AZ

"Anam, atam yoxdur, əvəzində dövlətim var"

Bu, 3 saylı Uşaq evinin bir sakininin səmimi ürək sözüdür

Bura yaşıl bir adaya bənzəyir. Sanki hündür, qollu-budaqlı ağaclar dörd bir tərəfdən binanı qucaqlayaraq bağrına basıb. Ağacların arasında "yerini bərkitmiş" oturacaqlarda dincələn körpə fidanlar gözə dəysə də, həyətdə lal sükut hökm sürür. Ətrafı seyr edirəm. Nədənsə bizə elə gəlir ki, oturacaqda əyləşən uşaqlar üz-üzə olduğu yoldaşları ilə yox, ürəkləri ilə danışırlar.

Qulağımıza yaşıl yarpaqların arasında gizlənib nəğmə oxuyan bülbülün "nəğmə"si hakim kəsilir, səsində bir qeyri-adi yanğı, ah-nalə olduğu üçün. Bilmirik, bəlkə oxuyan da heç bülbül deyil, valideyn həsrəti çəkən, ana qayğısı duymaq  istəyən bir körpənin naləsidir eşitdiyimiz...

Heç ağlımızdan belə keçirməmişdik ki, nə vaxtsa 17 yaşlı bir gəncin ilk kitabının ilk sətirləri bir ömür əbədi olaraq gözlərimizə yazılacaq: "Düşündüyünüz kimi deyil bu həyat, o, axar gedər. Sən baxarsan, susarsan, amma içindəki sən susmaz, dayanmadan danışar... Mənimlə söhbət edən daha bir mən var beynimdə. Hərdən "sus" deyirəm, amma o susmur, susdura bilmirəm. Çox maraqlıdır. Nə vaxt böyüdüm? Vaxt nə tez keçdi? Görəsən, sevgi asan bir şeydimi? Yaxşı, bəs nədir sevgi? Məncə, sevgi anadır. Ana sevginin təmiz, saf halıdır".

Bakının Xətai rayonunda yerləşən 3 saylı Uşaq evi sosial xidmət müəssisəsindəyik. Buranı dövlətin vətəndaşına sahiblik hissinin, valideyn himayəsindən məhrum olmuş uşaqlara qayğısının əsl  nümunəsi də hesab etmək olar. Öyrənirik ki, Uşaq evinin səliqə-sahmanlı, geniş və yaraşıqlı  binası  1976-cı ildə 12 qrupluq körpələr evi-uşaq bağçası üçün inşa edilib. 1990-cı ildən 110 yerlik  Uşaq evi olaraq fəaliyyətini davam etdirir.

Ötən il bu Uşaq evi sosial xidmət müəssisəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinə verilib. Söhbət zamanı müəssisənin direktor müavini Günay Manafova qeyd etdi ki, hazırda 95 yerlik müəssisədə yaşa və cinsə görə 5 qrup var. Müəssisədə hər qrupda 2 mentor, 2 gecə, 2 gündüz dayəsi çalışır. 

Günay Manafovanın sözlərinə görə, beynəlxalq təcrübəyə əsasən, bu sahə uşaqların tərbiyəsində yetkinlik yaşına çatdıqda peşə və əmək reabilitasiyasının təşkil edilməsi məqsədəuyğun hesab olunur: "Uşaqlar hazırda idman sahələrinə (reqbi, futbol, voleybol və tennis) istiqamətləndiriliblər. Nəticələr də ürəkaçandır. Biz seçim zamanı xüsusi diqqət göstəririk. Çalışırıq balalarımızı elə istiqamətləndirək, idmanın elə növü ilə məşğul olsunlar ki, gələcəkdə onlarda aqressiya olmasın. Məhz bu məqsədlə də övladlarımızı ağır idman növlərindən uzaqlaşdırmışıq".

Müəssisənin direktor müavini xüsusi olaraq vurğuladı ki, buradakı uşaqların əksəriyyəti  xüsusi qabiliyyətləri, istedadları ilə seçilirlər. Qabiliyyətləri ilə fərqlənən  uşaqlar rəsm və əl işlərinin hazırlanması ilə məşğul olur və müsabiqələrdə fəal iştirak edirlər: "Qürurla qeyd edə bilərəm ki, övladlarımız bir qayda olaraq əksər müsabiqələrdə ilk üçlükdə yer alırlar".

