AZ

"Ukrayna dronları Moskva ətrafında strateji kimya zavoduna zərbə endirib" - Ukrayna mətbuatı

 
"Krasnozavodskda partlayışlar: Rusiya hərbi sənayesinə zərbə..."
 
İyulun 7-də səhər Rusiyanın Moskva vilayətində yerləşən Krasnozavodsk şəhərində bir neçə güclü partlayış qeydə alınıb. Hücumun hədəfi Rusiya hərbi sənayesi üçün mühüm əhəmiyyət daşıyan kimya zavodu olub.
 
Moderator.az xəbər verir ki, bu barədə "obozrevatel.com" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki, sakinlər havada dronların səslərini eşitdiklərini və partlayışların videolarını sosial şəbəkələrdə paylaşdıqlarını bildirib.
 
Krasnozavodsk şəhərində yerləşən "AT Krasnozavodsk Kimya Zavodu" Rusiya Müdafiə Nazirliyinin sifarişi ilə partlayıcı maddələr, barıt, artilleriya mərmiləri və ballistik raketlərin komponentlərini istehsal edən, "Rostex" konserninə daxil olan hərbi-strateji müəssisədir. Zavod həm də şəhərin əsas sənaye obyekti,
yəni iqtisadi cəhətdən "şəhərformalaşdırıcı" müəssisə hesab olunur.
 
Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko da hücumu təsdiqləyərək bildirib ki, bu zavod Rusiya ordusunun raket və artilleriya silahlarının təchizat zəncirində mühüm həlqədir.
 
Rusiya Müdafiə Nazirliyi isə hadisəyə münasibət bildirərək, Moskva vilayəti üzərində 8 ədəd dronun vurulduğunu iddia edib. Amma sosial şəbəkələrdə yayılan videolarda zavod ətrafında qara tüstü sütunları və partlayış anları açıq görünür.
 
Ukraynanın davamlı zərbələri: yüksək dəqiqli silahların istehsalına maneə
 
Bu hücum son günlər Ukrayna tərəfindən Rusiya hərbi sənaye obyektlərinə edilən silsilə zərbələrin davamı kimi qiymətləndirilir. 5 iyul gecəsi də Çeboksarı şəhərində yerləşən "VNIIR-Proqress" müəssisəsi dron hücumuna məruz qalıb. Bu müəssisədə "Shahed" dronlarında, "İsgənder-K" raketlərində və idarə olunan aviabombalarda istifadə olunan "Kometa" adlı adaptiv anten qəfəsləri istehsal olunur.
 
Eyni zamanda, daha öncə Moskva vilayətindəki başqa bir hərbi-kimyəvi müəssisə - "Tətbiqi Kimya üzrə Elmi-Tədqiqat İnstitutu" da Ukrayna dronlarının hədəfinə çevrilib. Həmin zavodda "Shahed" dronları üçün termobarik döyüş başlıqları istehsal edilir.
 
Son dron hücumları Ukraynanın Rusiya hərbi sənayesinin əsas komponentlərini hədəfə aldığını göstərir. Krasnozavodsk kimya zavoduna zərbə Rusiya Silahlı Qüvvələrinin sursat və raket silahlarının istehsalında ciddi fasilələr yaradacağı ehtimal olunur.
Seçilən
8
15
moderator.az

10Mənbələr