AZ

İran İsrailə və ABŞ-a hədələr yağdırır: “Bu dəfə Netanyahunu heç kim xilas edə bilməyəcək”  

İran yenə də ritorikasını sərtləşdirib. Tehran öz təhlükəsizliyini təmin edə bilmədiyi halda, hələ də ABŞ və İsraili açıq-aşkar təhdid etməkdə davam edir.

Musavat.com xəbər verir ki, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi cümə günü Tehranda açıqlamasında İslam Respublikasının İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xameneinin birbaşa göstərişinə uyğun olaraq qəti cavab planının hazır olduğunu bəyan edib.

Musəvi bildirib: “Planımız tam hazırdır. Amma mövcud şəraitdə onun tam şəkildə icrası məqsədəuyğun deyil.” Bu, əslində İranın daxili və xarici auditoriyaya ünvanlanmış tipik “gözləyin, amma qorxun” şantaj ritorikasıdır.

Daha da irəli gedərək general xəbərdarlıq edib:

“Əgər onlar (yəni İsrail və ABŞ) yenidən İrana hücum etsələr, bizim nəyə qadir olduğumuzu görəcəklər. Belə olan halda hətta ABŞ da Netanyahunu xilas edə bilməyəcək.”

Tehranın bu hədələrinin əsl motivləri, görünür, qorxu ilə sıx bağlıdır. İran hazırda hava məkanını effektiv qorumaq iqtidarında deyil və İsrail-ABŞ tandeminin mümkün növbəti hücumundan ciddi şəkildə narahatdır. Çünki belə bir hücum İslam Respublikasının yenidən genişmiqyaslı bombardmana məruz qalması, strateji obyektlərinin məhvi və rejimin daha böyük sarsıntılar keçirməsi ilə nəticələnə bilər.

86 yaşlı Ayətullah Əli Xamenei — 1989-cu ildən bu yana İranın ikinci və hazırkı Ali Rəhbəri — də bu reallığın fərqindədir. Onun 40 ilə yaxın bir müddət ərzində idarə etdiyi ölkə son illərdə həm iqtisadi baxımdan, həm də regional siyasətdə zəifləyib. Tehran isə daha çox daxili ideoloji təbliğat naminə, xaricə yönəlik gurultulu bəyanatlar verməklə mövqeyini qorumağa çalışır.

Qeyd edək ki, bu açıqlamalar IRGC-yə (İslam İnqilabı Keşikçiləri Korpusu) yaxınlığı ilə tanınan yarım-rəsmi Tasnim xəbər agentliyində də dərc olunub. Agentlik general Musəvinin sözlərini xüsusi pafosla tirajlayıb. Lakin analitiklər hesab edirlər ki, əslində İran rəsmilərinin bu ritorikası daha çox profilaktik xarakter daşıyır və gələcək mümkün sarsıdıcı zərbədən ehtiyatlandıqlarını dolayısı ilə etiraf edir.

Məqalənin orijinalının linki

Musavat.com

Seçilən
8
50
musavat.com

10Mənbələr