Bələdçimizlə birlikdə otaqları gəzirik. Gənc bir qızın kiçik yaş qrupunun oğlan uşaqları ilə məşğuliyyəti diqqətimizi çəkir. Tanış oluruq. Uşaq evinin sakini Sara Mehtiyevanın 

17 yaşı var. Sara yaşından tez böyümüş, düşüncəli, gələcəyi görən incə qəlbli bir gəncdir. Xəyallarını poetik misralara çevirib şeirlə ifadə edir. 2024-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın dəstəyi ilə  "Ümid işığı" adlı kitabı işıq üzü görüb. Sara deyir ki, uşaq evinə gələnə kimi bibisinin yanında yaşayıb. Artıq 9 ildir ki, uşaq evinin sakinidir. Ata-anası haqqında məlumatı yoxdur. 

Sara ilə söhbətə körpü salmağa çalışırıq. Açığını deyək ki, haradan başlayacağımızı bilmirik. O, Uşaq evinə gəlişinin ilk günlərini xatırlayır. Soruşanda ki "çətin olmadı", "yəni..." deməklə keçir. Fikrə gedir. Xəyalları onu harasa çəkib aparır. Düşüncələrində nə olduğunu bilə bilmirəm. Gözlərində dupduru göz yaşı gilələnib  muncuq kimi yanağına süzülür...

Bir xeyli susduqdan sonra pıçıltı ilə "incəsənət yönümlüyəm, aktrisa, yaxud da rejissor olmaq arzusundayam" deyib söhbətə  ara verir. Gözlərini üzümə zilləyib baxır. Hər yerdə ata, ana, bəlkə də doğma bir səs arayan bu gözlərə baxa bilmirik. Sual verməyə, söz soruşmağa ehtiyat edirik. Elə zənn edirik ki, ataya, anaya aid nəsə soruşsaq, bu körpə fidanın ürəyinə toxunarıq. Ürəyimizdən keçənləri gözlərimizdən oxuyur: "Aktrisa və ya rejissor olsam, ən gözəl ana obrazını yaradaram. Elə bir ana obrazı yaradaram ki, heç kim körpəsini atmaz. Tək olanda kitab kimi öz taleyimi oxuyuram. Hardasa bir günahsız körpənin incidildiyini görəndə çığırıb-bağırmaq, üsyan etmək istəyirəm. İmkanım olsa, hamıya deyərəm ki, uşaqların ürəyini qırmayın. Uşaqları sevin, onları incitməyin, atmayın. Uşaqlar mələkdirlər" deyir.

Sonra da susur, barmaqlarını dartışdırır, nə isə fikirləşir. Astadan, lap güclə eşidiləcək bir səslə "Bir də dövlətimiz var. Bu dövlət olmasaydı, harada yaşayardıq? Kim qayğımızı çəkərdi? Nə edərdik? Bura bizim öz doğma evimiz kimidir" deyərək sözünə ara verir. Amma bu fasilə uzun çəkmir: "Bura həyatın bir mərhələsidir. Konkret olaraq bu həyatın bitəcəyi tarix də aşağı-yuxarı bəllidir. Buranın ata evi olmadığını bilirik. Bilmirəm ki, atalar necə olur... Yəqin mənim də atam olub. Bilmirəm mənim günahım nə olub ki, mən belə həyat yaşamağa məcbur olmuşam? Bilirsiniz, nə fikirləşirəm? Doqquz ildir buradayam. 8 yaşımda ağlaya-ağlaya gəldiyim yeri bəlkə də ağlaya-ağlaya tərk edəcəyəm. Təəssüf ki, öz həyatımızı biz özümüz yaza bilmirik. Həyat bizi öz cızdığı yol ilə aparır. Hələlik bu belədir". 

