AZ

Xankəndidəki sammit Azərbaycan diplomatiyasının necə çevik və sistemli şəkildə işlədiyini göstərdi - Azər Qarayev

Uzun illər işğal altında olmuş Xankəndi şəhəri bu dəfə region ölkələrinin liderlərini qəbul etdi. İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün burada keçirilməsi sadəcə diplomatik toplantı deyildi - bu, həm də Azərbaycanın, dövlət başçımızın güclü mesajı idi - Qarabağ azaddır, inkişaf yolundadır və beynəlxalq əməkdaşlığın tamhüquqlu mərkəzidir.

Day.Az bildirir ki, bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

"Azərbaycanın təşəbbüsü və ev sahibliyi ilə baş tutan sammit həm siyasi, həm iqtisadi, həm də simvolik baxımdan mühüm məqam idi. 30 ilə yaxın işğal altında qalan, dağıdılan və viran qoyulan Qarabağda beynəlxalq tədbirin keçirilməsi regionda reallıqların dəyişdiyini, Azərbaycanın iradəsinin nəticə verdiyini və ölkənin regional liderlik rolunu göstərir. Sammitin məhz Xankəndidə keçirilməsi isə təsadüfi deyildi. Prezident İlham Əliyev öz çıxışında bu seçimin arxasındakı strateji və mənəvi səbəbləri aydın şəkildə izah etdi. O bildirdi ki, şəhər uzun illər Ermənistanın qeyri-qanuni nəzarətində olub, əhalisi etnik təmizləməyə məruz qalıb, mədəni və dini irs dağıdılıb. 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra isə bu ərazilərdə bərpa və yenidənqurma prosesi başladı.

Məhz buna görə Xankəndi - bir vaxtlar separatizmin mərkəzi kimi tanınan şəhər - bu gün beynəlxalq diplomatiyanın ünvanına çevrildi. Bu, həm Azərbaycan xalqı, həm də region ölkələri üçün "keçmişdən gələcəyə körpü" deməkdir", - o bildirib.

Onun sözlərinə görə, sammitdə İran, Pakistan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Qazaxıstan, Türkiyə və digər ölkələrin yüksək səviyyəli liderləri iştirak etdi.

"Bu, Azərbaycanın beynəlxalq nüfuzunun bariz göstəricisi idi. Liderlərin Xankəndiyə gəlməsi bir daha sübut etdi ki, artıq heç bir qüvvə Azərbaycan ərazilərində qanunsuz rejimlər qurmaq, etnik separatizmi stimullaşdırmaq və regional stabilliyi pozmaq gücündə deyil. Burada keçirilən sammit təkcə ECO ölkələrinin birliyini nümayiş etdirmədi, eyni zamanda, Azərbaycan diplomatiyasının necə çevik və sistemli şəkildə işlədiyini də göstərdi. Liderlərin bir araya gəldiyi bu məkanda regional əməkdaşlıq, iqtisadi inteqrasiya, enerji təhlükəsizliyi və iqlim dəyişikliyi kimi önəmli məsələlər müzakirə olundu", - o bildirib.

A.Qarayev qeyd edib ki, Prezident İlham Əliyev tədbirdə çıxışı zamanı Ermənistanın Azərbaycan ərazilərinin bir hissəsini işğal etdiyi dönəmlərdə burada törədilən vəhşiliklərdən, şəhərlərin dağıdılmasından söz açdı.

"Dövlət başçısı Qarabağın keçmişi və bu gününü göstərdi. Azərbaycan ərazilərinin təxminən 20 faizini 30 ilə yaxın işğal altında qalsa da, 2020-ci ildə Azərbaycan Ordusu cəmi 44 gün ərzində 30 illik həsrəti tamamilə bitirdi. Hazırda isə işğaldan azad edilmiş bütün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, region bir neçə il ərzində onilliklərin inkişaf yolunu keçir. Artıq bu ərazilərə keçmiş məcburi köçkünlər qayıdır, öz doğma yurdlarında yaşayırlar. Prezident İlham Əliyevin də dediyi kimi, bu günə qədər 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışını təmin edilib, hazırda azad edilmiş ərazilərdə 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır. Həmçinin, dövlət başçısı Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların geri qayıdış hüququna da toxundu. Ermənistan Qərbi Azərbaycan İcması ilə dialoq istəmir, dialoqu rədd edir. Lakin bu məsələ yekunda həll edilməlidir, buna görə də Qərbi azərbaycanlıların Ermənistandakı öz dədə-baba torpağına qayıdışı üçün səylər bundan sonra da davam etdiriləcək. Prezident İlham Əliyevhəmçinin Azərbaycandakı investisiya iqliminə, nəqliyyat dəhlizləri məsələsinə, energetika və digər sahələrdə əməkdaşlığa da xüsusi qeyd etdi", - o bildirib.

Politoloq vurğulayıb ki, Zirvə görüşündə daha bir mühüm qərar - Şuşanın 2026-cı ildə ECO-nun turizm paytaxtı elan edilməsi oldu. Bu qərar Qarabağın yalnız siyasi yox, həm də iqtisadi və mədəni baxımdan reabilitasiya olunduğunu sübut edir.

Onun sözlərinə görə, tədbirdə iştirak edən liderlər də tədbirin Xankəndidə keçirilməsinin önəmini qeyd etdi.

"Qırğızıstan Prezidenti Sadır Japarov görüşün Azərbaycanın Qarabağ bölgəsində yerləşən, sülh rəmzi olan tarixi Xankəndi şəhərində keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğuladı. Rəcəb Tayyib Ərdoğan, öz növbəsində, tədbirin işğaldan azad edilmiş bir şəhərdə - Xankəndidə keçirilməsinin Zirvə görüşünü xüsusi bir əhəmiyyət və məna qazandırdığını qeyd edi. Qazaxıstan baş naziri də bu məsələyə toxunaraq, Zirvə görüşünün Xankəndidə keçirilməsinin Azərbaycanın sülh və inkişafa dəstəyini ifadə etdiyini söylədi. Digər liderlər də bunu xüsusi qeyd edərək, dünyaya Azərbaycanın sülhün tərəfdarı olduğunun, bu ərazilərin tarixən Azərbaycan ərazisi olduğunun açıq mesajını verdilər", - o bildirib.

A.Qarayev qeyd edib ki, İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşü Azərbaycanın ev sahibliyi etdiyi tədbirlər sırasında xüsusi yer tutur.

"Bu tədbir bir neçə istiqamətdə önəm daşıyır. Birincisi, bu, Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq səviyyədə tanındığı və qəbul edildiyi göstərir, və bir çox liderin səfəri ilə bütün dünyaya bunu nümayiş etdirir. İkinci, regional nəqliyyat, enerji və ticarət məsələlərində Azərbaycanın liderlik rolunu, ölkəmizin bütün regionun rifahı naminə atdığı addımlarını və səylərini növbəti dəfə ortaya qoyur. Üçüncüsü isə Azərbaycanın keçmişin ağrılarını unutmadığını və eyni zamanda gələcəyə baxdığını nümayiş etdirildi. Xankəndi bu gündən etibarən yalnız azad olunmuş şəhər deyil - o, həm də regional əməkdaşlıq üçün yeni platformadır. Burada keçirilən zirvə göstərdi ki, Azərbaycan təkcə sülh istəyən deyil, həm də onu təşkil edə bilən, regional proseslərə yön verən dövlətə çevrilib", - A.Qarayev əlavə edib.

Seçilən
12
50
day.az

10Mənbələr