Müasir dövrdə bir çox valideynlər övladlarının gələcəyini düşünərək onları erkən yaşlardan xarici dil kurslarına yazdırmağa çalışırlar. Xüsusilə də, bəzi hallarda uşaqlar hələ ana dilində tam formalaşmamış dil bacarıqlarına sahib olsalar belə, artıq ikinci və ya üçüncü dil öyrənməyə cəhd göstərirlər.
Bəs bu nə dərəcədə doğrudur? Uşaqlar xarici dili neçə yaşdan öyrənməyə başlamalıdırlar?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən təhsil eksperti Elçin Əfəndi hesab edir ki, xarici dil tədrisi üçün ən uyğun yaş təxminən 5-dir:
MÖVZU İLƏ BAĞLI:
Orta məktəblərimizdə Çin dilinin tədrisi: Səmərəli olacaqmı?
“Müasir dünyada əlavə dil bilikləri artıq lüks yox, ehtiyac sayılır. Xarici dil insanın həm şəxsi, həm də peşəkar inkişafına böyük töhfə verir. Əlbəttə, valideynlər övladlarını bu sahəyə erkən yaşlardan yönəltmək istəyirlər və bu, təqdirəlayiqdir. Lakin burada əsas məqam balansı qorumaqdır. Mənə görə, uşaq əvvəlcə ana dilində özünü ifadə edə bilməli, əsas anlayışları dərk etməlidir.
Daha sonra, təxminən 5 yaşdan etibarən xarici dil öyrənməyə başlasa, bu həm psixoloji, həm də pedaqoji baxımdan daha effektiv olar. Çünki bu yaşdan sonra uşağın dil qavrama və yaddaş bacarıqları daha da inkişaf edir, yeni dilləri daha rahat mənimsəyə bilir", - deyə ekspert bildirib.
Elçin Əfəndi qeyd edib ki, dil öyrənmək uşaq üçün əyləncəli və maraqlı şəkildə təqdim edilməlidir:
“Xarici dil öyrənmək uşaqlar üçün məcburi tapşırıq deyil, bir oyun, bir macəra olmalıdır. Bu zaman nəticə daha effektiv və qalıcı olur. Valideynlər və müəllimlər bu prosesdə uşaqla düzgün və səbirli yanaşma nümayiş etdirməlidirlər".
Beləliklə, uşaqlara xarici dil öyrətmək istəyi müsbət addım olsa da, bunun doğru yaş dövründə və düzgün metodlarla həyata keçirilməsi daha önəmlidir. Ana dilini yaxşı mənimsəmədən xarici dilə yönəlmək isə uşağın dil təməlinə mənfi təsir göstərə bilər.
Aygün Hüseyn, Bizim.Media