Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ildə 1-5 yaşlı uşaqların sayı 609 min, məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların sayı 232 800 nəfər olub. Bu 2024-cü ildəki uşaq sayının 38.2 %-dir.
Bu barədə Day.Az-ın sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 2024-2025-ci tədris ilində ölkə üzrə 5 yaşlı uşaqların 87 %-i məktəbəhazırlıq təhsili ilə əhatə olunub.
Eyni zamanda, dövlət büdcəsinin vəsaiti hesabına 3 167 ümumi təhsil müəssisəsində təşkil olunmuş 6 minədək məktəbəhazırlıq qrupunda 91 200-dək 5 yaşlı uşaq təhsil alıb, 1 675 dövlət və 162 özəl məktəbəqədər təhsil müəssisəsində ümumilikdə 117 500-dək uşaq məktəbəqədər təhsilə cəlb olunub.
Qeyd edilib ki, bununla yanaşı, alternativ məktəbəqədər təhsil modelləri kimi fəaliyyət göstərən icma əsaslı və ailə tipli məktəbəqədər təlim qruplarında iştirak və dövlət-özəl tərəfdaşlıq modelinin tətbiqi vasitəsilə 5 yaşlıların məktəbəhazırlıq təhsilinə əlçatanlığı artırılıb.