AZ

TEXNOFEST-in Azərbaycan üzrə direktoru Ahmet Köse: Heç vaxt PUA-larımızı düşmən ölkələrə vermirik

Türkiyə Texnologiya Komandası Fondunun (T3 Fondu) və Aviasiya, Kosmik və Texnologiya Festivalı - TEKNOFEST-in Azərbaycan üzrə direktoru Ahmet Köse "Teleqraf" İnformasiya Agentliyinin suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Ahmet bey, öncə "Bilim Bakı" mərkəzinizin fəaliyyəti haqqında məlumat verməyinizi istərdik.

- ASAN xidmət ilə Türkiyə Texnologiya Komandası Fondu (T3) arasında imzalanmış memoranduma əsasən yaradılan "Bilim Bakı" mərkəzinin açılışı 2022-ci il mayın 28-də Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyənin Nobel mükafatı laureatı Əziz Sancarın iştirakı ilə baş tutub. Hazırda Azərbaycanda üç mərkəzimiz fəaliyyət göstərir. Biz Türkiyə Texnologiya Komandası Vəqfi olaraq burada təhsil sahəsində fəaliyyət göstəririk. Fəaliyyət spektrinə 6-14 yaş arası uşaqlara elm və texnologiya yönümlü təlimlər daxildir. Eyni zamanda, ali təhsil müəssisələrində TEXNOFEST-lə bağlı tədbirlər keçiririk, tələbələrə həm layihələrini, həm də startaplarını dəstəkləmək və inkişaf etdirmək üçün dəstək veririk. Bu məqsədlə iyulda Azərbaycanda fəaliyyət göstərən 6 universitetdə TEXNOFEST klubları yaradacağıq.

- TEXNOFEST klublarına nələr daxildir?

- TEXNOFEST klubları universitet tələbələrinə yönəlik fəaliyyət göstərir. Əgər tələbələrin hər hansı bir layihəsi və ya ideyası varsa, bu zaman bizim "Take off" proqramımızdan yararlana bilərlər. Bu proqram vasitəsilə ildə bir dəfə startaplara bir milyon yarım dəyərində dəstək veririk. Tələbələr öz startaplarını qurub şirkətləşmə mərhələsinə gəldikdə biz onlara həm maddi, həm də mənəvi dəstək göstəririk. "Take off" və TEXNOFEST çərçivəsində bu cür dəstək mexanizmlərimiz mövcuddur. Türkiyə Texnoloji Komandası Vəqfi olaraq biz həm Elm mərkəzlərimizdə, həm TEXNOFEST platformasında, həm də "Take off" və startap sahəsində fəaliyyət göstərən bütün mərkəzlərimizdə bu işlərə dəstək veririk.

- Azərbaycandan hansısa uğurlu tələbəni Türkiyəyə göndərirsinizmi?

- Təbii ki. Tələbələr mərkəzlərimizdə və TEXNOFEST platformasında təhsil alaraq universitet həyatında mühəndislik və digər sahələrdə ixtisaslaşırlar. Biz onları bu prosesdə karyera baxımından dəstəkləyirik. Burada yetişən uşaqlarımız Baykar, ASELSAN, HAVELSAN, Roketsan, TUSAŞ, TAI kimi müdafiə sənayesi firmalarında işləyə biləcək şəkildə hazırlıq keçirlər. Azərbaycanda 200 mühəndisimiz çalışır. Bu mühəndisləri Corc Vaşinqton Universitetindən, Malayziya və Avropa ölkələrində təhsil almış azərbaycanlı gənclər arasından dəvət etmişik. Onlara bildirdik ki, gəlin, öz ölkənizdə fəaliyyət göstərin. Xaricdə aldığınız maaşla sizi burada da təmin edirik, həm Vətəninizə xidmət etmiş olarsınız, həm də burada inkişaf edərsiniz. Bu yanaşma nəticəsində artıq 200 azərbaycanlı mühəndis fəaliyyət göstərir.

- Xarici ölkələrdən dəvət etdiyiniz azərbaycanlı mütəxəssislərdən gözləntiləriniz nəticə verdimi? Onların fəaliyyəti layihələrin inkişafına necə təsir göstərdi?

- Bəli, süni intellekt sahəsində ən yaxşı tələbələr Azərbaycandadır. Xüsusilə qeyd etmək istərdim ki, biz bu sahəyə marağı və potensialı olan tələbələri xarici ölkələrdə təhsil alan azərbaycanlılar arasından cəlb etdik.

- Şirkətinizə Azərbaycandan müraciət edən tələbələr varmı? Əgər varsa, onların seçimi hansı meyarlar əsasında həyata keçirilir?

