AZ

Zəngəzur dəhlizi açılır: “İranda türkün prezident seçilməsi...”

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İran tərəfindən Zəngəzur dəhlizi ilə bağlı sürpriz bəyanat səsləndirilib.

Rəsmi Tehran dəhlizin açılmasına “yaşıl işıq” yandırıb. Bu barədə İranın Ermənistandakı səfiri Mehdi Sobhani açıqlama verib:

“İran Ermənistanın suverenliyi qorunmaq şərti ilə kommunikasiyaların açılmasına müsbət yanaşır”.

İndiyə kimi Zəngəzur dəhlizinin açılmasına qarşı çıxan rəsmi Tehranın geri addım atmağa məcbur qaldığı görünür. İranın da bu mövqeyindən sonra yaxın perspektivdə Zəngəzur dəhlizi açıla bilər?

Mövzu ilə bağlı “Cümhuriyət”-ə açıqlamasında siyasi ekspert Novruz Novruzov bildirib ki, Zəngəzur dəhlizi Azərbaycanın unitar dövlət siyasətinin prioritet istiqamətidir:

“Naxçıvanın ərazi baxımından anklav mahiyyətindən çıxaraq ölkənin vahid sərhədləri strukturuna daxil edilməsi dövlətçiliyimizin tələb etdiyi vacib məqamdır. Zəngəzur dəhlizi indilikdə bu yolda region ölkələrindən heç birinin ərazi strukturuna toxunmadan həyata keçəcək ən məqbul layihədir. Bu layihə Azərbaycan üçün böyük siyasi, coğrafi və iqtisadi əhəmiyyət daşıyır. Digər tərəfdən isə bütün region ölkələri, o cümlədən dəhlizin keçəcəyi Ermənistan və İran üçün böyük iqtisadi potensialı reallaşdırmaqdan ötrü beynəlxalq imkandır.

Qərblə Şərq arasında kommunikasıyaların əlverişli qovşağına çevrilmiş Azərbaycan üçün dəhlizin böyük perspektivlərinin olması rasional iqtisadi reallıqdır. Bir neçə ildir ki, Zəngəzur dəhlizinin açılması ətrafında Azərbaycan və Ermənistan, həmçinin regionda maraqları olan Rusiya, İran, ABŞ, Avropa İttifaqı ölkələri arasında ciddi müzakirələr gedir. Layihənin memarı və aparıcı qüvvəsi olan Azərbaycan hakimiyyəti çətinliklə olsa da məqsədə doğru addım-addım irəliləyir.

Çünki bu dəhliz beynəlxalq iqtisadi əməkdaşlığın yeni strukturunun formalaşmasını ehtiva edir. Bu səbəbdən yeni kommunikativ əlaqələrin yaranması nə qədər sərfəli olsa da, köhnə strukturların funksiyalarının müəyyən faizini öz üzərinə götürəcək. Bu səbəbdən müqavimətlə qarşılaşır. Bundan başqa, siyasi niyyətlərdə də dəyişikliklərin baş verməsi labüdləşir”. 

Ekspert qeyd edib ki, İranı qorxudan ən mühüm amil dünyanın yeni siyasi və iqtisadi yerdəyişməsi dövründə tarixi ərazilərdə yerləşən türk dövlətlərinin birliyidir: 

“Tarixilik baxımından İran da coğrafi cəhətdən bu birliyin içində olmalıdır. Təsadüfi deyil ki, 1964-cü ildə iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə üç ölkə - İran, Pakistan və Türkiyə arasında İnkişaf üçün Regional Əməkdaşlıq adı ilə təşkilat yaradılıb. Qurum 1985-ci ildən etibarən İqtisadi Əməkdaşlıq Təşkilatı adlanır. Azərbaycan 1992-ci ildə təşkilata üzv olub. Hazırda mənzil qərargahı Tehranda yerləşən İƏT-in 10 üzvü var - Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan, Özbəkistan, İran. Buna baxmayaraq, əhalisinin təxminən 50 faizinin türk olması bu ölkənin dini-siyasi rəhbərliyini əndişələndirirdi.

Bundan başqa, Rusiya ilə strateji əlaqələrin olması da İranın mövqeyinə təsir göstərirdi. Rusiya vaxtilə müstəmləkəsi olmuş ölkələrdə həyata keçirilən bütün əsas layihələrə nəzarəti ələ keçirməklə həmin ölkələrə siyasi və iqtisadi təzyiq alətinə sahib olmaq istəyirdi”. 

