AZ

Üzdəki bu əlamətə diqqət! Ağciyər xərçənginin xəbərçisi ola bilər

Ağciyər xərçəngi təkcə siqaret çəkənlərin deyil, ümumiyyətlə hər kəsin üzləşə biləcəyi təhlükəli bir xəstəlikdir.

E-saglam.az xəbər verir ki, bəzi hallarda xəstəliyin ilk əlamətləri olduqca gözlənilməz ola bilər. Mütəxəssislər xəbərdarlıq edir: üz əzələlərindəki dəyişikliklər, xüsusilə də üzün bir tərəfində sallanma və zəiflik, ağciyər xərçənginin erkən xəbərçisi ola bilər.

Ümumdünya Səhiyyə Təşkilatına görə, ağciyər xərçəngi dünyada xərçəngdən ölüm hallarının başlıca səbəblərindəndir. Siqaret əsas risk faktoru sayılsa da, xəstələrin təxminən 15%-i siqaret çəkməyənlərdir.

Üzdə sallanma və Horner sindromu

Ağciyər xəstəlikləri üzrə mütəxəssis Dr. Cimmi Yohannes bildirir ki, ağciyərin yuxarı hissəsində yerləşən şişlər sinirləri sıxa və ya zədələyə bilər. Bu da Horner sindromu adlanan bir vəziyyətə səbəb olur. Xəstələrdə aşağıdakı simptomlar müşahidə oluna bilər:

Üzün bir tərəfində zəiflik və sallanma

Göz qapağının düşməsi

Tərləmənin azalması və ya itməsi

Boyun və çiyin nahiyəsində ağrılar

Bu simptomlar təkcə ağciyər xərçənginə deyil, insult, onurğa beyni zədəsi və anevrizma kimi digər ciddi xəstəliklərə də işarə edə bilər. Buna görə də belə əlamətlər müşahidə olunarsa, vaxt itirmədən həkimə müraciət etmək vacibdir.

Digər ümumi simptomlara diqqət yetirin

Ağciyər xərçəngi uzun müddət özünü gizlədə bilər, lakin bəzi əlamətlər xüsusilə diqqət tələb edir:

Uzanan və səbəbi bilinməyən öskürək

Qanlı bəlğəm

Səbəbsiz çəki itkisi

Sinə ağrısı

Nəfəs darlığı

Erkən mərhələdə aşkarlanarsa, beş illik sağ qalma şansı 63%-ə qədər artır. Amma xəstəlik gec mərhələdə diaqnoz qoyulduqda bu rəqəm cəmi 8%-ə düşür. Təəssüf ki, əksər hallarda diaqnoz gec qoyulur.

Təkcə siqareti tərgitmək kifayət deyil

Pulmonoloq Dr. Rac Dasquptaya görə, ağciyər xərçəngi riskini azaltmaq üçün bu addımları atmaq vacibdir:

Siqaretdən və passiv siqaret tüstüsündən uzaq durun

Radon qazı və asbest kimi maddələrlə təmasdan çəkinin

Fiziki aktiv olun

Sağlam və balanslı qidalanın

Çəkinizi nəzarətdə saxlayın

Xatırlamaq vacibdir: Ağciyər xərçəngi yalnız öskürəklə başlamır. Bəzən bir üz əzələsindəki dəyişiklik belə, həyat xilas edən siqnala çevrilə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
11
21
e-saglam.az

10Mənbələr