BAKI, 7 iyul. TELEQRAF
Fransanın PSJ klubunun italiyalı qapıçısı Canluici Donnarumma klublararası dünya çempionatının 1/4 final oyunundan sonra dərin sarsıntı keçirib.
Teleqraf “RMC Sport” nəşrinə istinadən xəbər verir ki, buna səbəb 26 yaşlı qolkiperin Almaniyanın “Bavariya” klubuna 2:0 hesabı ilə qalib gəldikləri oyunun birinci hissəsində rəqib futbolçu Camal Musiala ilə toqquşaraq onu zədələməsidir.
Musialaya topuq çıxığı və baldır sümüyünün sınığı diaqnozu qoyulub. 22 yaşlı almaniyalı futbolçunun azı 4 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir.
Donnarumma həm meydanda, həm də oyundan sonra soyunub-geyinmə otağında PSJ-nin idman psixoloqu Xoakim Valdes ilə uzun müddət söhbət edib. Psixoloq ona Musialanın zədələnməsində heç bir günahının olmadığını dəfələrlə izah edib.
Final fitindən sonra Donnarumma “Bavariya”nın soyunub-geyinmə otağına baş çəkib və Musiala ilə bir neçə dəfə mesajlaşıb.
Qeyd edək ki, oyun PSJ-nin qələbəsi ilə yekunlaşıb. Yarımfinalda rəqib İspaniyanın "Real Madrid" komandası olacaq.