O əlavə edib ki, buna görə də Zəngəzur dəhlizi ideyası ortaya çıxanda Rusiya təkidlə dəhlizə nəzarət təklifini irəli sürürdü:

“Ancaq Azərbaycan Qarabağı erməni təcavüzündən xilas etdikdən sonra Ermənistanda baş verən siyasi proseslər bu ölkədə Rusiyanın təsirini xeyli azaltdı. Ermənistana “böyüklük” etməyə çalışan Fransanın da regionda geosiyasi maraqlara yiyələnmək üçün göstərdiyi cəhdlər iflasa uğradı. Azərbaycanın regionda açar ölkə olması, qardaş Türkiyə ilə strateji müttəfiqliyin yüksək səviyyəsi, iki ölkənin birgə beynəlxalq səyləri nəticə verdi. Hazırkı şəraitdə görünür ki, dəhliz ideyası ətrafında çoxvektorlu razılaşma var.

Xüsusilə, İranda türkün prezident seçilməsi bu işə təkan verib. Belə ki, İran Prezidenti Məsud Pezeşkian seçildikdən sonra rəsmi dövlət səfəri etdiyi ikinci ölkə olaraq Azərbaycana gəlməsi, burada Prezident İlham Əliyevlə danışıqlarda regional əməkdaşlığı genişləndirilməsində ölkəsinin maraqlı olmasını söyləməklə dəhlizin açılması prosesinin qaçılmaz olduğunu göstərdi. Ancaq Zəngəzur dəhlizinin başlıca komponent fiqurları Azərbaycan və Ermənistandır. Sülh müqaviləsi imzalanmalıdır ki, dəhliz açılsın. Bu mənada Ermənistanın üzərinə ciddi öhdəlik düşür. Çünki Azərbaycan öz üzərinə düşənləri uğurla həyata keçirir”. 

Novruz Novruzov vurğulayıb ki, Azərbaycan lap əvvəldən dəhlizin açılmasını prinsipial mövqe kimi irəli sürdüyündən və Qarabağ müharibəsinin qalibi kimi Cənubi Qafqazda dominant siyasət yürütdüyündən, ərazisində lazımı struktur və yolların tikintisini aparıb:

“Yəni dəhlizin açılması rəsmi qərardan sonra tezliklə reallaşacaq. Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “GLOBSEC Forum 2025” çərçivəsində keçirilən “Orta Dəhliz: Yeni Geosiyasi və İqtisadi Həyat Xətti” panel müzakirəsində çıxışı zamanı bildirib ki, Azərbaycan regionda təhlükəsizlik və sabitliyi təmin edib. O, ölkəmizin regionda tam təhlükəsizlik və sabitlik yaratdığını, Ermənistanın da regional əməkdaşlıq və nəqliyyat bağlantılarının bir hissəsinə çevrilə biləcəyini söyləyib.

Hikmət Hacıyev qeyd edib ki, hazırda Ermənistanla da danışıqlar aparılır və Azərbaycanın məqsədi regionda heç kimi təcrid etmək və ya kənarda saxlamaq deyil. Ermənistan öz öhdəliyindən qaça bilməz, ona görə ki, Azərbaycanla bağlayacağı sülh müqaviləsində Zəngəzur dəhlizi xüsusilə vurğulanır. Ermənistanın siyasi rəhbərliyi isə bildirir ki, sülh müqaviləsinin bütün bəndləri 2025-ci ilin mart ayından razılaşdırılıb”. 

Ekspert geriyə təkcə Rusiya amilinin qaldığını söyləyib:

“Bu ölkənin zehnindəki “velikorus” şovinizmi anlayışı dinc oturmağa imkan vermir. Putin və onun komandası imperiya ambisiyalarından qurtula, yeni dünyaya yeni baxışlar sistemini mənimsəyə bilmirlər, ancaq daha gecdir. Zəngəzur dəhlizinin açılması məntiqi baxımdan olduqca realdır. Azərbaycan və Ermənistan rəhbərliyi sülh müqaviləsini nə vaxt imzalayacaqlarsa, dəhliz də o vaxtdan açılmış hesab olunacaq”. 

Elmir Mustafa

“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
50
cebheinfo.az

10Mənbələr