AZ

Azərbaycan ECO-nun mərkəzinə çevrilib | TƏHLİL

Dövlət başçımız İlham Əliyev də açılışda qeyd etdi ki, Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsi xüsusi məna daşıyır. "Ermənistanın işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirilmişdir. Şuşada 2023-cü ildə ECO-nun Nazirlər Şurasını, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünü və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşünü qeyd etmək istərdim",- Prezident bildirdi.

Xatırladım ki, müstəqilliyimizi bərpa etdikdən sonra ilk daxil olduğumuz qurumlardan biri məhz İqtisadi Əməkdaşlıq Təşkilatı olub. ECO 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən üzv dövlətlər arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı təşviq etmək məqsədilə yaradılmış hökumətlərarası regional təşkilat sayılır. Və bu qurum, 1964-cü ildən 1979-cu ilədək mövcud olmuş Inkişaf üzrə Regional Əməkdaşlıq Təşkilatının xələfi hesab olunur.


1992-ci ildə sözügedən təşkilata Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və o cümlədən ölkəmiz də daxil olmaqla onun üzvlərinin sayı 10 ölkəyə çatdı. Təşkilatın kənd təsərrüfatı, sənaye, nəqliyyat, rabitə, infrastruktur, elm, təhsil, energetika və digər sahələr üzrə 8 texniki komitəsi fəaliyyət göstərir. Komitələr ildə bir dəfə toplanır və İƏT Nazirlər Şurası da ən azı ildə bir dəfə yığıncaq keçirir.

ECO-ya daxil hər bir ölkənin çox böyük potensialı vardır. Söhbət, həm resurs, həm də ümumiyyətlə iqtisadi inkişaf üçün zəruri olan bütün növ imkanlardan gedir ki, bunu gerçəkləşdirməyin ən uyğun vasitələrindən biri əməkdaşlıq olduğundan təşkilata üzv ölkələr arasında qarşılıqlı əlaqələr və ticarət münasibətləri durmadan geniş sferalara yayılmalıdır.

Məsələn, Azərbaycanın nəqliyyat sahəsində yaratdığı infrastruktur ölkəmizin Şərq-Qərb və eləcə də, Şimal-Cənub istiqamətləri arasında mühüm və həlledici, həmçinin əlverişlilik baxımından ən alternativsiz mərkəzə - tranzit vasitəsinə çevirib. Bütün bunlar çoxdan göz qarşısındadır. Və bundan yaralanmaq qeyd olunan istiqamət üzərində və ətrafda yerləşən demək olar bütün ölkələrin marağındadır. Sadəcə, potensialdan istifadə etmək lazımdır.


Misal olaraq götürək Özbəkistanı. Özbəkistan Mərkəzi Asiyanın ən önəmli ölkələrindən biridir. Odur ki, Özbəkistan tərəfi ilə ölkəmiz arasında nəqliyyat və logistika sahəsində əməkdaşlığı gücləndirmək məqsədilə müntəzəm dialoqun aparılması və qonşu ölkələrlə nəqliyyat siyasətinin koordinasiyası şübhəsiz, ölkəmizin mövcud iqtisadi-siyasi və regional əhəmiyyətini indikindən bir az da çox artıra bilər və artıracaq da...

Çünki, Mərkəzi Asiya ölkələrinin Xəzər üzərindən Qərbə çıxışı baxımından Azərbaycanın həqiqətən də çox böyük geoiqtisadi üstünlükləri vardır. Və təkrar edirəm, bundan sadəcə, istifadə etmək və yaralanmaq lazımdır. Odur ki, ikitərəfli müntəzəm dialoqların və koordinasiyanın zəruriliyi çox da geniş izahat tələb etmir. Bu, bütün tərəflər üçün yalnız fayda gətirə bilər. Və bütövlükdə regional inkişafa gətirib çıxarar.


Təbii ki, nəticədə Azərbaycanımızın tranzit gəlirləri və iqtisadi sabitliyi davamlı olaraq dividentlər qazana və götürə bilər. Yeri gəlmişkən, bu ilin yanvar-may aylarında Azərbaycan ilə ECO-ya üzv ölkələr arasında ticarət dövriyyəsi 3,5 milyard ABŞ dollarına çatıb. Bu da onu deməyə əsas verir ki, ticarət əlaqələri regional inteqrasiyanın əsasını təşkil edir və son illər bu sahədə hər bir ölkənin biznes sferası üçün müsbət nəticələr əldə olunub. Təkcə ölkəmizdə illik müqayisədə 10% artım qeyda alınıb.

Azərbaycan hökuməti bu dinamikanı ikitərəfli sazişləri artırmaq yolu ilə inkişaf etdirir. Belə ki, ölkəmizin hazırda ECO-ya üzv beş ölkə ilə azad və həm də Türkiyə, həm də Pakistanla preferensial ticarət sazişləri vardır. İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev qeyd etmişkən, maneələri bu cür azaltmaq və bazarları açmaqla bütün region boyunca ticarət daha da güclənmiş olur. Həmçinin, dövlətlərarası investisiya əməkdaşlığı da əhəmiyyətli rol oynaya və təsir göstərə bilər.

Yeri gəlmişkən, bu il iyunun 1-nə olan məlumata görə ECO ölkələrindən 10 mindən çox şirkət Azərbaycanda fəal fəaliyyət göstərir. 1995-ci ildən bəri bərabər üzv dövlətlərdən Azərbaycana 22 milyard ABŞ dollarından çox investisiya qoyulub.


Pərviz Heydərov
Seçilən
1
30
azvision.az

10Mənbələr