- Əlbəttə, Azərbaycandan müraciət edən tələbələr də var. Onu da qeyd edim ki, biz yalnız işə qəbul həyata keçirmirik, eyni zamanda təcrübə mübadiləsi proqramları da təşkil edirik. Bizim bilik mərkəzlərində təcrübə imkanı, təqaüd proqramlarımız mövcuddur. Məsələn, 27 müxtəlif təcrübə proqramına 1000-ə yaxın gənc müraciət edib. Biz bu proqramlara çox yüksək maraq görürük. 2024-cü ildə Deneyap emelatxanalatımıza 5000 tələbədən 80 tələbə seçildi. Əvvəlcə yazılı imtahan keçirildi və bu imtahandan 386 nəfər uğurla keçərək praktiki mərhələyə (uyğulama sınağına) vəsiqə qazandı. Nəticədə, 80 tələbə final mərhələyə qəbul edildi. Bu tələbələrə iki il ərzində süni intellekt, kodlaşdırma, kibertəhlükəsizlik, kosmos və aviasiya texnologiyaları daxil olmaqla 11 modul üzrə təhsil tamamilə ödənişsiz şəkildə verilir. Üçüncü ildə isə bu tələbələr komandalara bölünərək real layihələr üzərində işləyirlər və diplom alaraq proqramı tamamlamaq hüququ qazanırlar. Əslində, bu proqram özlüyündə bir alternativ universitet modelidir.

- Təqaüdlə təhsil alan tələbələri məzun olduqdan sonra işlə təmin edirsinizmi?

- Bəli, təbii ki. Tələbələr bizim sistemimizdə təhsil alıb məzun olduqdan sonra onların inkişaf yolu bitmir. Tələbələr məzun olduqları zaman biz onları universitet mərhələsində də müşayiət edirik. Onlar mentor kimi fəaliyyətə başlayırlar. Əvvəlcə özləri təhsil alırlar, daha sonra isə özlərindən sonra gələn tələbələrə dərs keçməyə, təcrübələrini paylaşmağa başlayırlar. Bu proses dörd il ərzində davam edir. Bu müddətdə biz həmin gəncləri tək buraxmırıq. Universitet təhsillərini başa vurduqdan sonra isə biz onları işlə təmin edirik. Lakin bu, qısamüddətli deyil - təxminən üçillik bir inkişaf yoludur. Biz hər mərhələdə onların yanında olmağa çalışırıq. Məsələn mühəndis olmaq istəyən gəncə müdafiə sənayesi sahəsində ixtisaslaşma imkanı yaradırıq. Hər kəs mühəndis olmaq istəməzsə, məsələn, bir gənc deyə bilər ki, "Mən sahibkar, biznesmen olmaq istəyirəm" Bu zaman biz onu "Take Off" proqramına yönləndiririk. Hazırda bu proqram çərçivəsində ildə bir milyon yarım lirə məbləğində startaplara dəstək veririk. Gənclərimizin ideyalarına uyğun imkanlar yaradırıq və onların seçimlərinə hörmətlə yanaşırıq. Texnofest platforması vasitəsilə biz bu layihələrin beynəlxalq arenada təqdimatını da təşkil edirik. Bu günə qədər təxminən 137 paylaşımımız olub. “Paylaşım” dedikdə nə nəzərdə tutulur? Paylaşım dedikdə biz müxtəlif qurumlarla bağladığımız protokollar əsasında tələbələrimizin layihələrinin bu qurumlara təqdim edilməsini nəzərdə tuturuq. Məsələn, Türk Hava Yolları ilə əməkdaşlığımız var. Əgər tələbənin aviasiya ilə bağlı layihəsi varsa, biz onu bu sahəyə yönləndiririk. Layihənin aidiyyəti sahədə təqdim olunması və dəstək alması üçün şərait yaradırıq. Xüsusilə, biz 6 yaşdan 20 yaşa qədər bütün gənclərimizə dəstək oluruq. Müdafiə, təhsil, sahibkarlıq sahəsində yanında olmağa çalışırıq. Türkiyə Texnologiya Komandası Vəqfi olaraq bütün bu sahələrdə onların inkişafını dəstəkləyirik.

- Türkiyədəki mərkəzlərinizdə çalışan azərbaycanlılar varmı?

