Ağdam, 6 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycanda uşaqların təlim-tərbiyəsinə, sosial müdafiəsinin gücləndirilməsinə, vətənpərvərlik ruhunda və sağlam yetişmələrinə daim xüsusi diqqət yetirilir. Bu məsələ işğaldan azad olunan ərazilərdə də diqqət mərkəzində saxlanılır, yeni uşaq müəssisələrinin yaradılması prosesi uğurla davam edir. İşğaldan azad olunmuş ərazilərdə inşa edilən belə müəssisələrdən biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə iyulun 3-də açılışı olan Ağdam rayon Xıdırlı kənd körpələr evi-uşaq bağçasıdır.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, 120 yerlik körpələr evi-uşaq bağçasında uşaqların özlərini rahat və qayğısız hiss etmələri, onların təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmaq üçün zəruri şərait mövcuddur. Binada qrup otaqları, musiqi otağı, idman zalları balacaların ixtiyarına veriləcək. Uşaq bağçasının ətrafında yaşıllıq zolaqları salınıb, idman və oyun meydançaları, söhbətgahlar yaradılıb. Binanın damında Günəş panelləri quraşdırılıb.