AZ

Bu gün Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 23 ili tamam olur

5 iyul 2002-ci ildə Prezident Heydər Əliyevin fərmanı ilə Azərbaycan dövləti ilə xaricdəki soydaşlarımızla əlaqələri tənzimləyəcək qurum - Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılıb. Prezident İlham Əliyevin 2008-ci il 19 noyabr fərmanı ilə Diaspora ilə İş üzrə Dövlət Komitəsinə çevrilib.

1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi digər sahələrdə olduğu kimi, diaspor quruculuğu işində də əsaslı dönüş yaratmışdır. Belə ki, 2001-ci ilin may ayınn 23-də Ulu Öndər  Heydər Əliyev Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında Sərəncam imzalamışdır. Həmin ilin noyabr ayının 9-u və 10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı Azərbaycan tarixinə böyük bir prosesin başlanğıcı kimi daxil olmuşdur. Qeyd edək ki, bu tədbirdə 36 ölkədən 200-dən çox müxtəlif təşkilatı təmsil edən 406 nümayəndə və 63 qonaq iştirak etmişdir. Bununla da xaricdə yaşayan soydaşlarımızın milli ideologiyamız olan Azərbaycançılıq ideyası ətrafında birlik və həmrəyliyinin əsası qoyulmuşdur. 

2002-ci ilin 5 iyulunda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev «Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında» Fərman imzalamışdır. Bu Fərman Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsində, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təminatıda müstəsna rol oynamışdır. Prezident İlham Əliyevin 2008-ci il 19 noyabr fərmanı ilə bu təşkilat Diaspora ilə İş üzrə Dövlət Komitəsinə çevrilmişdir.

Qeyd edək ki, Dünya Azərbaycanlılarının V Qurultayı 2022-ci il aprel ayında Şuşada keçirilib. Bu qurultay sayəsində başqa ölkələrdən olan soydalarımız tarixi torpaqlarımızı ziyarət etmək imkanı qazanıblar. 

Prezidenti İlham Əliyev Qurultayda çıxış edərkən demişdir ki, biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk: “Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə Zəfər adı xalqımıza çox yaraşır”. Dövlətimizin başçısı, həmçinin vurğulamışdır: ““Mən dəfələrlə, o cümlədən birinci Qurultaydan sonra keçirilmiş Dünya Azərbaycanlılarının qurultaylarında çıxış edərkən deyirdim ki, biz heç vaxt bu işğalla barışmayacağıq, nəyin bahasına olursa-olsun öz dədə-baba torpaqlarımızı işğaldan azad edəcəyik”.

Müzəffər Ali Baş Komandan dünya azərbaycanlılarını ana dilini unutmamağa, Azərbaycan tarixini və mədəniyyətini öyrənməyə, Azərbaycan həqiqətlərini dost xalqların diasporları ilə birlikdə təbliğ etməyə çağırıb. Bu gün bütün dünyada Azərbaycanın diaspor təşkilatları bu çağırış əsasında fəaliyyət göstərirlər. Yeri gəlmişkən qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun bu ilin iyun ayında Belçikadakı Azərbaycan icması ilə görüşündə xaricdəki azərbaycanlıların ölkəmizin tarixi Qələbəsindən sonra informasiya müharibəsi, diplomatik təşəbbüslər və lobbiçilik sahəsində kifayət qədər fəallaşdığını, keyfiyyətli fəaliyyət ortaya qoyduqlarını qeyd edib. Şübhəsiz, bu da Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü və uğurlu diaspor siyasətinin xaricdəki Azərbaycan icmalarının fəaliyyətində öz əksini tapdığını bir daha təsdiqləyir.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Seçilən
11
50
ikisahil.az

10Mənbələr