- Bəli. Bizim sistem universitet kimidir. Tələbə burada, yəni Azərbaycandakı mərkəzimizdə təhsil alıb, məzun olduqdan sonra Türkiyəyə köçərsə, avtomatik olaraq oradakı mərkəzlərimizə yönləndirilir. Bizim mərkəzləşdirilmiş qeydiyyat və izləmə (kayıt və takip) sistemimiz var. Məsələn, bir tələbə Bakıda hansısa universiteti və bizim tədris proqramımızı bitirib, daha sonra İstanbulda təhsilinə və ya həyatına davam edirsə, biz onu İstanbulda yerləşən mərkəzlərimizə yönləndiririk. Tələbə orada da fəaliyyət göstərə və layihələrdə iştirak edə bilir. Hazırda Türkiyədə 127 mərkəzimiz fəaliyyət göstərir. Yəni biz, gəncin harada olmasından asılı olmayaraq, hər nöqtədə onun yanında olmağa çalışırıq və işə qəbul edirik.

- Bir tələbədə sizin üçün ən vacib meyar nədir?

- Ən vacib meyar özünə güvən və iddialı olmaqdır. Tələbənin bir ideya və məqsədə inanması çox vacibdir. Əgər o, öz düşüncəsinə inanırsa, biz növbəti mərhələlərdə onu düzgün istiqamətləndiririk. İşi sevərək görməsi də önəmlidir. Məsələn, sadəcə "iş tapmaq" üçün deyil, öz sahəsinə həvəslə yanaşmalı, texnologiyanı bir missiya olaraq qəbul etməlidir. Biz buna milli texnoloji həmlə deyirik. Məqsədimiz öz ölkəmiz üçün iki dövlət arasında öz istehsalımızı, elm sahəsini inkişaf etdirməkdir. Bunun təməlində isə şüur və inam dayanır.

- Tələbələrin xarici dil biliklərinə sahib olması sizin üçün nə dərəcədə önəmlidir?

- Təbii ki, xarici dil biliyi də vacibdir. Amma ən əhəmiyyətlisi işini məsuliyyətlə görməsidir. Xarici dil bilmək işə qəbul zamanı bir meyar olaraq nəzərə alınır. Əgər bir insan sevmədiyi işlə məşğuldursa, o sahədə uzun müddət fəaliyyət göstərə bilməz. Amma sevdiyi işlə məşğul olan bir insan bu sahədə ömür boyu uğurla fəaliyyət göstərə bilər. Bizim əsas məqsədimiz də budur. Milli Texnoloji Hərəkat (Milli Teknoloji Hamlesi) adlandırdığımız təşəbbüs də buradan doğur. Məqsəd-öz ölkəmizin texnoloji müstəqilliyini təmin etmək, xaricə olan asılılığı azaltmaq və öz istehsal gücümüzü formalaşdırmaqdır. Azərbaycanlı gənclərimizin hər biri bu sahədə çox yüksək potensiala malikdir və biz bu potensialı inkişaf etdirmək üçün bütün imkanlarımızı səfərbər edirik.

- Bu layihələr hər il keçirilir?

- Yoxlayıb həyata keçirməklə bağlı proqramlarımız iki ildən bir keçirilir. Amma TEXNOFEST və "Take Off" proqramlarımız hər il baş tutur. Çox geniş və tanınmış sistemimiz var. Bir sahə ilə məhdudlaşmırıq, bir çox fərqli istiqamətdə fəaliyyət göstəririk. Elm mərkəzlərimizdə isə hər gün təhsil proqramları həyata keçirilir. Qeyd etdiyim kimi, bu günə qədər Azərbaycanda 120 min uşaq elm və texnologiya sahəsində təhsil alıb. Azərbaycanda 650 minə yaxın tələbə müraciət edib, onlardan 120 min tələbə ödənişsiz təhsil alıb. Maraq o qədər yüksəkdir ki, müraciət sistemimiz 3 dəqiqəyə 800-dən çox ərizə qəbul edir və dərhal bağlanır. Yəni böyük tələbat var. Emalatxanalarımızda beynəlxalq standartlara uyğun təlimlər, elm və texnologiya sahəsinə aid yüksək təhsil təqdim olunur. Bizə müraciət edərək qeydiyyatdan keçən hər tələbəni qəbul edirik. Hər uşaq və ya gəncin bizim proqramlara müraciət etmək hüququ var. Bizim yanaşmamız hər zaman bu olub: bərabər imkanlar, maddi və mənəvi dəstək, gənclərin potensialını maksimum səviyyədə ortaya çıxarmaq. Bu məqsədlə həm universitetlər üzərindən, həm də təhsil mərkəzlərimiz və kurslarımız vasitəsilə böyük planlarla və genişmiqyaslı layihələrlə gənclərimizin yanında olmağa davam edirik.

