AZ

"Ukraynada müharibəyə son qoyub-qoya bilməyəcəyimi bilmirəm" - Tramp

 
"Trampın ikiüzlü mövqeyi: müharibəni bitirmək istəyir, amma Ukraynanı cəzalandırır..."
 
ABŞ prezidenti Donald Tramp son günlərdə həm Rusiya prezidenti Vladimir Putin, həm də Ukrayna lideri Vladimir Zelenski ilə telefon danışığı aparıb. Bu danışıqlardan sonra verdiyi bəyanatlar isə onun Rusiya-Ukrayna müharibəsinə münasibətində artan ziddiyyətləri və qeyri-müəyyən mövqeyini ortaya qoyub.
 
Moderator.az xəbər verir ki, bu barədə "moscowtimes.ru" nəşri yazıb.
 
Tramp əvvəlki kimi, bu münaqişəni "24 saata" bitirəcəyini iddia etməyib. Əksinə, "müharibəyə son qoyub-qoya bilməyəcəyimi bilmirəm" deyərək,  "Air Force One" təyyarəsində jurnalistlərə etiraf edib. Bu açıqlama onun seçkiqabağı kampaniyada verdiyi vədlərlə tam ziddiyyət təşkil edir.
 
"Bəli, müharibənin bitməsini istəyirəm", -  deyə əlavə edən Tramp Ukraynadakı vəziyyətin "Baydenin işi" olduğunu da bildirib və "onu sona çatdırmağa çalışıram" deyib. Amma bu, həm də onun məsuliyyətdən yayınmaq cəhdi kimi qəbul olunub.
 
Zelenski ilə ümidverici, Putinlə nəticəsiz danışıq
 
Zelenski ilə danışıq Tramp tərəfindən "strateji baxımdan çox vacib" adlandırılıb. Ukrayna prezidenti isə bu söhbətin "çox məhsuldar" olduğunu deyib. Onlar hava hücumundan müdafiə, silah istehsalı və qarşılıqlı sərmayələr barədə müzakirələr aparıb.
 
Putinlə söhbət isə Trampın öz sözlərinə görə "heç bir nəticə verməyib". Tramp bildirib ki, Putin "sona qədər getmək və insanları öldürmək istəyir" və bu, "qəbuledilməzdir".
 
Sevimli qəzetindən sərt tənqid
 
Trampın sevimli mətbu orqanı hesab edilən "The New York Post" redaksiya məqaləsində prezidentə açıq şəkildə müraciət edərək sual verir: "Niyə Ukraynanı cəzalandırırsınız?"
 
Məqalədə qeyd olunur ki, Tramp Putinin təcacüzünü əsas maneə kimi görür, amma buna baxmayaraq, ABŞ-ın Ukraynaya hərbi yardımını məhdudlaşdırır. Jurnalistlər yazır: "Sizin sülh çağırışınızdan dərhal sonra Putin müharibə ərzində ən böyük dron və raket hücumunu həyata keçirib. Bəs niyə, cənab prezident, Siz Ukraynanı cəzalandırırsınız?"
 
Qəzet onu da vurğulayır ki, Ukraynaya yardım nə ABŞ iqtisadiyyatına, nə də onun təhlükəsizliyinə zərər vurur. Əksinə, bu yardım Amerika sənayesini stimullaşdırır, ordunun müasir texnologiyaları test etməsinə şərait yaradır və Çinin güclənməsinin qarşısını almağa kömək edir. "Ukraynanın süqutu sizə aid olmayan və ya əhəmiyyətsiz bir fəlakət deyil, bu, ABŞ-ı zəiflədir və sizin prezidentliyinizə kölgə salır. Geri çəkilməyin", - qəzet xəbərdarlıq edir.
 
Artan tənqidlər və Trampın geriyə addımı
 
Beynəlxalq mediada və ekspert çevrələrində Trampın bu ziddiyyətli mövqeyi kəskin şəkildə tənqid olunur. "The Telegraph" yazır ki, əgər Tramp doğrudan da sülhə can atırsa, onun indiki siyasəti "tarixdəki ən səriştəsiz vasitəçi" obrazını yaradır.
 
Bütün bu təzyiqlərdən sonra Tramp ABŞ-ın Ukraynaya hərbi yardımı davam etdirəcəyini bəyan edib. O, xüsusilə "Patriot" hava hücumundan müdafiə sistemlərinin Kiyevə göndərilməsinə dair vəd verib. Lakin siyasi ekspertlərə görə, onun bu "geriyə addımı" da kifayət qədər qeyri-müəyyən və müvəqqətidir.
 
Donald Trampın Ukrayna-Rusiya müharibəsindəki rolu və mövqeyi hələ də ciddi suallar doğurur. Bir tərəfdən, o, sülh istəyini dilə gətirir, digər tərəfdən isə Kremlin maraqlarına uyğun şəkildə Ukraynaya yardımı məhdudlaşdırır. Ən əsası isə, Trampın verdiyi sözlərlə atdığı addımlar arasında dərin uçurum var və bu uçurumun gələcəkdə ABŞ-ın geosiyasi nüfuzuna hansı təsirləri göstərəcəyi hələ bilinmir.
Seçilən
19
50
moderator.az

10Mənbələr