Sherg.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Uşaqlar üçün “Artek” xəyal deyil, Azərbaycanda yay düşərgəsi modelinə ehtiyac var
Bu, nostalji deyil. Bir vaxtlar mövcud olmuş reallığın yada salınmasıdır. Söhbət “Artek” pioner düşərgəsindən gedir. Sovet dövrünün insanları onu yaxşı xatırlayır. SSRİ-nin dörd bir yanından məktəblilər yay tətilində bu düşərgəyə toplanırdı. Həm də əlaçı, fəal şagirdlər. Təkcə sovet məktəbliləri deyil, xarici ölkə məktəbliləri də bu düşərgəyə dəvət edilirdi.
Hətta Moskvanın "Dovjenko" adına kinostudiyasının istehsalı olan “Hazır ol, əlahəzrət!” filmində əcnəbi uşağın (şahzadə rolunu azərbaycanlı Elxan Cəfərov ifa edib) “Artek” həyatı, keçirdiyi günlər, məktəblilərlə dostlaşmasından bəhs edilir. “Artek” o zamanlar demək olar çox məşhur idi. ABŞ-də sülh səfiri adını qazanmış məktəbli qız Samanta Smit də “Artek”i ziyarət etmişdi. “Artek”, müxtəlif ölkələrdən olan uşaqlar üçün unudulmaz bir təcrübə məkanı, beynəlxalq əhəmiyyətli bir düşərgəyə çevrilmişdi. Pioner düşərgəsi mövzusu bizim “Bəxt üzüyü” filmində də keçir. Pioner düşərgələri, hər nə qədər sovet ideologiyasına xidmət etsə də, ola bilsin yeməkləri, uşaqlara qulluq yüksək sviyyədə olmasa da, yay tətili günlərində məktəblilərin istirahət edə biləcəyi məkanlar idi. Və təkcə istirahət də yox. Məktəblilər əlavə bilik və bacarıqlar əldə edirdilər, sosiallaşırdılar, dost qazanırdılar, asudə vaxtın düzgün təşkilini öyrənir, fiziki aktivliyə alışırdılar. Həm də ödənişsiz. İndi ödənişsiz yay düşərgələri demək olar, yoxdur. Ödənişlilərdə isə xidmət haqqı elə bir məbləğdir ki, hər ailənin buna maddi imkanı çatmır.
Hazırda ölkəmizdə tədris ili sentyabrın 15-də başlayır, iyunun 14-də bitir. 3 ay müddətində məktəblilər nəylə məşğul olur? İmtahan verənlər məlumdur; müəyyən müddət repetitor hazırlıqları, testlər əzbərləmək, imtahan həyəcanı, yerləşdirmə və sair. Bu, əsasən yuxarı sinif şagirdlərinə aiddir. Təhsilin ibtidai və orta pilləsində olanlarınsa yay tətili valideynlərin ümidinə qalıb. Regionlarda doğması, qohumu olanlar bir müddət orada dincələ bilir. Nisbətən imkanlılar bir neçə günlük istirahət məkanlarına gedir. Ümumi görünənsə budur ki, məktəblilərin yay tətili küçələrdə keçir. Oğlanların başı futbol oynamağa qarışır. Qızlar nə edir? Heç nə. Əsas məşğuliyyət, bütün uşaqlar üçün smartfonlar, telefonlardakı oyunlar və yəqin ki, həm də sosial platformalarda videolar izləməkdir. Bununla məktəblilərin növbəti tədris ilinə istirahət etmiş, biliklərini artırmış vəziyyətdə qayıdacaqlarını hesab etmək gülünc olar.
Bunu da qeyd etməliyik ki, şəhid ailələrinin övladları üçün yay düşərgələri təşkil olunur. Amma məktəblilər təkcə şəhid balalarından ibarət deyil. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Sabirabad, Saatlı, Hacıqabul, Zərdab, İsmayıllı, Qəbələ, Göygöl, Goranboy, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən iyun ayında uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə mərkəzlərin əməkdaşları, rayon icra hakimiyyətləri, gənclər evi, təhsil sektoru, mədəniyyət işçiləri, valideynlər və uşaqların iştirakı ilə mərkəzlərdə interaktiv görüşlər keçirilib, bölgələrdə yerləşən görməli yerlərə, tarix diyarşünaslıq muzeyləri, rayon Heydər Əliyev Mərkəzləri, tarixi məkanlara ekskursiyalar təşkil edilib. İnteraktiv görüşlərdə asudə vaxtın səmərəli təşkil edilməsi, ailədə birlikdə faydalı zaman keçirməyin əhəmiyyətindən danışılıb, bu istiqamətdə aidiyyəti qurumların və valideynlərin üzərinə düşən məsuliyyətdən bəhs edilib. Faydalı ola bilər, belə görüşlər, ekskursiyalar. Lakin nəzərə alaq ki, vaxt məhdudiyyəti uşaqların düşərgə həyatına tam inteqrasiya olunmasını çətinləşdirir. Eləcə də, bu cür gəzinti və görüşlər də məktəblilərin böyük əksəriyyətini əhatə etmir.

Təhsil eksperti Elçin Əfəndi “Sherg.az”a açıqlamasında qeyd etdi ki, məktəblilərin yay tətilini mənalı və faydalı keçirmələri üçün yay düşərgələri demək olar yoxdur. Olsa da çox məhdud saydadır:
- Əvvəllər dövlət tərəfindən təşkil olunurdu belə düşərgələr. İndi əsasən şəhid statusu olan ailələrin övladları üçün təşkil olunur. Könül istər ki, bu cür düşərgələrin sayı çox olsun, daha çox şagirdi, məktəblini əhatə etsin. Belə bir boşluqdan sahibkarlıq istiqamətində xüsusi şirkətlər faydalanır. Düşərgə stilində istirahət məkanları təşkil edirlər, amma göstərilən xidmətə görə ödəniş tələbi yüksək olur. Buna da hər ailənin imkanı çatmır. Dövlət tərəfindən şimal, cənub bölgələrimizdə, eləcə də məsələn, işğaldan azad edilmiş ərazilərimizdə yay düşərgələri təşkil edilsə, çox yaxşı olardı. Dövlət büdcəsindən vəsait ayrılarsa, bu cür düşərgələri ailələrin də ödəyə biləcəyi cüzi məbləğ təyin etməklə birgə təşkil etmək olar. Hesab edirəm ki, ailələr bundan imtina etməz. Uşaqlar da yay tətilini maraqlı, ən əsası isə faydalı keçirər. Bizim “Artek” kimi beynəlxalq səviyyəli düşərgə təşkil etmək imkanımız var.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.