- TEXNOFEST yenidən Bakıda keçiriləcək. Bu barədə məlumat verə bilərsinizmi?

- İnşallah, hazırda bu istiqamətdə aktiv şəkildə çalışırıq. Bildiyiniz kimi, 2022-ci ildə TEXNOFEST ilk dəfə Azərbaycanda keçirildi və o vaxt çox böyük maraq oldu. komandaların, iştirakçıların sayı yüksək idi. Hazırda isə 2025-ci il üçün TEXNOFEST-ə komandaların müraciət sayı 5000-ə çatıb. Bu, əvvəlki illərlə müqayisədə təxminən 5 qat artım deməkdir. Bu mərhələdə dəqiq bir fikir söyləmək tezdir, lakin düşünürük ki, TEXNOFEST-in 2026-cı ildə yenidən Azərbaycanda keçirilməsi tamamilə real və arzuolunan bir hədəfdir.

- "Baykar” şirkətinin İdarə Heyətinin sədri Səlçuk Bayraktarın yaxın günlərdə Bakıya səfəri gözlənilirmi? Bu istiqamətdə hər hansı görüş və ya layihə nəzərdə tutulubmu?

- Səlçuk bəy tez-tez Bakıya gəlir. O, Azərbaycanla bağını heç vaxt qoparmayan, Azərbaycanı öz vətəni kimi görən bir insandır. Biz Azərbaycanı "bir millət, iki dövlət" anlayışı ilə öz yurdumuz hesab edirik. Bu münasibət rəsmi səviyyədə də özünü göstərir. Səlçuk Bayraktarın Azərbaycana səfəri oktyabra planlaşdırılır. Gənclər arasında təhsil və texnologiya sahəsində böyük bir layihəmiz olacaq. Səlçuk Bayraktar da gənclərin qardaşı olduğu üçün bu dəvətimizə müsbət cavab verəcəyini düşünürəm. Onu da qeyd edim ki, universitetlərimizdə Səlçuk bəyə böyük maraq və diqqət var. Səlçuk Bayraktarın səfəri çərçivəsində bir çox proqramlar və əməkdaşlıqlar gözlənilir. Bakı Dövlət Universiteti tərəfindən Səlçuk bəyə fəxri doktor adı verilməsi nəzərdə tutulur. Artıq oktyabr ayında baş tutacaq proqramın hazırlıqlarına başlamışıq. Gözləntilər də bu istiqamətdədir. Keçən il də Azərbaycana oktyabr ayında gəlmişdi.

- "Bayraktar Texnologiya" şirkətinin hazırda üzərində çalışdığı ən son texnoloji yeniliklər və layihələr barədə məlumat verə bilərsinizmi?

- Türkiyə Texnologiya Komandası Vəqfi olaraq təhsil sahəsində fəaliyyətimizi bütün qurumlarımızda davam edirik. Artıq bir sıra texnoloji yeniliklər və layihələr üzərində işləyirik. Bir çox sürpriz layihələrimiz var. Zamanla bunlar haqda məlumat verəcəyik.

- Azərbaycanlı gənclərlə birgə həyata keçirdiyiniz və ya gələcəkdə planlaşdırdığınız layihələr varmı? Bu layihələrin əsas istiqamətləri nələrdir?

- Bəli, azərbaycanlı gənclər layihəmizdə iştirak edirlər. Hazırda Azərbaycanda 20 tələbəmizə təqaüd veririk. Onların arasından bəzilərini müəllim kimi işə götürürük. Gənclərimizi sıfırdan başlayaraq həm təhsil, həm də təcrübə sahəsində yetişdiririk. Qubada açdığımız mərkəzdə Bakıdakı mərkəzimizdə təcrübə keçənlər müəllim kimi fəaliyyət göstərirlər.

- TEXNOFEST Azərbaycan festivalının ölkəmiz üçün əhəmiyyəti nədən ibarətdir? Bu tədbir gənclərin texnologiya və innovasiyaya marağını necə stimullaşdırır?

- TEXNOFEST Azərbaycan festivalının əhəmiyyəti çox böyükdür. TEXNOFEST dünyanın ən böyük aviasiya və kosmos texnologiyaları festivalıdır. 800 min komanda və 1.5 milyon insanın müraciət etdiyi, 4 milyon ziyarətçinin iştirak etdiyi bir tədbirdir. TEXNOFEST-də iştirak edən uşaq və gənclərin layihələrini həyata keçirdikdən sonra beynəlxalq arenalarda da tanıdırıq. Biz yalnız maddi deyil, həm də layihənin kateqoriyasına uyğun tərəfdaş dəstəyi göstəririk. TEXNOFEST uşaqların xəyallarını reallaşdıran bir platformadır.

