Zaqatalada minik avtomobilləri toquşub, ölən və xəsarət alanlar var.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Zaqatala- Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.
Zaqatala şəhər sakini 40 yaşlı Fəryad Fərhad oglu İbrahimov idarə etdyi “KİA” markalı minik avtomobili ilə Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarında dayanan “VAZ 2106” markalı minik avtomobilinə çırpılıb. Hadisə zamanı VAZ 2106 markalı minik avtomobilinin arxasında olan maşının sahibi, rayonun Muğanlı kənd sakini Hüseyin Musa oğlu Musayev aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. KİA markalı avtomobilin sürücüsü Fəryad İbrahimov, onun avtomobilində sərnişin qismində olan oğlu 13 yaşlı Fərhad İbrahimov və daha bir nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdiriliblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, Zaqatala rayonunun Muğanlı kəndi ərazisində Fəryad İbrahimovun idarə etdiyi “KIA” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarında dayanan “VAZ-2106”ya çırpılıb. Nəticədə nəqliyyat vasitəsinin yanında dayanan “VAZ-2106”nın sürücüsü, 1966-cı il təvəllüdlü Hüseyn Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Həmçinin sonuncu avtomobildəki sərnişin, 1977-ci il təvəllüdlü Xalidə Əliyeva, “KIA”-nın sürücüsü Fəryad İbrahimov və 13 yaşlı oğlu da hadisə zamanı xəsarət alıb.
Zaqatalada baş verən ölümlə nəticələnən qəza ilə bağlı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.