tərəfdaşlığını tənqid edərək rəsmi Bakını hədəf aldı.

Bütün bu addımlar göstərir ki, Rusiya və İranın Cənubi Qafqaz siyasəti ziddiyyətli, manipulyativ və Azərbaycana qarşı yönəlmişdir. Hər iki dövlət Zəngəzur dəhlizinin açılmasına qarşı çıxır. Lakin burada bir fərq var: İran ABŞ-la danışıqlara açıqdır və İsraillə qarşıdurması hələ tam səngiməyib. Bu səbəbdən, Tehran Azərbaycanla münasibətdə daha ehtiyatlı davranmağa çalışır. Beləliklə, Azərbaycan İran üçün həm də alternativ çıxış yolu olaraq qalır”.

S.Soltan qeyd edib ki, bu ehtiyatlılıq fonunda Tehran Cənubi Qafqazdakı hadisələrə daha səssiz və neytral mövqe nümayiş etdirir: “Rusiya ilə İran arasında münasibətlərin isə zahirən səmimi görünsə də, gerçəkdə güvən və koordinasiyadan uzaq olduğu hiss olunur.

Ermənistan kontekstində bu ikili siyasət daha aydın görünür:

• Rusiya, İrəvanı yenidən öz orbitinə qaytarmağa çalışır,
• İran isə sabit şəkildə Ermənistanla ticari əlaqələri genişləndirir və bu ölkədə təsir imkanlarını artırmağa cəhd edir”.

Seçilən
72
50
editor.az

10Mənbələr