- TEXNOFEST festivalı vasitəsilə Azərbaycan gənclərinə hansı əsas mesajları çatdırmağı hədəfləyirsiniz?

- Məqsədimiz "Milli Texnologiya Hərəkatı"nı yaymaqdır. İstəyimiz budur ki, hər bir ölkə öz texnologiyasını istehsal etsin - "Made in Azerbaijan" olaraq istehsalımızı çoxaldaq. Öz PUA-larımızı, dronlarımızı, süni intellekt sistemlərini, proqram təminatını istehsal edən bir ölkə olmaq vacibdir. Bizim məqsədimiz budur.

- TEXNOFEST-in Azərbaycan və Türkiyədəki festivalları arasında hansı fərqlər var?

- Hər iki festival çox yüksək səviyyədə təşkil edilir. Azərbaycanda keçirilən TEXNOFEST-də 21 komanda finala çıxdı, 7-si isə mükafat qazandı. 3 nəfər birinci yer, 3 nəfər ikinci yer, bir nəfər isə üçüncü yerə layiq görüldü. Bu, onu göstərir ki, azərbaycanlı gənclərin potensialı yüksəkdir. "Bilim Bakı" mərkəzinin tələbələri dünyada birinci yerə layiq görülüb. Məsələn, amerikalılar, israillilər və sinqapurlularla yarışan uşaqlarımız birinci oldular.

- Növbəti TEXNOFEST festivalında Nobel mükafatı laureatı Əziz Sancarın iştirakı nəzərdə tutulurmu?

- Bəli, Əziz Sancarın da festivalda iştirakı planlaşdırılır. Sentyabrdan etibarən TEXNOFEST klubları fəaliyyətə başlayacaq. Bu klublarda sosial, texnoloji və innovasiya yönümlü tədbirlər təşkil olunacaq, sürpriz qonaqlar dəvət ediləcək.

- Hazırda PUA (Pilotsuz Uçuş Aparatları) texnologiyasında hansı yeniliklər və inkişaflar müşahidə olunur?

- Bu sahədə böyük inkişaf var. “Kızıl Elma” adlı yeni insansız hava aparatı istehsal mərhələsindədir və yaxın zamanda sınaq mərhələsinə keçəcək. Eyni zamanda TB3 Bayraktar PUA sınaq mərhələsindədir. Türkiyə və Azərbaycan “bir millət, iki dövlət”dir. Heç vaxt PUA-larımızı düşmən ölkələrə vermirik. Biz yalnız dost və müttəfiq ölkələrlə paylaşırıq. Biz qardaş ölkə olaraq həm çətin, həm də xoş günlərimizdə bərabər addımlayırıq. Türkiyə üçün nə düşünürüksə, Azərbaycan üçün də eyni düşüncədəyik.

- Ölkəmizə səfəri planlaşdırılan Səlçuk Bayraktar burada hansı yenilikləri açıqlayacaq?

- T3 Vəqfi ən önəmli qurumlarımızdan biridir. Elm, texnologiya və təhsil, TEXNOFEST, startaplar və innovasiyalar bu istiqamətdə həyata keçirilir. Biz milli texnologiyanı həm Türkiyədə, həm də Azərbaycanda inkişaf etdirməyə çalışırıq. Səlçuk Bayraktar Bakıya gələn zaman TEXNOFEST klubları, yeni mərkəzlərin açılması və bir çox layihələr həyata keçirəcək. Universitetlərdə TEXNOFEST klubları qurulacaq və bu klublarda tələbələrin layihələri dəstəklənəcək.

Yəni böyük bir tələb var. Emalatxanalarımızda beynəlxalq standartlara uyğun təlimlər, elm və texnologiya sahəsinə aid yüksək təhsil səviyyəsi təqdim olunur. Bizə müraciət edərək qeydiyyatdan keçən hər tələbəni qəbul edirik. Hər uşaq və ya gəncin bizim proqramlara müraciət etmək hüququ var. Bizim yanaşmamız hər zaman bu olub - bərabər imkanlar, maddi və mənəvi dəstək və gənclərin potensialını maksimum səviyyədə ortaya çıxarmaq. Bu məqsədlə həm universitetlər üzərindən, həm də təhsil mərkəzlərimiz və kurslarımız vasitəsilə böyük planlarla və genişmiqyaslı layihələrlə gənclərimizin yanında olmağa davam edirik.

Foto: Elnur Muxtar

phrase_var_article.chosen
80
50
teleqraf.com

10phrase_var_article.sources