Təbriz Musayev: “Bütün bunlar Ermənistana verilən bir mesajdır”
Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə çıxışı zamanı deyib ki, Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin olunması da böyük əhəmiyyət kəsb edir:
“Keçən ay İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş Nazirlər Şurasında Ermənistandan zorla didərgin salınmış azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən qətnamənin bütün 57 üzv ölkənin yekdil qərarı ilə qəbul olunmasını yüksək qiymətləndiririk. Bu qətnamə ilə yanaşı, Nazirlər Şurasının yekunlarına dair “İstanbul Bəyannaməsi”ndə indiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların geri qayıdış hüququ təsdiqlənir və Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqu rədd etməsi qınanılır. Qərbi azərbaycanlıların Ermənistandakı öz dədə-baba torpağına sülh yolu ilə qayıdışının təmin edilməsi sahəsində səylər bundan sonra da davam etdiriləcək”.
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev hesab edir ki, Qərbi azərbaycanlıların qayıdış məsələsinin beynəlxalq təşkilatların müstəvisinə çıxarılması önəmli hadisədir: “Həqiqətən də Qərbi Azərbaycandan olan soydaşlarımızın qayıdış hüququnun İƏT tərəfindən dəstəklənməsi önəmli məqamdır. Çünki İƏT sıradan bir təşkilat deyil. 57 müsəlman ölkəni özündə birləşdirən bir nüfuzlu qurumdur. Belə bir təşkilatın Qərbi azərbaycanlıların qayıdış hüququnu dəstəkləməsi Ermənistana bir mesajdır. Çünki nəzərə almaq lazımdır ki, dünyada 200-ə qədər müstəqil dövlət var. Onlardan 57-si müsəlman dövlətdir və əhalinin sayına görə ciddi çəkiyə malikdir. Düzdür, biz demirik ki, bundan sonra hər şey asan olacaq. Ancaq beynəlxalq müstəvidə belə dəstəyin təmin edilməsi ümidverici bir başlanğıcdır. O baxımdan, Azərbaycanın təmsil olunduğu digər beynəlxalq təşkilat və platformalarda da Qərbi azərbaycanlıların qayıdışına dəstək təmin edilməlidir. Yəni həmin qurumların gündəliyinə də bu məsələ daxil edilməlidir. Məsələn, Qoşulmama Hərəkatında da bu cür dəstək əldə edə bilsək, hesab edirəm ki, bu, növbəti uğur olacaq və digər müsbət nəticələrə təkan verəcək. Bunun üçün kifayət qədər əsaslar da var. Məsələ ondadır ki, Azərbaycan 30 illik Ermənistan işğalına son qoyaraq Qarabağ və Şərqi Zəngəzuru azad etdi. Bu, olduqca analoqu olmayan böyük qələbə idi. Deməyim odur ki, bu, imkan verir ki, Azərbaycan bütün gücünü Qərbi Azərbaycandan olan soydaşlarımızın geri dönməsinə yönəltsin. Qalib ölkə olaraq bunu reallaşdırmaq, müxtəlif beynəlxalq platformaların gündəliyinə daxil etmək imkanlarımız daha böyükdür. Hesab edirəm ki, İƏT-də əldə etdiyimiz uğurdan çıxış edərək bu istiqamətdə səylərimizi artırmalıyıq”.
Vidadi ORDAHALLI