Sara deyir ki, övlad dünyaya gətirmək valideyn olmaq demək deyil: "Gərək dünyaya gətirdiyin körpəni böyüdəsən, sevgi verəsən, lazım gəlsə, nazını çəkəsən. Bu insanlar necə rahat yaşaya bilirlər, anlaya bilmirəm ki? Çalışacağam, mübarizə aparacağam ki, öz yolum, dəst-xətim olsun. Bundan sonra arzuladığım həyatı yaşaya bilim. Atam, anam yoxdur, dövlətim var. İnsanıq da... İnsanın gözü var, nəfsi var, arzuladığı, xoşu gəldiyi gözəl şeylər var. Bu gün məni dövlətim yaşadır. Hətta paltar verəndə xoşum gələni, zövqümə uyğun olanı seçməyə belə imkan verir. Türklərdə "Dövlət baba" ifadəsi var. Bu gün dövlətimiz bizə əsl babalıq edir. Biz, bizi dünyaya gətirən insanlardan görmədiyimiz sevgini, məhz sevgini  dövlətimizdən görürük. Bizi dünyaya gətirənlər bizi küçəyə atdılar, dövlətimiz isə  bizə sahib durdu. Bu dövlətin borcunu əsl vətəndaş olaraq yaxşı işlərimlə, əməllərimlə qaytaracağam".

Dəhlizdəki yağlı boya ilə kətan üzərində çəkilmiş "Xudafərin körpüsü" əl işi diqqətimizi çəkir. Günay xanım deyir ki, bu, Şıxbabanın əl işidir. Söhbətimizi balaca rəssam Şıxbaba Muxtarovla davam etdiririk. 15 yaşı var. Üç ildir Uşaq evində yaşayır. Deyir ki, Fatmayi kəndindəndir. Anası xəstə, atası isə həbsdədir. 

 Şıxbaba özünü Uşaq evində rəssam kimi tanıdıb. O, dünyanı rənglərin gözü ilə görür: "Mavi rəngi çox sevirəm. Bir baxın göy üzünə, buludlar  də mavidir. Məncə, göy üzü mavi olmasa, günəş də elə gözəl görünməz. Xəzər də mavidir. Mənə elə gəlir ki, bütün rənglərdən mavi gözəldir".

Şıxbaba deyir ki, arzusu hərbçi olmaq, vətənin keşiyində durmaqdır: "Hərbçilik kişi sənətidir. Vətənin keşiyində durmaq isə böyük xoşbəxtlikdir. Heyif ki, atam həbs olunub. Düşünürəm ki, bu arzumu da gerçəkləşdirə bilməyəcəm. Əvvəllər tətillərdə bibim gəlib məni aparırdı, amma indi yox. Doğmalarla birlikdə yaşamaq tamam başqadır. Orada həyat daha maraqlı olur. Uşaqlarla oynayıram. 

18 yaşımı tamam edib əsgərliyə gedəcəyəm. Çalışacağam ki, məni yaşadan dövlət üçün layiqli vətəndaş olum".

Uşaq evinin digər bir sakini Zeynəb Qurbanova  ilə həmsöhbət oluruq. O, 5 ildir buranın sakinidir. Deyir ki, əvvəllər 10 il "Ümid" Uşaq Evində yaşayıb: "Özüm haqqında bildiyim budur ki, körpəlikdə vərəm dispanserində olmuşam. Bəlkə də soyuq havada məni küçəyə atdıqları üçün ciyərlərimə soyuq olubmuş. Ona görə də vərəm dispanserinə verilmişəm. Müalicə olunduqdan sonra məni "Ümid" Uşaq Evinə gətiriblər. 10 il orada qaldıqdan sonra da bura dəyişilmişəm. İdmanı çox sevirəm. Cüdo, futbol, kikboksinqlə məşğul oluram. Müəlliməmiz məsləhət bilib ki, daha çox futbolun üzərində dayanım. Qadın futbol klubunun yaxşı futbolçulara ehtiyacı var. Bilirsiniz niyə idmançı olmaq istəyirəm? Vətənimi, dövlətimi çox sevirəm. Atalı-analı uşaqlardan çox bizim bu dövlətə borcumuz var. Bizi yaşadan da, qayğımızı çəkən də, hətta həyat verən də dövlətimizdir. Valideynlərimiz bizi küçəyə atıb, amma dövlətimiz bizə bu gözəllikdə şərait yaradıb. Dövlətimiz arzuladığımız və insana yaşaması üçün lazım olan və verə biləcəyi çox şeyi bizlərdən əsirgəməyib. Bu da bir qismətdir. Hərdən fikirləşirəm ki, bu, bizim taleyimizdir. Elə bizim taleyimiz belə də olmalıymış ki, olub. İnsan ata-anasını çox istəyər, onlara dua edər. Biz isə dövlətə dua edirik. Onun qüdrətlənməsini istəyirik. İdmançı olmaqda da məqsədim Azərbaycana xidmət etmək, vətənimin adını yüksəltməkdir. Bir baxın, arzulayırdım ki, telefonum olsun. İndi telefonum var, amma zəng edib danışmaq istədiyim bir əzizim yoxdur. Anam, bacım, qohumlarım olsaydı, onlarla danışardım".

