AZ

“Bölgənin gələcəyi ilə bağlı bütün xətlər TÜRK GÜCÜnə aparır” – Tənzilə Rüstəmxanlı yazır

Dünyaya ağalıq etmək istəyənlərin zor, güc yolu ilə öz diktələrini yürütmək istədiyi bir zamanda Azərbaycan diplomatik uğur düsturu yazdı.

Beynəlxalq hüququn, BMT qətnamələrinin belə işləmədiyi məkanda 44 gün ərzində haqqı və ədaləti bərpa edən Müzəffər Ali Baş Komandan bu dəfə siyasətin yeni dərsini keçdi. “Dəmir Yumruq” Lideri bu dəfə tankla deyil, təbdirlə, hərbi texnika ilə yox, lider qəbulu ilə, qaranlıq məkanlarda deyil, Konqres Mərkəzində qələbəsini nümayiş etdirdi. Həm də tək öz adına yox, bütün müsəlman-türk dünyası adına!

Xankəndidə keçirilən beynəlxalq konfras həm də iki əsr boyunca imperalizm tərəfindən sümrülən, haqqı tapdanan bütöv bir qitənin – Yaxın və Orta Şərqin dünyaya bir Xankəndi mesajı idi. Azərbaycanın Vətən savaşında qazandığı Zəfərlə yaranan yeni siyasi düzən Azərbaycan-Türkiyə ittifaqının birbaşa maraqları ilə formalaşdı. İki qardaş ölkənin liderləri prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan “Bir millət iki dövlət” reallığını türk millətinin Anadoludan Altaylara qədər uzanan siyasi mərkəzi halına gətirdilər.

Xankəndi sammitində də Türkiyə rəhbərinin iştirakı, Azərbaycan Prezidenti ilə səmimi ünsiyyəti başlanan yolun inamla davamı idi. Tarix boyu hər zaman Azərbaycan və Türkiyə ilə yaxın dosluq münasibətində olan nüvə silahı ilə böyük hərbi güc olan Pakistanın da bu ittifaqın yanında olması xüsusi bir detaldır. Bu mənada, tədbir çərçivəsində üç lider arasında səmimi söhbət zamanı Pakistanın Baş naziri Şahbaz Şərifin İlham Əliyevə “Burada bir ev mənə, birini də Rəcəb Tayyib Ərdoğana tikməliyik” deməsi üç ölkənin bu qədər yaxın və birgə olması mesajı idi.

Türkiyə, Özbəkistan, Pakistan, Qırğızıstan, Şimali Kipr Türk Cumhuriyyəti, Əfqanıstan liderlərinin və nümayəndələrinin Xankəndiyə gəlməsi bir tərəfdən Azərbaycanla həmrəyliyin göstəricisi idisə, digər tərəfdən bölgədə artıq yeni güc mərkəzinin – Türk Dövlətləri Təşkilatı və onun regional nüfuzunun real göstəricisi idi. Bu mənada, üzərində xüsusi dayanılacaq məqam Şimali Kipr Cümhuriyyətinin liderinin Azərbaycana dəvət edilməsi, digər türkdilli dövlətlərin sammitində iştirakına şərait yaradılmasıdır. Heç şübhəsiz, bu, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü idi və Kipr Türk bayrağının dünyanı fəth edən türk atlılarının əlində digər dost ölkə bayraqları ilə birgə təntənəli demarjı “Kipr bir Türk dövlətidir və bizimlədir!” mesajı idi.

Bir müddət əvvəl Orta Asiya türk dövlətlərinin bu məsələdə mövqeyi ilə bağlı qurulan planlar elə həmin atların ayaqları altında məhv edildi! Dünya hərb tarixində xüsusi iz qoyacaq Şuşa əməliyyatını keçirən, 23 saat ərzində bir mülki erməninin burnunu qanatmadan Xankəndini azad edən Qalib Ordunun Müzəffər Komandanı bu dəfə bir güllə atmadan ən məkrli düşmənləri belə necə susdurmağın geopolitik masterklasını göstərdi.

Xankəndi sammiti tək Kipr üzərindən deyil, bütövlükdə türk dünyası üzərindən “Yalnız deyilik!” mesajı idi.

Avrasiya İqtisadi İttifaqının Minskdə keçirilən forumunda həm Rusiya Prezidenti Vladimir Putin, həm də Belarus lideri Aleksandr Lukaşenko Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi israrla bu quruma üzv olmağa dəvət edib sözlü təzyiq göstərmişdilər. Ardınca Kreml Qırğızıstandan “rus dilinə xüsusi status verilməsi”, bu ölkələrdə yaşayan slavyan mənşəli insanların yerli dövlət dilini öyrənmək məcburiyyəti olmaması tələblərini irəli sürmüşdü. Eyni ünvandan Qazaxıstan “ölkənin şimal vilayətlərində yaşayan slavyan çoxluğun hüquqları” amili ilə şantaj edilmişdi. Azərbaycanın məruz qaldığı təxribatlar və təhdidləri bu yazıda sadalamaq artıqdır. Bütün bunların fonunda Özbəkistan Prezidentinin çıxışı özündə həm açıq dəstək, həm də regional güclərin koordinasiyası mesajlarını daşıyırdı. Onun “əsl qardaşlar kimi bu bölgənin sülh və inkişaf məkanına çevrilməsinə şadıq” ifadəsi, İsrail-ABŞ-İran qarşıdurmasının region üçün yaratdığı təhlükəyə diqqət çəkməsi bölgənin sabit qarantının burada oturan dövlətlər olduğuna işarə idi. Yaxın və Orta Şərqdə Türk-İslam adına yeni güc mərkəzi yaranır və bu platformaya nə ABŞ, nə Rusiya daxil deyil. Bu, böyük güc deməkdir. Təkcə Pakistan və Türkiyənin aparıcı dövlət olduğu hərbi blok özünü və üzv dövlətləri bütün təhlükələrdən qorumağa qadirdir. Azərbaycanın, Özbəkistanın və Qazaxıstanın zəngin maddi sərvətlərini, iqtisadi inkişaf potensiallarını bunun üzərinə gələndə regionda yeni güc mərkəzinin qüdrəti həlledici olacaq.

Üzərində dayanılacaq mühüm məqanlardan biri Xankəndi sammitində prezident İlham Əliyevin İranın Prezidenti Məsud Pezeşkiana “Vətəninə xoş gəldin” deməsi idi. Təbrizli bir türkün Xankəndidə görünməsi həm simvolik, həm də strateji mesaj daşıyır. İran artıq bölgədə illərlə birgə hərəkət etdiyi Rusiyanın əvvəlki gücdə olmadığının, hətta İsrail-İran qarşıdurmasında gözlənən sərtliyi görmədiyinin nəticələrini anlamamış deyil. Fars şovinizminin regionda dominant olmasına qarşı da içəridən etiraz var. Pezeşkianın Xankəndi səfəri, Azərbaycanla münasibətlərin yenidən qurulması tarazlıq və türk dünyası ilə yaxınlaşmanın əlamətidir. Başqa sözlə, bölgənin gələcəyi ilə bağlı bütün xətlər TÜRK GÜCÜnə aparır! Bu gücün aparıcı liderlərindən biri Azərbaycan Prezidenti İlham Əliyevdir.

Seçilən
17
50
veteninfo.az

10Mənbələr