“Türkiyə həm Azərbaycan, həm də Rusiya ilə dərin diplomatik və strateji əlaqələri olan ölkədir. Biz gərginliyi diqqətlə izləyirik və hər iki ölkəni təmkinli olmağa çağırırıq”.
Oxu.Az “Haber Global”a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.
“Diplomatik gərginliyi azaldacaq bəyanatlarla məsələnin daha asan və əsaslı şəkildə həll olunacağına inanırıq. Ümid edirəm ki, iki ölkə arasındakı neqativ hallar ən qısa zamanda sona çatacaq”, – deyə R.T.Ərdoğan qeyd edib.
Türkiyə lideri bu məsələni Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə müzakirə etdiyini də bildirib:
“İlham Əliyev çox diqqətli və tədbirli addımlar atır. O, bu məsələni gərginləşdirməyin tərəfdarı deyil”.
Xatırladaq ki, iyunun 27-si səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Yekaterinburqda azərbaycanlıların yaşadığı evlərdə əməliyyat keçirib. Əməliyyat zamanı iki nəfər öldürülüb, bir neçə nəfər isə xəsarət alıb. Həlak olan şəxslərin tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşları – Hüseyn və Ziyəddin – olduğu bildirilir.
Onların nəşləri iyunun 30-da Bakıya gətirilib, ekspertiza olunub və iyulun 1-də Ağcabədidə dəfn edilib.