AZ

Avropa çempionumuz: "39 dərəcə qızdırma ilə güləşdim"

“Yarış mənim üçün çox çətin keçdi”.

İdman.biz xəbər verir ki, bunu Offsideplus.az-a Azərbaycanın U-20 millisinin güləşçisi Ruzanna Məmmədova (62 kq) deyib.

İtaliyanın Kaorle şəhərində keçirilən U-20 Avropa çempionatında çıxışını dəyərləndirən idmançı qızıl medalı heç də asan əldə etməyib: “Yarışdan öncə Türkiyədə baş tutan təlim-məşq toplanışında çox ağır zədə aldım. Demək olar, bir müddət hərəkətsiz qalmalı oldum. O zədə məni çox geri saldı, yoxsa daha yaxşı güləşə bilərdim. Üstəlik, İtaliyaya gələndən sonra da xəstələndim. 39 dərəcə qızdırma ilə yarımfinala kimi güləşmişəm. Ən çətin görüşüm isə yarımfinalda rusiyalı Yekaterina Radışevaya qarşı oldu. Əsas odur ki, qalib gəldim. Qazandığım nəticə məni qane edir”.

Məmmədova növbəti hədəflərindən də danışıb: “Bundan sonrakı məqsədim gənclər arasında dünya çempionu olmaqdır. Ən əsası isə 2028-ci il Los-Anceles Olimpiadasına vəsiqə qazanıb ölkəmizi orada layiqincə təmsil etmək istəyirəm. Bu gün qazandığım nəticələr Olimpiadaya gedən yolun bir hissəsidir”.

Qeyd edək ki, Ruzanna Məmmədova ardıcıl ikinci dəfə gənclər arasında Avropa çempionu olub.

İdman.biz

Seçilən
21
50
idman.biz

10Mənbələr