Zeynəb deyir ki, xəyalında bir ana obrazı yaradıb: "Bütün günü onunla danışıb dərdləşirəm. Sarı saçlı, mavi gözlü, çox mehriban bir xanımdır mənim yaratdığım ana. Bilmirəm analar övladlarını necə sevir". Zeynəb susur, əlinin arxası ilə yanağına süzülüb bizi də boğacaq göz yaşlarını silir. "Müəllim, olar bir söz soruşum? Ata necə olur? Deyirlər ki, atalar qızlarını çox istəyir? Bu, doğrudur?" Nəfəsimiz çıxmır. Udduğumuz hava sinəmizdə daş kimi düyünlənir. Nə deyəcəyimizi bilmirik. Boğulduğumuz göz yaşımızın içındən çıxıb güclə "hə" deyə bilirik. 

Digər həmsöhbətimiz Vüqar Dadaşov 11 ildir Uşaq evindədir. 

- Üç  yaşımdan buradayam. Atam da, anam da rəhmətə gedib. Atam qəzada dünyasını dəyişib. Anam isə COVID-19  virusuna yoluxdu. Amma qohumlarım var. Bibim hərdən gəlib məni evlərinə aparır. Hərdən də yanıma gəlib baş çəkir. Bakılıyam. İdmanı çox sevirəm, əsasən də futbolu. Məşhur futbolçu Neymar mənim idealımdır. Onun kimi futbolçu olmaq istərdim. Amma bilirəm ki, bu, mümkün deyil. Gərək valideynin ola, səni uşaqlıqdan futbol məktəbinə yazdıra. Arzudur da... Düşünürəm ki, idman kollecinə daxil olsam, bəlkə də həyatımı özüm qura bilərəm... 

Günay müəllimə deyir ki, Vüqar uşaqlardan ibarət komandada ilin futbolçusu seçilib: "Ümid edirik ki, gələcəkdə ölkəmizi təmsil edən ən yaxşı futbolçulardan olacaq. Uşaq evinin bütün sakinləri Vüqara futbolçu kimi azarkeşlik edir, oyunlarını izləyirlər".

Vüqar söhbəti davam etdirir: "Müəssisəmizin uşaqları, hamımız bir-birimizi  çox istəyirik. Çoxlu dostlarım var. Əsas dostlarım İbrahim və Elvindir. Elvin həm də doğma qardaşımdır. Bir bacım vardı, 17 yaşında rəhmətə gedib. Elə çox istəyirəm ki, onun məzarını ziyarət edəm".

Vüqar Uşaq evində onlara göstərilən diqqət və qayğıdan da bəhs edir: "Bizə burada çox yaxşı baxırlar. Yemək-içməyimizə, geyimimizə xüsusi diqqət yetirilir". 

10 yaşlı Savatxan Həbiyev Cəlilabad rayonundan olduğunu, Uşaq evində iki ildir ki, yaşadığını deyir. O, söhbətə məktəb həyatından başlayır: "Dərslərimi yaxşı oxuyuram. Amma məktəbə gedəndə bura üçün darıxıram. Burada müəllimlər çox gözəldir, məni çox istəyirlər. Mən də Nəzirə müəllim, Könül müəllimi çox istəyirəm".

Savatxan deyir ki, ən çox anası ilə babasını arzulayır: "Babam həkim idi. Mən də böyüyəndə cərrah olmaq istəyirəm. İndi mənə əmimlə nənəm baxır. Yəqin gəlib apararlar. Bəlkə də... yox, mütləq ardımca gələcəklər". Tavana zillənmiş gözlərində muncuq-muncuq yaş gilələnir... 

