AZ

Avropa İttifaqı ABŞ Prezidentinin yeni gömrük rüsumlarının tətbiqi ilə bağlı qərarına sərt reaksiya verib

Berlin, 12 iyul, AZƏRTAC

ABŞ Prezidenti Donald Trampın Avropa İttifaqından (Aİ) idxal olunan mallara avqustun 1-dən etibarən 30 faiz dəyərində əlavə gömrük rüsumunun tətbiqini elan etməsi Aİ məkanında ciddi narahatlıq doğurub. Avropa İttifaqının rəhbərliyi və üzv dövlətlərin liderləri bu qərarı tənqid edərək, danışıqların davam etdirilməsinə çağırıblar.

AZƏRTAC xəbər verir ki, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen tətbiq olunacaq yeni rüsumların transatlantik tədarük zəncirlərini pozacağını, bunun isə həm Avropa, həm də ABŞ şirkətləri, istehlakçıları üçün mənfi nəticələr doğuracağını bildirib. O, X platformasındakı paylaşımında deyib: “Biz avqustun 1-dək razılaşmanın əldə olunması istiqamətində səylərimizi davam etdirəcəyik. Eyni zamanda, Avropa İttifaqının maraqlarını qorumaq üçün müvafiq əks-tədbirlər əsasında hərəkət etməyə hazırıq”.

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Kosta da X səhifəsindəki paylaşımında azad və ədalətli ticarətin rifahı artırdığını, yeni iş yerləri yaratdığını və təchizat zəncirlərini gücləndirdiyini ifadə edib: “Tariflər əslində vergilərdir. Onlar inflyasiyanı artırır, qeyri-müəyyənlik yaradır və iqtisadi artıma mane olur.

Biz dünyada güclü ticarət tərəfdaşlıqları qurmaq yolunda səylərimizi davam etdirəcəyik”. Avropa İttifaqının öz maraqlarını qorumaq üçün qətiyyətli və birlik içində olduğunu vurğulayan A.Kosta bu yolda Prezident Ursula Fon der Lyayenin və Avropa Komissiyasının ədalətli razılaşmaya nail olmaq səylərini tam dəstəklədiyini qeyd edib.

Niderlandın Baş naziri Dik Şof ABŞ Prezidentinin qərarının narahatlıq doğurduğunu ifadə edərək, bu addımın düzgün istiqamət olmadığını bildirib. O, Avropa Komissiyasına tam dəstək verəcəklərini və qarşılıqlı faydalı razılaşma əldə olunması üçün Aİ çərçivəsində birliyin qorunmasının vacibliyini vurğulayıb.

Almaniyanın iqtisadiyyat naziri Katherina Rayxe də məsələyə münasibət bildirərək praqmatik yanaşmanın önəmini qeyd edib. O, qarşıdakı vaxt ərzində Aİ üçün əsas məsələnin ABŞ ilə ziddiyyətli məqamlar üzrə praktiki həllin tapılmasının vacibliyini vurğulayıb. Nazir ABŞ-ın rüsum qərarının təkcə Avropa şirkətlərinə deyil, eyni zamanda, ABŞ iqtisadiyyatına və istehlakçılarına da ciddi təsir göstərəcəyini deyib.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
11
50
azertag.az

10Mənbələr