ABŞ Prezidenti Donald Tramp Dohada İsrail və HƏMAS hərəkatının nümayəndələrinin iştirakı ilə keçirilən danışıqlar uğurlu olarsa, bazar ertəsi Qəzza zolağında atəşkəs elan edə bilər.
Sherg.az "Azərtac"a istinadən xəbər verir ki, bu barədə “The National” mənbələrə istinadla məlumat yayıb.
Fələstin hərəkatının 60 günlük atəşkəs, 10 girovun azad edilməsi və 18 qurbanın qalıqlarının təhvil verilməsini nəzərdə tutan təklif planına müsbət cavab verməsindən iki gün sonra, İsrail və HƏMAS arasında atəşkəs və girovların azad edilməsi ilə bağlı dolayı danışıqlar iyulun 6-da Qətərin paytaxtında bərpa edilib. Məsləhətləşmələr İsrailin Baş naziri Benyamin Netanyahunun Vaşinqtona səfərə hazırlaşdığı vaxta təsadüf edir.
Nəşrin qeyd etdiyi kimi, münaqişə tərəfləri sazişin ayrı-ayrı parametrləri ilə bağlı fikir ayrılıqlarını həll edərsə, Tramp müvəqqəti atəşkəs elan edəcək, HƏMAS-ı silahlarını yerə qoymağa və bütün girovları azad etməyə çağıracaq.