AZ

Rusiya Ukraynada uduzur? – Putin əsgər üçün  Pxenyana MÖHTAC QALDI

"Şimali Koreya Rusiyaya əlavə 25-30 min əsgər göndərməyə hazırlaşır. Bu barədə “CNN” nəşri məlumat yayıb. Məlumata görə, 2024-cü ilin noyabrında artıq 11 min şimali koreyalı hərbçi Rusiyaya göndərilmişdi və onların bir qismi Ukraynanın Kursk istiqamətindəki hücumunu dəf etməyə yardımçı olmuşdu. Bu hərbçilərdən təxminən 4 mini ya həlak olub, ya da yaralanıb".

Musavat.com bildirir ki, bu sözləri politoloq Zeynal Əmrəliyev deyib.

Politoloq qeyd edir ki, 2025-ci ilin 18 mayında çəkilmiş peyk görüntülərində əvvəllər də hərbçilərin daşınmasında istifadə olunan bir gəminin Rusiya Federasiyasının Dunay limanında lövbər saldığı əks olunub. Həmçinin, 4 iyun 2025-ci il tarixli görüntülərdə Şimali Koreyanın Sunan hava limanında yük təyyarələrinin fəaliyyət göstərdiyi müşahidə olunub.

"Uçuş marşrutları da əsgər daşınmasının aktivləşdirildiyini göstərir. Təyyarələrin İL-76 modelləri olduğu ehtimal olunur – bu tip təyyarələr 2024-cü ilin hərbi daşınmalarında da istifadə edilmişdi. Moskvanın Pxenyandan yeni əsgər tədarükü onu göstərir ki, Rusiyanın müharibədə itkiləri kifayət qədərdir. Ukrayna hücumdan əvvəl kifayət qədər pafoslu cümlələrdən istifadə edən Rusiya rəhbərliyi indi döyüşdürməyə əsgər tapa bilmir və rəqibləri qarşısında olduqca pis vəziyyətə düşüb. Rus hərbi komandanlığının səhvi səbəbindən ölkənin müharibədə itgiləri də kifayət qədərdir. Başqa bir məsələ odur ki, Rusiya faktiki müttəfiqsiz qalıb. Moskva özünün yaratdığı sünni təşkilat KTMT üzvlərindən belə real dəstək ala bilmədi. Buna görə də İran və Şimalı Koreya kimi dünyadan təcrid edilmiş ölkələrə möhtacdır", deyə Zeynal Əmrəliyev qeyd edib.

Politoloqun fikrincə, rəsmi Pxenyan Moskvaya bu yardımları məcburiyyət qarşında göndərir:

"Çünki Rusiyadan bu ölkəyə texnoloji, silah ehtiyyatı və qida məhsulları gəlir. Ancaq bu proses uzun müddətli ola bilməz. Çünki Rusiyaya əsgər yardımı həm Şimali Koreyanın öz müdafiə qabiliyyətini aşağı salır, həm də ölkənin demoqrafik inkişafına ciddi problemlər yaradır. Şimali Koreyadan əlavə hərbi qüvvələrin müharibəyə göndərilməsi Ukrayna üçün bəzi bölgələrdə çətinlik yarada bilər. Hazırda Luqansk cəbhəsində vəziyyət gərgindir. Ehtimal ki, Rusiya koreyalı əsgərlərdən əsasən bu istiqamətdə istifadə edəcək. Ukraynaya yardıma heç bir ölkəni yaxın buraxmayan rəsmi Moskva özü üçüncü tərəfi müharibəyə cəlbə etməklə həm özünün gücsüzlüyünü ortaya qoydu, həmdə beynəlxalq hüququ heçə saydığını hamıya göstərmiş oldu".

Xalidə Gəray
Musavat.com

Seçilən
12
15
musavat.com

10Mənbələr