16 yaşlı Aylin Kərimova 3 ildir ki, Uşaq evinin sakinidir. Əvvəllər uşaq sığınacağında yaşayıb. Aylin deyir ki, atasının rəhmətə getdiyini, anasınınsa adının Türkan olduğunu eşidib: "Amma dəqiq xatırlamıram. Bildiyim odur ki, 4 yaşında sığınacağa verilmişəm. Rəsm çəkməyi çox sevirəm. Bir il rəqsə getmişəm, üzgüçülüklə də məşğul oluram. Bu il bərbərlik kursunu bitirəcəyəm. Qadın bərbəri olacağam. Yağlı boya ilə şəkil çəkməyi, taxtanın üstündə sapla işləməyi çox sevirəm. Əl işlərimi bəyənirlər. Ayişə adlı yaxın bir rəfiqəm var. Onu çox sevirəm. Aramızda qəribə bir doğmalıq mövcuddur. Hərdən mənə elə gəlir ki, Ayişə mənim özümdür. Gələcək haqqında birlikdə plan qururuq. Düşünürəm ki, bir gözəllik salonu açaram. Amma necə? Arzudur da... Allah istəsə qismət olar. Amma reallıq deyilən bir şey də var. Gərək onu da nəzərə alasan". 

Müəssisənin koordinatoru İlahə İmanova ilə söhbətimizi davam etdiririk:

- Müəssisəmizdə əsas diqqət yetirdiyimiz məqam tərbiyə və təhsildir. Tərbiyə müəssisədaxili əsas işimizdir. Bir valideyn kimi uşaqlarımızın məktəbdə fənn müəllimləri, məktəb rəhbərliyi, digər şəxslərlə davranışlarına, dərsə davamiyyətinə nəzarət edirik. Uşaqlarımızın valideynləri olaraq məktəbdə valideyn iclaslarına, digər tədbirlərə gedib onlarla birlikdə iştirak edirik. Müəssisə daxilində uşaqlar yaş qrupları üzrə bölünür. Onların sosial-psixoloji problemlərini, tələbatlarını öyrənirik. 

İlahə İmanova deyir ki, uşaqla yaxşı ünsiyyət qura bilirsənsə, o, səndə doğmalıq tapa bilirsə, demək, sənə etibar edir: "İllərdir buradayıq. Artıq hər kəsin xasiyyətini bilirik. Onlarla başa düşdükləri dildə ünsiyyət qurmağı bacaranla daha çox  doğmalaşır, etibar edir, bizi valideynləri kimi sevirlər. Əsas sevgini qazanmaqdır. Bu, birtərəfli olmamalıdır. Elə edirik ki, onlar bura üçün darıxsınlar, buranı öz evləri, bizi də valideynləri bilsinlər. Şükür ki, buna nail ola bilmişik".

Azyaşlılar üzrə qrup rəhbəri Nəzirə Qəhrəmanova 11 ildir Uşaq evində çalışır. Hazırda 6-11 yaşarası uşaqların qrup rəhbəridir. Qrupda 14 uşaq var: "Buradakı uşaqların hərəsinin öz dünyası var. Onların dünyasına daxil olmağı bacarmaq lazımdır. Gərək elə rəftar edəsən ki, axtardıqları valideyn sevgisini səndə tapa bilsinlər. O boşluğu doldurmaq asan olmur. Amma çalışıram ki, öhdəsindən gəlim. Bizim balalarımız bizə çox bağlanıblar. Elə biz də onlara. Günümün çoxunu burada keçirirəm. Körpələrimin birinin hansısa yeri ağrıyanda onu öz canımda hiss edirəm. Övladlarım kimi hər birini sevirəm. Bilirsiniz, bütün günümüzü onlarla birlikdə keçiririk". 

Direktor müavini Günay Manafova deyir ki, uşaqlar bu vətənin, dövlətin övladları olduğunu yaxşı başa düşürlər: "Dövlət sözün həqiqi mənasında övladlarımıza atalıq edir. Ürəklərindəki mənəvi boşluğu da ölkəmizin birinci xanımı Mehriban Əliyeva, qızları Leyla xanım, Arzu xanım doldururlar. Demək olar ki, mütəmadi olaraq müəssisəmizi ziyarət edib sakinlərə qayğı və diqqət göstərirlər". 

Direktor müavini onu da dedi ki, müəssisənin Buzovna qəsəbəsində "Yay evi" var. Yay tətilini uşaqlar orada  keçirəcəklər. 

Elşən QƏNİYEV,

"Azərbaycan"

Seçilən
5
17
azerbaijan-news.az

10Mənbələr