Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanın deputat toxunulmazlığı ləğv edilib.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Bu gün Ermənistan parlamentində keçirilən səsvermədə qərarı 59 deputat dəstəkləyib, əleyhinə səs verən olmayıb. Seyran Ohanyanınla yanaşı, "Hayastan" fraksiyasının katibi Artsvik Minasyanın da deputat toxunulmazlığı ləgv edilib.
Cinayət işləri çərçivəsində Seyran Ohanyana qarşı irəli sürülən ittihamlar onun müdafiə naziri olduğu dövrə aiddir. İstintaqın məlumatına görə, Ohanyan Geqarkunik vilayətinin Draxdik kəndində yerləşən, “Sevan” Milli Parkının balansında olan 10,5 min kvadratmetrlik torpaq sahəsini qanunsuz olaraq mənimsəyib və həmin ərazidə dövlət büdcəsi hesabına şəxsi villa tikdirib.
Arçvik Minasyana isə 2016–2018-ci illərdə, ətraf mühit naziri olduğu dövrdə bu qanunsuzluqlara hüquqi qiymət vermədiyi, əksinə, Ohanyanın hərəkətlərini ört-basdır etməyə kömək etdiyi iddia olunur.
İstintaq bildirib ki, Minasyan Ohanyana yaxın şəxslərə tikinti üçün icazə verib və bir sıra sənədlərin saxtalaşdırılmasına şərait yaradıb.