AZ

Saşa İliç - “Sumqayıt”ın yeni baş məşqçisi!

Serbiyalı futbol mütəxəssisi Saşa İliç bundan sonra Azərbaycan Premyer Liqasında mübarizə aparan “Sumqayıt”ı çalışdıracaq.

Arena.az bu barədə sözügedən klubun mətbuat xidmətinə istinadən xəbər verir.

47 yaşlı mütəxəssislə 1 illik (2026-cı ilin 30 iyununadək) müqavilə imzalanıb.

Klubun yaydığı məlumatda vurğulanır ki, bu gün “Sumqayıt” Futbol Klubunun Müşahidə Şurasının iclası keçirilib. “Azərikimya” İB-nin inzibati binasında baş tutmuş iclasda əsas komandanın yeni baş məşqçisi Saşa İliç şura üzvlərinə təqdim olunub. UEFA PRO kateqoriyasına sahib 47 yaşlı serbiyalı mütəxəssis və onun köməkçiləri ilə 1 illik müqavilə imzalanıb.

İclasda Müşahidə Şurasının sədri Elnur Məmmədli çıxış edərək yeni baş məşqçiyə uğurlar arzulayıb və üzvlərə klubun yeni mövsümdəki planları barədə məlumat verib. O bildirib ki, “Sumqayıt” Futbol Klubu olaraq daim Sumqayıt şəhəri və şəhər sakinlərinin dəstəyini hiss edirlər. Hər zaman komandanın yanında olan azarkeşləri sevindirmək üçün klub rəhbərliyi olaraq əllərindən gələni edəcəklər.

Daha sonra isə prezident Riad Rəfiyev komandanın növbəti mövsüm üçün hazırlıq planı və təlim-məşq toplanışı barədə çıxış edib.

Yeni baş məşqçi isə ona etimad göstərib buraya dəvət etdikləri üçün klub rəhbərliyinə təşəkkürünü bildirib. Mütəxəssis “Sumqayıt” Futbol Klubunun Sumqayıt şəhərinin adına layiq çıxış etməsi üçün əlindən gələni edəcəyini və uğurlu mövsüm keçirməyə çalışacaqlarını vurğulayıb.

Saşa İliç daha sonra isə ev oyunlarının keçirildiyi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu və “SOCAR Polymer” təlim-məşq bazası ilə tanış olub.

Futbolçu karyerası dövründə “Partizan”, “Sleta”, “Qalatasaray”, “Zalsburq”, “Lariissa” kimi klubların şərəfini qorumuş Saşa İliç 2019-cu ildən məşqçilik edir. O, əvvəlcə Serbiyanın U-16, U-17, U-21 yığmalarında, həmçinin ölkəsinin əsas millisində köməkçi kimi çalışıb. Onun baş məşqçi kimi ilk iş yeri isə “Çukariçki” komandası olub. ÇSKA (Sofiya) və “Atormitos”u da çalışdırmış serbiyalı mütəxəssis 2024-cü ildən Rusiyanın “Pari” (Nijni Novqorod) komandasına rəhbərlik edirdi. O, bu komandanı 22 oyuna çıxarıb, 4 qələbə, 4 heç-heçə və 14 məğlubiyyət görüb.

“Sumqayıt”a isə son olaraq Vaqif Cavadov rəhbərlik edib. O, ötən mövsümün sonlarında istefaya göndərilmişdi.

Seçilən
0
21
arena.az

10Mənbələr