ABŞ Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib.
Bu barədə ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak Nyu-Yorkda keçirilən brifinq zamanı danışıb.
O, hər iki tərəfin - Azərbaycan və Ermənistanın dəhlizlə bağlı müxtəlif təkliflər etdiyini bildirib.
“Bu halda ABŞ deyir: Yaxşı, biz onu təhvil alacağıq. Bizə 32 kilometr yolu 100 illik nəzarət üçün verin”.
Onun sözlərinə görə, ABŞ Zəngəzur dəhlizini nəzarətə götürsə, tərəflər buradan rahatlıqla istifadə edə bilərlər.
Hərbi ekspert Səxavət Məmməd Referans-a açıqlamasında bu təkliflə bağlı danışıb.
“Ümumiyyətlə, Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələlərə bir neçə yöndən yanaşa bilərik. Faktiki olaraq, 44 günlük müharibə və antiterror əməliyyatından sonra Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması gözlənilirdi. Amma biz hələ də bu müqavilənin bağlanmadığını görürük. Elə indilərdə Nikol Paşinyanın keçirdiyi mətbuat konfransında açıq şəkildə bildirdi ki, heç bir şəkildə razılıq yoxdur. Biz Ermənistanın, ümumiyyətlə, sülh müqaviləsi ilə bağlı yanaşmasına baxdıqda Ermənistan açıq şəkildə Azərbaycanın bütün tələblərini yerinə yetirməyə hazırdır. Hətta Paşinyan konstitusiya məsələsinin həlli üçün belə konkret vaxt verir və 2026-cı ili təklif edir. Həmçinin təklif edir ki, bu məsələni sülh müqaviləsi məsləsini həll etdikdən sonra da konstitusiya məsələsini daxili məsələ olaraq həll edə bilərik. Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına əsas maneə düşünürəm ki, Zəngəzur dəhlizidir. Dəhliz layihələri hər kəsə məlum olduğu kimi müəyyən ölkələrin ərazisindən keçir. Lakin belə olanda hansısa bir ölkə gəlib gəlib dəhlizin keçdiyi ölkəyə “Dəhlizin sənin ölkənin ərazisindən keçən hissəsini mən idarə edəcəm” demir. Amma yeganə ölkə Ermənistandır ki, ona açıq şəkildə bildirirlər ki, sənin ərazindən keçən yolda ya Rusiya, ya da ABŞ nəzarəti ələ alacaq. Bu o deməkdir ki, ölkənin ərazisindən yol keçəcək amma bu ölkə həmin yoldan heç bir divident əldə edə bilməyəcək. Buna görə də Ermənistan tərəfi bu məsələ ilə bağlı açıq mövqe qoyur ortalığa və bildirir ki, dəhlizdə yalnız özləri “oturacaqlar”. Bu da əslində, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmamasının əsas səbəblərindən biridir”.
Ekspert bildirib ki, Zəngəzur dəhlizi ilə bağlı 10 noyabr bəyənatına əsasən, bu dəhlizdə nəzarəti Rusiya həyata keçirəcək.
“Amma biz onu da bilirik ki, proses başladıqda Fransa da, ABŞ da dəhlizə nəzarətlə bağlı iddiasını irəli sürmüşdü. İndi isə açıq şəkildə görürük ki, Amerikanın bu dəhlizlə bağlı mövqeyi ciddidir və ABŞ tərəfi bu dəhlizdə nəzarəti tam ələ keçirmək istəyir. Bu region ölkələri üçün bir təhdiddir. Çünki bu regionda məlum olduğu kimi iki böyük dövlət var – Rusiya və İran. Belə bir regionda ABŞ-nin dəhlizin nəzarətini ələ keçirməsi və digər iki böyük dövlətin təmamilə kənarda qalması böyük bir problem yarada bilər. Düşünürəm ki, buna görə də Zəngəzur dəhlizi ilə bağlı regionda proseslər bir qədər də gərginləşəcək. Çünki bu dəhlizdə bütün nəzarəti ələ keçirmək istəyən Rusiya və ümumiyyətlə, bu dəhlizə qarşı çıxan bir İran var. Regionda olan ölkələr Zəngəzur dəhlizi ilə bağlı təmamilə fərqli fikirdədirlər və yad ölkələri bura qəbul etmək istəmirlər”.
Səxavət Məmməd qeyd edib ki, bu məsələdə Türkiyə faktorunu da unutmaq olmaz. Türkiyə Zəngəzur dəhlizini müsbət qarşılayır çünki Ermənistnın ərazisindən keçən dəhliz birbaşa Türkiyənin ərazisindən keçəcək və Türkiyə bundan ən çox divident götürən ölkələrdən biri olacaq.
“Türkiyə eyni vaxtda həm də ABŞ-nin maraqları müdafiə edir. Çünki Türkiyə və Amerika strateji müttəfiqdir vəTürkiyə NATO üzvüdür. Nəzərə almaq lazımdır ki, Türkiyə nə qədər də Azərbaycanın yanında olduğunu göstərsə də, o, NATO üzvü olduğuna görə birbaşa NATO-nun xətti ilə hərəkət edir. Burada hesab edirəm ki, proses bir qədər də qəlizləşəcək. İstər ABŞ-nin, istərsə də Rusiyanın təzyiqləri artırmasının şahidi olacayıq. Biz artıq görürük ki, Rusiya ilə Azərbaycan arasında müəyyən gərginlik var və bu gərginlik artan xətt ilə davam edir. Bundan əlavə Qərb ölkələri Gürcüstanda prosesi qızışdırmağa çalışır. Rusiya açıq şəkildə Ermənistana siyasi təsir edir. Bundan əlavə Ermənistana həm də iqtisadi təzyiq göstərir. Orada yerləşən hərbi bazanın gücünü 60-70 faizdən 100 faizə çatdırmaq niyyətindədir. Görünən odur ki, Qərb ölkələri təzyiqi bir qədər də artırsalar, Rusiya və İranın da təzyiqi artacaq. Bu da Cənubi Qafqaza çox ağır nəticələr verə bilər. Ümid edirəm ki, bütün bu siyasi gərginliklər hərbi gərginliyə keçməz. Amma biz ABŞ-nin müxtəlif regionlarda proseslərə hansı formada qoşulduğunun və sonradan bunun hansı nəticələr verdiyini ən azından şahidi olmuşuq”.
Fidan Vəlisoy